RU

Azərbaycan nefti bahalaşır: Hansı sahələrə vəsait ayrıla bilər?

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Azərbaycan neft bazarında stabil qiymətlərdə və eyni zamanda volatilliyin olmamasından maraqlı ölkədir. Stabil qiymətlər Azərbaycanın iqtisadi maraqlarına daha uyğundur".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Hörmüz boğazındakı çətinliklər və enerji məhsullarının daşınması ilə bağlı müşahidə edilən problemlər neftin dünya bazar qiymətinə təsir göstərməkdədir:

"Bu, Azərbaycana daxil olan valyutanın həcminə və enerji ixracatının dəyərinin artmasına gətirib çıxarır. 2026-cı ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 65 dollar nəzərdə tutulub. "Brent" markalı neftin 1 barelinin qiyməti yanvar ayında təxmini 63, fevralda isə 67 dollar olub. Bu ondan xəbər verir ki, İran müharibəsi başlayanadək dünya bazarında neftin qiyməti Azərbaycan dövlət büdcəsindəki nəzərdə tutulan qiymətə yaxın olub. Sözsüz ki, İran müharibəsi neftin dünya bazar qiymətində kəskin artımlara səbəb oldu. 2026-cı il Azərbaycan dövlət büdcəsinin gəlirlərinin 43 faizinin və ya 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bunun 12,8 milyard manatı Dövlət Neft Fondunun transferləri, 3,6 milyard manatı isə birbaşa neft sektorundan büdcəyə daxilolmalardır. 

Bu isə ondan xəbər verir ki, neftin dünya bazar qiymətindəki artımlar Dövlət Neft Fondunun gəlirlərinin və Azərbaycanın valyuta ehtiyatlarının artmasına gətirib çıxaracaq. Digər tərəfdən isə neft-qaz sektorundan büdcəyə daxil olan vəsaitlərin həcmini artıracaq. Bu da fiskal gəlirlərimizin artması baxımından vacibdir. Yüksək qiymətlər ixrac dəyərini artırmaqla, ölkəyə daha çox valyutanın daxil olmasına, tədiyyə balansındakı müsbət saldonun möhkəmlənəsinə, eyni zamanda Dövlət Neft Fondunun gəlirlərinin artması hesabına valyuta ehtiyatlarımızın çoxalmasına gətirib çıxaracaq".

Deputat qeyd edib ki, hələlik 2026-cı ilin dövlət büdcəsinə dəyişiklik olub-olmaması ilə bağlı rəsmi açıqlama yoxdur: "Bu ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi hökumət tərəfindən təqdim olunarsa, o zaman hansı istiqamətlərə daha çox vəsaitin ayrılması imkanları müzakirə edilə bilər".

Anar Kəlbiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
unikal.az

2Источники