İstanbul, 2 aprel, AZƏRTAC
İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq artisti, bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunan təntənəli konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ərsəyə gətirilən proqram bəstəkarın müəllifi olduğu “Simfonik qravürlər” layihəsi çərçivəsində təşkil olunub.
Layihə müxtəlif əsərlərin vahid bədii konsepsiya əsasında təqdim olunduğu xüsusi musiqi silsiləsidir. Qravürlər kimi, hər bir əsər ayrı-ayrılıqda bir obraz və emosiyanı ifadə edir, birlikdə isə bütöv və zəngin musiqi mənzərəsi yaradır. Layihənin əsas xüsusiyyətlərindən biri proqramın hər təqdimatda yenilənməsidir. İstanbul konsertində bu silsilə çərçivəsində 14 əsər səsləndirilib və proqram bəstəkarın yaradıcılığının müxtəlif mərhələlərini əhatə edib.
Konsertdə simfonik əsərləri İstanbul Dövlət Opera və Balet Orkestri səsləndirib. Orkestri Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov idarə edib. Konsertdə dünyaşöhrətli tenor Yusif Eyvazov, soprano Hale Soner, eləcə də Türkiyənin ən məşhur və sevilən sənətçilərindən olan Levent Yüksel səhnəyə çıxıblar. Gecənin ən yaddaqalan məqamlarından biri bəstəkarın dünya miqyasında tanınan “Bayatılar” əsərinin səsləndirilməsi olub. Türkiyədə “Zalim” adı ilə məşhurlaşan bu əsər Levent Yükselin ifasında səslənərək gecənin kulminasiyasına çevrilib və tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraq tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü ifadə edib.
Eldar Mansurovun musiqisi, milli intonasiyalarla simfonik musiqinin vəhdəti İstanbul tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Konsert boyu zalda yüksək emosional ab-hava hökm sürüb, proqramın sonunda isə tamaşaçılar ifaçıları alqışlarla yenidən səhnəyə dəvət ediblər.
Bu konsert Eldar Mansurovun yaradıcılığına beynəlxalq marağın növbəti təsdiqi olmaqla yanaşı, Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən əlamətdar hadisə kimi yadda qalıb.
Tədbirdə Elm Yayma Vəqfinin sədri və Dünya Etnoidman Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, Azərbaycanın mədənəyyət nazirinin müavini Murad Hüseynov, Türkiyədə fəaliyyət göstərən dövlət qurumlarımızın nümayəndələri, o cümlədən Ankaradakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin ditektoru Samir Abbasov, səfirliyin müşaviri Füzuli Məcidli, İstanbuldakı baş konsulluğumuzun konsulu Zaur Allahverdizadə, eləcə də Türkiyənin və Azərbaycanın ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Simfonik qravürlər” layihəsi daha əvvəl Bakı, Budapeşt və Roma şəhərlərində təqdim
olunub və auditoriya tərəfindən böyük maraqla qarşılanıb.