ain.az, Sia Az portalına istinadən məlumat verir.
"Qeyri-neft sektorunun inkişafı dövlətimiz üçün hər zaman prioritet məsələdir".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, bu səbəbdən dövlət özəl sektorun inkişafı istiqamətində daim dəstəyini göstərir, eyni zamanda işsizliyin aradan qaldırılması məqsədilə dövlət sektorunda da yeni iş yerləri yaradılır: "Düşünürəm ki, güclü iqtisadiyyat üçün özəl sahibkarlıq subyektlərinin yaradılması daha məqsədəuyğundur. Dövlət sektorundan tamamilə asılı qalmaq adambaşına düşən gəlirin də aşağı olması deməkdir.
Hər kəs dövlətdən maaş alırsa, ticarət dövriyyəsi yoxdursa, vergi ödəyənlər yoxdursa və yalnız cərimələr mövcuddursa, bu artıq sağlam iqtisadi mühit hesab edilə bilməz. Hazır əmək haqqının böyük bir hissəsi cərimələrə, rüsumlara və alış vergilərinə yönəlirsə, bu da iqtisadi balansın pozulduğunu göstərir.
Vətəndaşlar baxımından mövzuya yanaşdıqda, onlar üçün sistemli mühitin formalaşdırılması vacibdir. Çünki özəl sektorun bir hissəsində istismar halları müşahidə olunur və ali təhsili olmayan şəxslər bu hallara daha çox məruz qalırlar.
Bu səbəbdən hesab edirəm ki, daha sərt qanunlar tətbiq olunmalı və sistem dövlət sektorundakı kimi daha nizamlı qurulmalıdır. Sahibkarın işçiyə münasibətində balansın pozulması, nəticə etibarilə vətəndaşın ölkəni tərk etməsinə gətirib çıxarır.
Bu isə gələcəkdə ölkə iqtisadiyyatı üçün daha ciddi fəsadlar yarada bilər. Müasir dövrdə sosial şəbəkələr vasitəsilə vətəndaşlar müəyyən qədər maariflənir, əmək hüquqlarını öyrənə bilirlər. Əvvəlki illərlə müqayisədə vəziyyət müəyyən qədər yaxşılaşsa da, bu sahədə hələ də ciddi problemlər qalmaqdadır".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.