RU

Azərbaycan və Çin birgə İnvestisiya Fondu yaradır

Yeni təsisatın prioritet iqtisadi sahələrdə sərmayələri təmin etməsi nəzərdə tutulur

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Xinbo ilə görüşündə Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi və iqtisadi əlaqələrin daha da inkişaf etdiyi vurğulanıb. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların və yaradılmış əlverişli investisiya mühitinin qeyri-neft-qaz sektoru və texnologiyalar sektorunun inkişafına verdiyi töhfələr, bu sahədə xarici investorlarla birgə icra olunan layihələrin əhəmiyyəti xatırladılıb. Sağlam biznes mühiti və təşviqləri sayəsində Çinin innovasiya şirkətlərinin Azərbaycana artan marağı fonunda əməkdaşlığın yeni istiqamətləri üzrə təşəbbüslər yüksək dəyərləndirilib. Si Xinbo birgə sərmayə planlarını daha da irəliyə aparmaq və innovasiya transfertlərinin çoxşaxəliliyini təmin etmək məqsədilə Azərbaycan İnvestisiya Holdinqi və İpək Yolu Fondu arasında birgə investisiya təsisatının yaradılması təklifini dəstəkləyib. Bildirib ki, İnvestisiya Fondu Azərbaycan-Çin iqtisadi əməkdaşlığını yüksək səviyyətə çatdırmaq, o cümlədən sənaye, enerji, maliyyə və digər prioritet sahələrdə investisiya layihələrinin həyata keçirilməsi və maliyyələşməsini təmin etmək baxımından dayanıqlı sərmayə institutuna çevrilə bilər.

Cənubi Qafqazda Çin sərmayələrinə ən çox cəlb edən dövlət

Azərbaycan və Çin arasında həm sərmayə, həm də ticari dövriyyə son illərdə dayanmadan artır və son 10 ildə ən yüksək səviyyəyə çatıb. Belə ki, 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dollar idisə, 2025-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20 faiz artaraq və 3,8 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Bu ticari balans dinamikası 2025-ci ilin yanvar-noyabr aylarında da artıb və əmtəə mübadiləsinin həcmi 4,2 milyard dolları ötüb. Beləliklə, Çin Cənubi Qafqazda Azərbaycanın birinci iqtisadi-ticari tərəfdaşı olmaqla bu bölgənin cəmi ticarət mübadiləsinin 70 faizə yaxınını Azərbaycanla həyata keçirir.

Çin, eyni zamanda, Cənubi Qafqazda ən çox sərmayələri Azərbaycana yönəldib. Asiya nəhənginin ölkəmizə yatırdığı investisiyaların həcmi 1 milyard dolları ötüb. Həmin sərmayələrdən başqa, Çin şirkətləri ölkəmizdə müxtəlif sahələrdə iri layihələr icra edib. Eyni zamanda, Azərbaycan özü də potensial sərmayədar dövlət kimi Asiyanın maliyyə sektorunda öz mövqeyini gücləndirir və Dövlət Neft Fondunun investisya portfelinin 2,2 milyard dolları Çinin maliyyə-investisiya sektorlarını əhatə etməkdədir. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir.

Göründüyü kimi, Çin aktiv investor kimi Azərbaycan iqtisadiyyatında mühüm yer tutmaqdadır. Bu ölkənin innovasiya və texnologiya şirkətləri ötən illər ərzində Azərbaycanın sənaye, energetika, rabitə, aqrar-sənaye sahələrində iri layihələrdə təmsil olunub. Torpaqlarımızın erməni işğalından azad edilməsindən sonra bu ərazilərdə təmsil olunan Çin şirkətlərinin də sayı kifayət qədər davamlı artıb. Çin şirkətləri işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirilməsi, inzibati və yaşayış binalarının avadanlıqlarla təchizatında fəal iştirak edir. Zəngilan, Ağdam və digər ərazilərdə inşa edilən infrastrukturlarda Çin texnologiyalarından geniş istifadə olunur.

“Yaşıl investisiyalar”da yeni dövr

Hazırda idxalda birinci, ümumi xarici ticarətdə Azərbaycanın 4-cü tərəfdaşı olan Çinlə daha intensiv iqtisadi mübadilə qapıları açılır. Eyni zamanda, Çində 6 Azərbaycan Ticarət Evinin fəaliyyəti ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixrac çeşidlərini artırmağa, eyni zamanda Çin kimi nəhəng bazardan digər coğrafiyalara ixracı şaxələndirməyə əlverişli fürsətlər yaradır. Həmçinin Çin şirkətləri investorlarla, Azərbaycanın “yaşıl enerji” bölməsinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışır. Eləcə də birbaşa fəal investor kimi çıxış edir. Çinin “PowerChina Resources Ltd” ölkəmizdə günəş elektrik stansiyası, eləcə də 2 QVt gücündə dənizdə külək enerjisi layihəsini həyata keçirməkdədir. “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzər dənizində külək enerjisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsinə başlanılıb. Müqaviləyə əsasən, minimum 2 QVt gücündə dənizdə külək elektrik stansiyasının tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur. Eləcə də “PowerChina Group” və  “SOCAR Green” ilə birgə fəaliyyət çərçivəsində Hacıqabul rayonunda günəş elektrik stansiyası inşa edilir.

Bakı və Pekin bölgənin iqtisadi xəritəsini dəyişir

Çinin qlobal rifaha və əməkdaşlığa açdığı transkontinental kommunikasiya olan “Bir kəmər, bir yol” təşəbbüsü də regional nəhəng investisiyaları təşviq edən layihədir. Bu təşəbbüsü açıq şəkildə dəstəkləyən və ilk qoşulan ölkələrdən biri kimi Azərbaycan yerləşdiyi geostrateji coğrafiyadabütün ölkələri kommunikativ bağlantılarda birləşdirir, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində vahid logistika ailəsi formalaşdırır. Sözsüz ki, bu qlobal nəqliyyat arteriyalarında əsas tərəfdaş olan Çinə arxalanan ölkəmiz bu nəhəng multimodal marşrut üzərində tranzit biznesini də inkişaf etdirməyi hədəfləyir. Bu strateji planların daha da sürətlənməsində sözsüz ki, birgə investisiyaların artırılmasını da tələb edir.

Strateji tərəfdaş ölkələr olan Azərbaycan və Çin yeni çağırışlar fonunda iqtisadi inkişafın müasir gündəliyini müəyyən edir, daha ambisiyalı inkişaf hədəflərini qarşıya qoyur. Rəsmi Pekin inkişafın yeni konsepti elan etdiyi 2035-ci il hədəflərinə əsasən, qlonal iqtisadiyyatda liderliyi ələ keçirmək istəyir. Bunun üçün region ölkələri ilə daha sıx ticari-investisiya bağlarını genişləndirməyi vacib hesab edir. Azərbaycan hökuməti də Çin dövləti kimi uzunmüddətli iqtisadi hədəflər elan edərək daha güclü iqtisadiyat quruculuğunu ali məqsədlərdən biri hesab edir.

Hər iki ölkənin ortamüddətli inkişaf hədəfləri də oxşardır

Azərbaycanın 2030-cu ilə dair prioritetlərinə əsasən, davamlı inkişafının təmin edilməsi, birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin daha da gücləndirilməsi, qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğuna nail olmaq üçün insan kapitalının və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, iqtisadi suverenliyin möhkəmləndirilməsi kimi hədəflər müəyyənləşdirilib.

Bu baxımdan regionun lider dövləti olan Azərbaycanla Asiya nəhəngi Çinin inkişaf yolu arasında oxşarlıq mövcuddur. Hər iki ölkənin iqtisadi ssenariləri də qarşıdakı illərdə birgə iqtisadi prioritetlərə uyğun fəaliyyət prinsiplərini icra etməyə imkan verir. Ötən il iki dövlət arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Haqqında Birgə Bəyannamənin əsas istiqamətlərindən biri qarşılıqlı sərmayə qoyuluşlarını artırmaq və bu sahədə investisiya təşviqi mexanizmlərini təkmilləşdirməkdir.  Yeri gəlmişkən,  ötən il Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb ki, bu sənəd də qarşılıqlı maliyyə və sərmayə təşviqlərinin artmasında əhəmiyyətli rol oynayacaq. Eləcə də İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumu sərmayə gündəliyini inkişaf etdirmək üçün strateji çərçivə hesab edilə bilər.

Beləliklə, iki dövlət arasında əldə edilmiş strateji sənədlər və prinsiplərdən irəli gələrək, yaradılması nəzərdə tutulan İnvestisiya Fondu daha geniş investisiya partnyorluğunun möhkəm hüquqi bazasına çevriləcək.

E.CƏFƏRLİ

Избранный
16
yeniazerbaycan.com

1Источники