RU

Əhməd Ağaoğlu İstanbul Universitetində anıldı

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin ən nüfuzlu elm-təhsil ocağı olan İstanbul Universitetində Azərbaycan Mədəniyyət Mərkəzinin “Türkiyədə tanınmış Azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində Azərbaycanlı gənc tarixçi, araşdırmaçı Dilqəm Əhmədin arxiv materialları əsasında hazırladığı “Doğu və batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” (Şərq ilə Qərb arasında bir mütəfəkkir: Əhməd Ağaoğlu) kitabının təqdimatı keçirilib. Kitabda Əhməd Ağaoğlunun heç vaxt çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, günlük yazıları, onun haqqında tanınmış şəxsiyyətlərin fikirləri, müsahibələr və Azərbaycan Prezidenti İ.Əliyevin Ə.Ağaoğlunun 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamında ədibin fəaliyyətinə dair fikirləri əks etdirilib.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət Himlərinin səsləndirilməsi və hər iki ölkənin Şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayb. Daha sonra tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət nazirinin müavini Murad Hüseynov, İstanbul Universitetinin rektoru professor Osman Bülent Zülfikar, Azərbaycanın Türkiyədəki Səfirinin Müşaviri Dr. Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbul Universiteti Hüquq Fakultəsinin dekanı professor Fəthi Gədikli, Ədəbiyyat Fakultəsi Tarix bölümünün professoru Halil Bal böyük Azərbaycan mütəfəkkiri Əhməd Ağaoğlunun təkcə Azərbaycanın deyil, bütün Türk Dünyasının böyük dəyəri və düşünürü olduğunu bildirərək, Şərq ilə Qərb mədəniyyəti arasında müqayisəli fikirləri və modern düşüncəyə açıq mövqeyindən, maarifçilik və mətbuat sahəsindəki fəaliyyətlərindən, Türkiyə ilə Azərbaycan arasındakı tarıxı bağların daha da möhkəmləndirilməsindəki xidmətlərindən bəhs edərək, Ağaoğlu mirasının bizim üçün düşüncə ideologiyası olduğunu və bu fəlsəfənin dövlətlərimiz arasındakı bağlarla bariz şəkildə nümayiş olunduğunu qeyd ediblər.

Müəllif Dilqəm Əhməd çıxışına başlayarkən ilk öncə məzunu olduğu İstanbul Universiteti kürsüsündən tarixçi-araşdırmaçı olaraq danışmaqdan böyük qürur diyduğunu qeyd edərək, Şüşada doğulub, fəaliyyət yolu Azərbaycan Parlamentindən Türkiyəyə - Osmanlı Məclisi Məbusanından Cumhuriyyət Parlament üzvlüyünə, Peterburqa, daha sonra isə Fransa və İngiltərəyə qədər uzanan böyük mütəfəkkir Əhməd Ağaoğlunun həyat macərasını anlatdı. O, Əhməd Ağaoğlunun sadəcə bir elm adamı deyil, həm də bir siyasətçi olduğunu vurğulayaraq, Azərbaycana qayıtdıqdan sonra erməni zülmünə qarşı qurduğu “Difai” firqəsindən, Nuri Paşanın siyasi məsələlər üzrə müşaviri olmasından bəhs etdi. Dilqəm Əhməd həmçinin İstanbulda təhsil aldığı zaman Malta adasına sürgün edilən Əhməd Ağaoğlunun nəvəsi Tektaş bəylə görüşdüyünü və onun Ağaoğlunun Malta gündəliyi və ailə arxivini Azərbaycana bağışladığını bildirdi. Kitabın adı ilə bağlı tarixçi yazar bildirdi ki, o, Ağaoğlunun “Altmış yeddi il sonra” adlı xatiratını oxuduğunda orada bir məqam diqqətini çəkib, ədib yazıb ki: “Mən nə şərqli kimi şərqli, nə də qərbli kimi qərbli ola bildim. Bu şərqdə doğulub qərbdə təhsil alan hər bir şərqlinin qədəridir, onlar heç bir zaman qərbli ola bilmədilər, anadan olduqları şərqli kimi də qala bilmədilər”, buna görə də müəllif kitabın belə adlandırılmasının daha doğru olduğunu düşündüyünü qeyd edib.

Təqdimat çərçivəsində Türkiyə türkcəsində nəşr edilmiş kitabın sərgisi təşkil edilib, müəllifin imza mərasimi keçirilib və kitabın 20 nüsxəsi İstanbul Universitetinin kitabxanasına hədiyyə edilib.

Yaqut Misirxanlı

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
icma.az

1Источники