Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya kafedrasının əməkdaşları – dosent Leyla Məmmədova və baş müəllim Sevda Qasımova Orhun mübadilə proqramı çərçivəsində Türkiyənin Ankara Universitetində ezamiyyətdə olublar.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Ezamiyyət müddətində AzMİU əməkdaşları Ankara Universitetinin müvafiq fakültə və kafedraları ilə tanış olub, burada tədris və elmi-tədqiqat prosesinin təşkili ilə bağlı ətraflı məlumat əldə ediblər. Həmçinin universitetin müasir avadanlıqla təchiz olunmuş laboratoriyalarına baxış keçirilib, aparılan elmi-tədqiqat işləri, eksperimental metodlar və innovativ yanaşmalar yerində öyrənilib. Xüsusilə inşaat materialları tullantılarının təkrar emalı istiqamətində fəaliyyət göstərən laboratoriyada aparılan tədqiqatlar diqqət mərkəzində olub, bu sahədə tətbiq olunan müasir texnologiyalar və praktiki yanaşmalar barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı gələcəkdə birgə elmi tədqiqatların həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, ortaq layihələrdə iştirak imkanları müzakirə edilib. Ezamiyyətin əsas məqsədi beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və müasir elmi yanaşmaların mənimsənilməsi olub.
Qeyd edək ki, bu səfər AzMİU ilə Ankara Universiteti arasında elmi və akademik əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və universitetin beynəlxalq nüfuzunun artırılmasına xidmət edən uğurlu addım kimi qiymətləndirilir.





Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.