RU

Aleksey Overçuk: Rusiya konstruktiv əməkdaşlığa görə Azərbaycana minnətdardır YENİLƏNİB

Moskva, 2 aprel, AZƏRTAC

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana daşınması bütün tərəflər üçün faydalıdır və yükdaşımalarının artmasına səbəb olacaq.

AZERTAG TASS-a istinadla xəbər verir ki, Overçuk Rusiya Dəmir Yollarının mütəxəssislərinin bir neçə gün ərzində Azərbaycan və Gürcüstan ərazisindən yükdaşıması barədə razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, bu kontekstdə 30 ildən sonra dəmir yolu ilə Ermənistana taxılın ilk daşınması Rusiyadan olub və hazırda gübrələr də daxil olmaqla daşımaların çeşidi genişlənir.

Baş nazirin müavini vurğulayıb ki, yeni tranzit formatı Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan üçün faydalıdır, çünki bu, əlavə gəlir mənbəyi yaradır və ölkələr arasında ticarəti, yükdaşımalarını asanlaşdırır.

O qeyd edib ki, Rusiya AİB üzv dövlətinin blokadasının açılmasında göstərdikləri konstruktiv və effektiv əməkdaşlığa görə Azərbaycan və Gürcüstana minnətdardır. Overçukun sözlərinə görə, Mərkəzi Asiya ölkələri və Çin regional logistika proseslərində iştirak edə bilər və Rusiya nəqliyyat layihələrinin effektiv şəkildə işləməsində maraqlıdır, habelə yükdaşıma marşrutlarının inkişafına mane olmaq niyyətində deyil.

Baş nazirin müavini hesab edir ki, Ermənistanın blokadadan çıxması, o cümlədən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin açılması Cənubi Qafqazın sülh şəraitində inkişafı üçün zəruridir.

Overçuk qeyd edib ki, Ermənistandan keçən potensial marşrutlar, o cümlədən modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də yol və dəmir yolu infrastrukturunun inkişaf etdirildiyi İrandan keçən alternativ dəhlizlər, həmçinin İran ərazisindən Azərbaycandan Naxçıvana keçən xəttin çəkilməsi layihəsi rəqabət şəraitində olacaq. O, yük axınının əhəmiyyətli bir hissəsinin İrandan keçən marşrutlara üstünlük verə biləcəyini təxmin edib.

Rusiya rəsmisi, həmçinin bildirib ki, Azərbaycan ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin tikintisi artıq Ermənistanın blokadadan çıxması prosesindən asılı olmayaraq davam edir və hər iki tərəf üçün müstəqil strateji dəyərə malikdir. Baş nazirin müavininin sözlərinə görə, layihə Naxçıvan-Türkiyə sərhədindən Qarsa doğru təxminən 224 kilometr uzunluğunda yeni xəttin çəkilməsini nəzərdə tutur.

Overçuk qeyd edib ki, layihənin həyata keçirilməsinə təqribən 2,8 milyard dollar ayrılıb. Bu layihəyə körpülərin, tunellərin və digər mühəndislik qurğularının tikintisi də daxil olmaqla 15 milyon tona qədər yük və 5,5 milyon sərnişindaşıma qabiliyyətinə malik müasir infrastrukturun yaradılması daxildir. O bildirib ki, burada təkcə bir beynəlxalq sərhədi keçməyin lazım olması əlavə üstünlük yaradır.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Избранный
29
1
azertag.az

2Источники