ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı şəhəri Yasamal rayonunda yerləşən Zərgərpalan hamamında Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan dərs proqramlarının ikinci tematik qrupu olan “Bayramlar və kollektiv mərasim mədəniyyəti” üzrə təlimlər keçirilib.
XQ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub.
Beş gün davam edən və ümumilikdə 20 saatlıq tədrisi əhatə edən proqram layihə əsaslı öyrənmə (Project-Based Learning – PBL) metodologiyası əsasında təşkil olunub. Tədris proqramı çərçivəsində iştirakçılar qeyri-maddi mədəni irsin mühüm elementləri olan Novruz bayramı və Nar bayramı ənənələrini elmi, sosial və estetik aspektlərdən öyrənərək onların müasir interpretasiyasına yönəlmiş tətbiqi modellər hazırlayıblar.
Proqramın əsas məqsədi qeyri-maddi mədəni irs anlayışının dərin mənimsənilməsi, bayram və kollektiv mərasimlərin sosial-funksional təhlili, Novruz və Nar bayramlarının tarixi, ideoloji və estetik əsaslarının araşdırılması, eləcə də kollektiv icra modelinin və tətbiqi bayram ssenarisinin hazırlanması olub. Təlimin əsas tədqiqat sualı isə “Qeyri-maddi mədəni irs kontekstində Novruz və Nar bayramlarının müasir interpretasiyası necə qurula bilər?” kimi müəyyən edilib.
Proqramın ilk günü qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova tərəfindən aparılıb. Daha sonra Prof.Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) “Qeyri-maddi mədəni irs anlayışı” mövzusunda, Pərvin Ahənçi (AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, Bakı Ali Neft Məktəbi) isə “Bayram nədir? Qonaqpərvərlik, paylaşma və barış mədəniyyətinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Günün layihə tapşırığı olaraq bayram konsept xəritəsinin hazırlanması həyata keçirilib.
İkinci modul Novruzun mənşə və ideoloji məzmununa həsr olunub. Bu gün Pərvin Ahənçi “Novruzun tarixi və sosial əhəmiyyəti” mövzusunda çıxış edib. Praktiki hissədə Məleykə Hüseynovanın rəhbərliyi ilə səməni içkisinin hazırlanması, simvolik Novruz süfrəsinin qurulması və çərşənbə rituallarının səhnələşdirilməsi həyata keçirilib.
Üçüncü modul Novruz mərasimləri və kollektiv icra məsələlərini əhatə edib. Prof.Dr. Kübra Əliyeva (AMEA Arxeologiya və Antropologiya İnstitutu) “Novruz oyunları və xalq əyləncələri”, Dr. Fariz Xəlilli (AMEA Arxeologiya və Antropologiya İnstitutu) isə “Festival turizmi və regionun inkişafı. Tərəkəmə çərşənbəsi – Axır çərşənbə” mövzularında məruzələrlə çıxış ediblər.
Dördüncü modul Nar bayramına həsr olunub. Həmin gün Ümidə Məcnunlu (Azərbaycan Neft və Sənaye Universiteti) “Narın Azərbaycan mədəniyyətində yeri və simvolikası”, Ramil Abbəkirov (Akademik Yusuf Məmmədəliyev Fondunun İcraçı Direktoru) “Nar bayramı: Mədəni yaddaşdan YUNESKO siyahısına”, Adil Məmmədov (Göyçay qəzetinin baş redaktoru, əməkdar müəllim) isə “Nar festivalının tarixi və xüsusiyyətləri” mövzularında çıxış ediblər. Praktiki hissədə nar məhsullarının təqdimatı həyata keçirilib.
Son modul çərçivəsində mövzular üzrə ümumiləşdirmə və interaktiv müzakirələr aparılıb. İştirakçılar “Kollektiv bayram modeli” adlı qrup layihələrini təqdim ediblər. Təqdimatlar çərçivəsində bayramların planlaşdırılması, kollektiv mərasim etikası, müasir təqdimat formaları və ənənələrin qorunması məsələləri geniş şəkildə əhatə olunub. İştirakçıların yekun qiymətləndirilməsi Prof.Dr. Şikar Qasımov tərəfindən həyata keçirilib və proqram kollektiv bayram əyləncəsi ilə yekunlaşıb.
İştirakçıların layihələri elmi əsaslandırma, mədəni uyğunluq, estetik quruluş, komanda işi və təqdimat bacarıqları üzrə qiymətləndirilib. Proqramın sonunda iştirakçılar bayram və mərasim mədəniyyətini funksional və semiotik sistem kimi təhlil etmək, kollektiv icra ssenarisi hazırlamaq və tətbiqi mədəni model təqdim etmək bacarıqları əldə ediblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.