ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Masallı rayonunda iki qardaş arasında ata mülkü üstündə yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1976-cı il təvəllüdlü Əfqan kəndarası avtomobil yolunun kənarında qardaşı Mehman (adlar şərtidir – red.) ilə uzun müddətdir ata mülkünün bölünməsi ilə bağlı aralarında mövcud olan narazılığa görə mübahisə edib.Mübahisə zamanı o, ağac parçası ilə qardaşının baş, əl və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Əfqan ifadəsində göstərib ki, hadisə günü mal-qaranı örüş sahəsindən gətirmək üçün gedib: “Yolda xəstə qardaşım ilə təsadüfən rastlaşdım. Bu zaman məlum hadisə baş verdi. Aramızda əvvəllərdə mülklə bağlı mübahisələrimiz olub. Bundan əvvəl onlar iki qardaş məni döyüblər. İki ildir aramızda mübahisələrimiz var. Dəfələrlə münaqişələrimiz olub. Uşağını döyüb, barışmışıq”. Təqsirləndirilən şəxs deyib ki, himayəsində ikisi azyaşlı olmaqla dörd uşağı var. O, əməlindən peşman olduğunu, birdə belə hallara yol verməyəcəyini deyib. Məhkəmədən barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib.Zərərçəkmiş Mehman ifadəsində göstərib ki, 2021-ci ildə həbsxanadan buraxıldıqdan sonra ata yurdunda yas məclisinə gedib:“Bir neçə bacım və qardaşımın həmin məclisdə olmadığını gördüm. Məsələni öyrəndim ki, Əfqan onları həyətdən qovub. Bununla bağlı etirazımı bildirdim. Etirazımı bildirdikdən sonra Əfqan mənimlə mübahisə etməyə başladı. Həmin vaxt qohum-əqrəba orada olub. Əfqan bacı və qardaşlarımın ünvanına xoşa gəlməyən təhqiramiz söyüşlər söyməyə başladı. Mən də ona bir şillə vurdum”. Zərərçəkmiş bildirib ki, Əfqan baş vermiş olayla bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vurub: “Polis şöbəsində mənə həmin həyətə girməməyimi, məhkəməyə müraciət edərək mülkiyətimi əldə etməyimi dedilər. Mən də məhkəməyə müraciət etdim. Bu mübahisələrimiz davam etdi”. Mehmanın sözlərinə görə, hazırkı hadisəyə gəlincə, Əfqan həmişə ondan ehtiyat edib:“Çünki Əfqanın artıq-əskik hərəkətləri olub. Mən də onu tənbeh edirdim ki, birdə belə hallara yol verməsin, qohum-əqrəbaya söyüşlər söyməsin. Həmdə bir neçə dəfə Əfqanı vurmuşam ki, pis hərəkətləri etməsin. Həmin günü maşından düşərək üzü evə tərəf getdiyim zaman birdə ayıldım ki, özümdən getmiş halda yerdə uzanmışam, huşsuz olmuşam. Əlimin, başımın qan içində olduğunu gördüm. Şok vəziyyətdə oldum. Bacısı oğlu həyətdən çıxaraq olduğum tərəfə gəldiyi zaman sən demə Əfqan arxada mənə zərbələr endiririb. Bacım oğlu məni xəstəxanaya çatdırıb. Xəstəxanada mənə ilkin tibbi yardım göstərdilər, əlimə tikiş vurdular. Səhəri gün polis bizi çağıraraq izahatlarımızı aldı”.Zərərçəkmiş qardaşı Əfqanın ona və digər ailə üzvlərinə qarşı etdiyi bu kimi hərəkətlərinə son qoymasını istəyib. O deyib ki, əgər Əfqan onunla barışmaq istəmirsə, oda onunla barışmayacaq.Masallı Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.