RU

Azərbaycan üçün həssas məsələ Prezident də dəfələrlə deyib ki...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə və zəngin mədəni irsə malik olan xalqlardandır. Tarixi boyunca Azərbaycan həm siyasi, həm də mədəni sahədə özünəməxsus xüsusiyyətlərini qoruyub saxlaya bilmiş, xalqın milli kimliyi və dövlətçilik prinsipləri nəsildən-nəsilə ötürülmüşdür. Bir dövlətin dünya miqyasında tanınması və nüfuz qazanması üçün onun qədim adət-ənənələrinin, elm və milli mədəniyyətinin qorunması, inkişaf etdirilməsi və beynəlxalq ictimaiyyətdə təbliğ olunması son dərəcə vacibdir.

Ümummilli Lider Heydər Əliyev də qeyd edirdi ki, milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir. Bu fikirlər milli irsin və mədəniyyətin qorunmasının nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Beləliklə, milli adət-ənənələr yalnız tarixi əhəmiyyət daşımır, eyni zamanda dövlətçiliyin və xalqın davamlılığının təminatçısıdır.

Bəs görəsən, müasir dövrdə biz öz milli adət-ənənələrimizi, dövlətçilik dəyərlərimizi, tarixi irsimizi, elmi və mədəni nailiyyətlərimizi qoruyub saxlaya bilirikmi?

Bu sual sadəcə nəzəri deyil, həm də praktik əhəmiyyət kəsb edir. Son illərdə ölkəmizdə dövlət və ictimai səviyyədə bir çox tədbirlər həyata keçirilmiş, milli dəyərlərin qorunması və təbliği istiqamətində ciddi addımlar atılmışdır. Tarixi abidələr, muzeylər, elmi-tədqiqat institutları, mədəniyyət mərkəzləri və müxtəlif festival və sərgilər bu məqsədi daşıyır.

Azərbaycan cəmiyyətinin və dövlətinin milli irsin qorunmasına verdiyi önəm, onu digər ölkələrdən fərqləndirən mühüm amillərdəndir. Xalqımızın, eləcə də dövlətimizin məqsədi yalnız keçmişi xatırlamaq deyil, həm də bu zəngin irsi gələcək nəsillərə çatdırmaqdır.

Beləliklə, milli adət və ənənələrin qorunması həm tarixi davamlılıq, həm də dövlətçilik və mədəni kimliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan həm öz mədəni irsini qoruyur, həm də onu dünyaya tanıdır: hər kəs bilsin ki, bu xalqın qədim tarixi, zəngin mədəniyyəti və elm sahəsində nailiyyətləri var.

“Keçmişini unutmaq, gələcəyi itirmək deməkdir” deyimi təsadüfi deyil. Tarix göstərir ki, milli kimliyini, vətəninin tarixini, mədəniyyətini və adət-ənənələrini qoruyan xalq həmişə güclü dövlət qurmağa və möhkəm dayaqlara sahib olur. Burada söhbət başqa millətləri alçaltmaqla özünü yuxarıda göstərmək istəyən, qeyri-sağlam ideologiyalara malik toplumlardan getmir. Həqiqi və böyük millət öz dövlətçilik ənənələrini, adət-ənənələrini, elmi və mədəni irsini təbliğ edərkən heç vaxt başqalarını kiçiltməyə çalışmaz, əksinə, dövlət, elm və mədəniyyət sahəsində müxtəlifliyə və əməkdaşlığa töhfə verməyə çalışır.

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, ölkəmiz dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biridir:

“Fikrimcə, bir xalqın dünyada özünə layiqli yer tutması üçün ən vacib məqamlardan biri milli kimliyini, adət-ənənələrini qoruyub saxlamasıdır. Bu baxımdan ölkəmizdə son onilliklərdə həm dövlət, həm də ictimai səviyyədə böyük işlər görülüb. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bu məsələyə toxunub, xalqımızın milli adət-ənənələrinin qorunmasının vacibliyini qeyd edib. O bildirib ki, müasir dünyaya inteqrasiya ilə yanaşı, milli kimliyimizin, adət-ənənələrimizin qorunması da daim diqqət mərkəzində saxlanılmalıdır. Sevindirici haldır ki, ictimai səviyyədə də bu məsələ daim diqqət mərkəzindədir. Xalqımız, geniş ictimai çevrələr özünəməxsus adətlərimizin qorunub saxlanılması istiqamətində fəallıq göstərərək bu işə öz töhfəsini verib”.

Elvin Baxşalızadə

Elvin Baxşalızadənin sözlərinə görə, tarixi irsimizin və mədəniyyətimizin qorunması sahəsində də dövlət səviyyəsində təqdirəlayiq işlər görülür:

“Dövlət bu məsələni daim diqqətdə saxlayır. Qloballaşan dünyada bir çox adət-ənənələrin, mədəni irslərin “aşınmaya” məruz qaldığını nəzərə alsaq, dövlətin bu məsələyə həssas yanaşmasını daha yaxşı başa düşmək olur. Bu baxımdan əminliklə demək olar ki, hazırda Azərbaycan dünya üzərində öz mədəni-tarixi irsini, adət-ənənələrini ən yaxşı qoruyan, onu gələcək nəsillərə ötürə bilən qabaqcıl ölkələrdən biridir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mövzu: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
globalinfo.az

1Источники