Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Almaniyanın Şvelm şəhərində boks turniri təşkil olunub.
“Stolz Fight Club”, Diaspora Boks Liqası, Berlin Azərbaycan Evinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən yarışlar, eyni zamanda, dünyada yeni yaradılmış SFC Hibrid Kombat Döyüş Federasiyasının ilk açıq turniri kimi yadda qalıb.
Gərgin idman mübarizəsinin yaşandığı turnirdə müxtəlif klubları təmsil edən 50 idmançı 10 çəki dərəcəsində yarışıb. Azərbaycan idmançıları da yarışlarda uğurla çıxış ediblər. Ramal Abdullayev (64 kq), Alay Qurbanov (70 kq) və Azər Soltanov (73 kq) qarşılaşmaları qələbə ilə başa vuraraq qalib adını qazanıblar. Anar Ağayev (67 kq) qarşılaşmanı bərabərliklə başa vurub. Eləcə də 80 kiloqram çəki dərəcəsində yarışan Renat Məmişov və 91 kiloqramda mübarizə aparan Azər Ağayev rəqiblərinin döyüşdən imtina etməsi ilə əlaqədar qalib elan olunublar.
Bu turnir idman yarışı ilə yanaşı, xalqlar arasında dostluğun möhkəmləndirilməsi, müxtəlif ölkələrdən olan idmançılar arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin yaradılması baxımından əhəmiyyət daşıyıb. Xaricdə yaşayan azərbaycanlı idmançıların belə yarışlarda fəal iştirakı onların yaşadıqları cəmiyyətlərdə Azərbaycanın uğurlu təbliğinə, gənclərin idmana və sağlam həyat tərzinə cəlb olunmasına mühüm töhfə verir.
Qabil YUSİFOĞLUXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.