RU

Yağışdan sonra sürüşmə təhlükəsi: yol kənarında qəbirlər qazılır

İntensiv yağıntılar torpaq sürüşməsi ehtimallarını da artırır. Bakının bir çox əraziləri sürüşməyə meyllidir. Bayıl, Badamdar, Zığ, Əhmədli, Günəşli… Təəssüf ki, bəzi məmurlar yağıntının şəhərdə hansı fəsadlar törədə biləcəyini, vətəndaşlara nə kimi zərər vurula biləcəyini veclərinə almadıqları kimi, sürüşmə zonaları ilə bağlı da təhlükəni diqqətə almırlar. Paytaxtın Suraxanı rayonu, Babək prospekti, Şahmar Səfərov küçəsi (Qaraçuxur qəsəbəsi) boyunca vaxtilə salınmış qəbirstanlığın qarşısına bir neçə il əvvəl beton səd çəkildi. Bunu torpaq sürüşməsi təhlükəsinin qarşısının alınması məqsədilə edildiyi bildirilirdi. Lakin tikinti aparılan günlərdə də, yerli sakinlər, hətta ərazidə hərəkət edən avtobusların sürücüləri deyirdi ki, bu yolda beton sədd sürüşmə təhlükəsini önləmək məqsədilə deyil, qəbirstanlığın ərazisini genişləndirmək üçün çəkilir. Yol daralır, tıxac qaçılmaz olacaq. Elə də oldu. Beton səddən əvvəl 2 avtomobil yanaşı hərəkət edə bilirdisə, hazırda avtomobillər bir-bir keçir. Bu da, xüsusən “ças-pik” vaxtında tıxaca səbəb olur. Buna da bir təhər dözmık olardı. Əgər proqnozlar tamamilə doğru çıxmasaydı. Necə deyərlər, “xoruzun quyruğu görünür” artıq. Beton səddin o biri üzünün xeyli müddətdir torpaqla doldurulması prosesi gedir. Üstəlik, doldurulmuş sahələr qəbir yerləri üçün ayrılır. Ərazidə çəkilmiş fotolardan da görünür ki, ərazidə “naves”li yeni qəbir var. Və beton sədd boyunca ərazinin doldurulmasına başlanılıb. Sözsüz ki, ərazi qəbir yerləri üçün hissə-hissə satılır. Bəs bu sədd sürüşmənin qarşını almaq üçün çəkilməmişdi, nə oldu, indi yenidən tökmə torpaqla doldurulur? Məlumdur ki, səddin arxasının doldurulması və qəbir yerlərinin qazılması təhlükəli vəziyyətin yaranmasına səbəb olacaq. Ərazi dolduqca səddə ağırlıq düşəcək və bir gün yenə sürüşmə təhlükəsi yarana bilər.

Ərazidəki vətəndaşla söhbət zamanı dedi ki, xeyr, burda qəbir qazamağa icazə verilmir, məhz sürüşmə təhlükəsinə görə. Amma göz gördüyünə inanar, təzə qəbir var. Qəbir qazılandan, hansısa mərhum orada dəfn ediləndən sonra fikirləşiblər təhlükə olar və daha icazə vermirlər?!. Qiymətə gəlincə isə, Qaraçuxur qəbirstanlığında demək olar qəbir yeri qalmasa da, hər halda yüksək məbləğ ödəyənlərə yer tapılır. Əldə etdiyimiz məlumata görə, burada qəbir yerinin qiyməti 8 min manatdan başlayır.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar TofiqliDoğru.az”a açıqlamasında bildirdi ki, problem qəbirstanlıq ərazilərinin hələ də bələdiyyələrə tam olaraq təhvil verilməməsindədir:

– “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” ilə qəbir yerlərinin ayrılması proseduru müəyyənləşib. Qaydalara əsasən, qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla, seksiyalara ayrılmalıdır və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilməlidir. Azərbaycan vətəndaşlarının, eləcə də kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır. Bundan başqa, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Yəni şəxsin ölümündən əvvəl onun üçün məzar yerinin əldə olunması qaydalara ziddir. Qaydalara görə, qonşu qəbir yerinin rezervasiyasına dəfn edilmiş şəxsin yalnız ər və ya arvadına, onların yazılı müraciəti əsasında icazə verilir. Qısaca desək, qəbirstanlıqlarda yer pulsuzdur. Yəni, pulsuz, ödənişsiz olmalıdır. Amma bilirik ki, qəbir yerləri vətəndaşlara pulla satılır. Bu da vətəndaşlara maddi baxımdan ciddi çətinlik yaradır. Qəbirstanlıqlar tam olaraq bələdiyyələrin balansına verilsə, bu problem həllini tapacaq.

V.Tofiqli qeyd etdi ki, Milli Məclisdə aparılan geniş müzakirələrdən sonra nəhayət 2018-ci ildən bələdiyyələrə qəbiristanlıqların təşkili və müəyyən xidmətlərin göstərilməsi həvalə edildi. Lakin bu prosesin icrası 3 ay ərzində başa çatdırılmalı olduğu halda bu günə kimi proses başa çatdırılmayıb. Burada müəyyən problemlər var. Bakıda rəsmi şəkildə fəaliyyətdə olan qəbirstanlıqların sayı 31-dir. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti müfaviq olaraq, qanunvericilik çərçivəsində bələdiyyələrə öz balansında olan 31 qəbirstanlığın 23-nü artıq təhvil verib. Lakin təhvil verilən qəbirstanlıqlar doludur. Hansı qəbirstanlıqlardakı boş ərazilər var, onlar bələdiyyələrə təhvil verilməyib. Məsələ bu gün də həll olunmamış qalır. Qəbirstanlıq ərazilərə bələdiyyələrə tam olaraq təhvil verilsə, əhalinin bu məsələdə sıxıntısı aradan qalxar. Bələdiyyələr səlahiyyətləri çərçivəsində məsələni həll edərlər, doğması, yaxın qohumu vəfat edən şəxs də qəbir yeri tapmaq üçün əziyyət çəkməz.

Məlahət Rzayeva

DOĞRU.AZ 

image-img-20260401-wa0169 image-img-20260401-wa0168 image-img-20260401-wa0167

Избранный
23
1
dogru.az

2Источники