RU

Murovdağdan Aprel döyüşlərinə uzanan qəhrəmanlıq yolu

Həyatı və hərbi fəaliyyəti ilə gənc nəsillərə örnək olan qəhrəmanlarımızdan biri də 2016-cı il Aprel döyüşlərinin şəhidi, “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovdur. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət edərək hərbi sahədə zəngin təcrübə qazanmış, ömrünün 26 ilini Vətənə sədaqətlə həsr etmişdir. Raquf xidməti dövründə yalnız vəzifə borcunu yerinə yetirməklə kifayətlənməmiş, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilərək əsl zabit nümunəsi formalaşdırmışdır.

Raquf Orucov 1972-ci il iyulun 12-də Ağdam rayonunun Cinli kəndində anadan olmuşdur. Raqufun mənsub olduğu Kolanı tayfası Qarabağ bölgəsinin qədim etno-mədəni birliklərindən biri idi. “Kolan” etnoniminin mənşəyi ilə bağlı müxtəlif elmi yanaşmalar mövcuddur. Müasir Azərbaycan dilində və xüsusilə Qarabağ dialektində işlənən “hallı-kallı” (güclü, qüdrətli) və “kalan” (varlı, imkanlı) ifadələri ilə semantik yaxınlıq bu sözün zamanla məna baxımından transformasiyaya uğradığını göstərir.

Tarixi mənbələrdə Kolanı tayfalarının döyüşkənliyi haqqında bir çox məlumatlar da vardır. Xüsusilə Osmanlı dövründə sərhəd bölgələrinin qorunmasında iştirak etməsi bu tayfanın hərbi ənənələrinin güclü olduğunu deməyə əsas verir. Eyni zamanda, Yaxın Şərqdə yerləşən və strateji əhəmiyyətə malik olan Qolan təpələrinin adı ilə etimoloji bağlılıq ehtimalı da bu etnonimin geniş coğrafiyada iz buraxdığını göstərən faktorlardan biri kimi nəzərdən keçirilə bilər.

Müasir dövrdə Kolanı tayfasının nümayəndələri Azərbaycan ərazisində, xüsusilə Qarabağ bölgəsində və digər regionlarda yayılmışdır. Qarabağda Kolanı adı ilə tanınan geniş ərazi və çoxsaylı yaşayış məntəqələrinin mövcudluğu bu tayfanın regionun etno-demoqrafik strukturunda mühüm yer tutduğunu göstərir. Maraqlı cəhətlərdən biri də odur ki, bu tayfanın adı daha çox köç prosesləri nəticəsində yaranmış yeni yaşayış məntəqələrində qorunub saxlanılmışdır ki, bu da etnik identikliyin məkanla bağlı şəkildə yaşadıldığını göstərir.

Qəhrəmanımız Raquf Orucov döyüşkənlikləri ilə ad çıxarmış bax belə bir tayfanın nümayəndəsi idi. O, mənsub olduğu tayfanın ənənəvi olaraq güc, cəsarət və döyüşkənlik kimi xüsusiyyətlərini özündə əks etdirirdi. Onun şəxsiyyəti həm fərdi, həm də kollektiv dəyərlərin vəhdəti kimi qiymətləndirilə bilər. Maddi imkanların məhdudluğu onun həyat mövqeyinə təsir göstərməmiş, əksinə, mənəvi dəyərlərin üstünlüyü onun fəaliyyətində əsas istiqamətverici amil olmuşdur. Raquf üçün əsas sərvət Vətənə xidmət, xalqına bağlılıq və hərbçi andına sadiqlik idi. Bu baxımdan, onun qazandığı nüfuz, xüsusilə “Murov qartalı” kimi tanınması, yalnız hərbi uğurun deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətlərin göstəricisi kimi də dəyərləndirilə bilər.

Ailənin birinci övladı olan Raqufun üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında hərbi xidmətə başlayan Raquf bir müddət Özbəkistanda xidmət etmiş, sonra Qarabağ müharibəsinin başlanması xəbəri ilə Sovet ordusundan ayrılıb Azərbaycan Ordusuna qoşulmuşdur.

1990-cı illər Azərbaycan xalqı üçün ağrılı və çətin illər idi. Həmin illərdə Qarabağın digər bölgələri kimi Ağdamın Cinli kəndinin sakinlərinin də rahatlığı top səsləri və intensiv döyüşlər səbəbindən pozulur, torpaqlar get-gedə işğal edilirdi. Həmin dövrdə Raquf Orucov Ağdamdakı hərbi hissələrdən birində - Allahverdi Qənbərovun rəhbərlik etdiyi özünümüdafiə batalyonunda xidmət edir və döyüş əməliyyatlarında iştirak edirdi. Belə döyüşlərdən biri 1992-ci ilin fevral ayında Fərrux dağı və Aranzəmin kəndləri ətrafında baş verir və Raquf bu döyüşlərdə fəal iştirak edərək ağır qəlpə yarası alır. Həmin dövrdə dayısı Azər Rəhimovun düşmənin atdığı güllədən həlak olması, doğulub boya-başa çatdığı Cinli kəndinin erməni hərbi birləşmələri tərəfindən işğal edilməsi də onun gözləri qarşısında baş verir. 1993-cü ilin iyun ayında isə anası Raya Rəhimovanın düşmən gülləsindən həlak olması onun qisas hissini bir qədər də gücləndirir.

Raquf Orucovun hərbi peşəyə marağı yalnız şəxsi meyl və peşə seçimi ilə məhdudlaşmırdı; bu marağın əsasını ölkənin ərazi bütövlüyünün bərpası və işğal altında olan torpaqların azad edilməsi kimi milli ideallar təşkil edirdi. Məhz bu amillər onu Bakı Ali Hərbi Komandirlər Məktəbinə gətirmişdir. 1994–1996-cı illərdə burada təhsil alan Orucov, hərb elminin nəzəri və praktiki əsaslarını dərindən mənimsəmiş, peşəkar zabit kimi formalaşmağa başlamışdır.

Təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayan Raquf Orucov qısa müddət ərzində öz intizamı, təşkilatçılıq qabiliyyəti və döyüş hazırlığı ilə seçilmişdir. O, strateji əhəmiyyətə malik Murovdağ istiqamətinə göndərilərək kəşfiyyat bölüyünün komandiri vəzifəsinə təyin olunmuşdur. Bu təyinat onun üzərinə böyük məsuliyyət qoymaqla yanaşı, hərbi liderlik keyfiyyətlərinin daha da inkişafına şərait yaratmışdır.

Murovdağ kimi mürəkkəb coğrafi və iqlim şəraitinə malik ərazidə xidmət etmək yüksək dözümlülük, operativ qərarvermə bacarığı və peşəkarlıq tələb edirdi. Raquf Orucovun rəhbərliyi altında kəşfiyyat bölüyü qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirmiş, döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına nail olmuşdur. Beləliklə, onun çətin və məsuliyyətli xidmət yolu məhz bu dövrdən etibarən formalaşmağa başlamışdır.

1996-cı ilin sərt və gərgin günlərindən biri idi. Ön xəttdə yerləşən taborlardan birinin altı əsgəri adi bir tapşırıq üçün – bulaqdan su gətirməyə yollanmışdı. Lakin həmin ərazilərə xas olan sıx duman yenə öz sözünü demişdi. Görmə məsafəsinin demək olar ki, sıfıra enməsi onların istiqaməti itirməsinə səbəb olur və düşmən tərəfindən əsir götürülürlər.

Bu xəbər hərbi hissəyə ildırım sürəti ilə yayılır və böyük sarsıntı yaradır. Altı əsgərin birdən əsir düşməsi təkcə şəxsi heyətə deyil, həm də hissə komandirinin nüfuzuna ciddi zərbə idi. Komandir dərhal toplanış keçirir və vəziyyəti tarazlamaq üçün qarşı tərəfdən də əsir götürülməsi barədə sərt göstəriş verir. Məqsəd aydın idi: balans yaradılmalı və əsgərlər geri qaytarılmalı idi.

Tapşırığın icrası üçün üç kəşfiyyat qrupu formalaşdırılır. Lakin ilk iki qrup uğursuzluqla geri dönür. Bu da təbiidir. Ərazi çətin, yüksəkliklər və keçidlər isə düşmənin nəzarətində idi.

Son ümid isə gənc zabit Raquf Orucovun rəhbərlik etdiyi üç nəfərlik qrup idi. O, fərqli düşünərək hamının gözlədiyi istiqamətdən deyil, daha uzaq və gözlənilməz olan Daşkəsən tərəfini seçir. Raquf və silahdaşı uzun yol qət edərək Göyçə gölü ətrafından irəliləyir. Səssiz və dəqiq hərəkətlə bir neçə nəfəri zərərsizləşdirərək uşağı və bir orta yaşlı hərbçini əsir götürürlər. Raqufun düzgün təhlili və riskli qərarı böyük nəticə verir. Düşmən vəziyyətin ciddiliyini anlayaraq danışıqlar aparmağa razılaşır. Nəticədə əsir götürülən altı əsgərdən beşi qısa müddətdə geri qaytarılır. Bu uğurlu əməliyyat Raquf Orucovun peşəkarlığını və cəsarətini bir daha sübut edir. O, böyük mükafat almasa da, qısa müddət sonra rütbəsinin yüksəldilməsi ilə təltif olunur.

1997-ci ildə Kəlbəcər istiqamətində kəşfiyyat bölüyünün komandiri vəzifəsini icra edən Raquf verilən hərbi kəşfiyyat tapşırığını da böyük peşəkarlıqla yerinə yetirir. O, Kəlbəcər bölgəsinə gedərək yüksək rütbəli iki erməni zabitini əsir götürməyə nail olur.

Raquf xidməti dövründə yalnız əməliyyatın icrasına deyil, eyni zamanda rəhbəri olduğu tağımda əsgərlərə kəşfiyyatın incəliklərini öyrətməyə də xüsusi diqqət ayırırdı. O, hər bir kəşfiyyatçının təbiət elementlərini – çiçəklərin, otların, quşların xasiyyətini müşahidə etməyi bacarmasının strateji əhəmiyyətini vurğulayırdı.

Eyni ildə Raquf Orucov daha bir uğurlu əməliyyat həyata keçirir. O, işğal olunmuş Kəlbəcərdə erməni hərbi hissəsinə daxil olaraq onların səhər düzlənişini müşahidə edir və eyni zamanda Azərbaycan tərəfi üçün vacib olan bütün elementləri videolentə alır. Bu əməliyyatın detallarının uğurla icra olunması üçün Raquf əvvəlcədən erməni dilini öyrənmiş, bunun nəticəsində düşmənin hərbi hazırlıq prosesini, əsgərlərin mövqelərini və əməliyyat şəraitini tam dəqiqliklə qeyd edə bilmişdi. Təkbaşına düşmən taborunun içərisinə daxil olub belə detalları əldə etmək, real döyüş şəraitində nadir rast gəlinən cəsarət və peşəkarlıq tələb edirdi.

Əməliyyatın uğurla nəticələnməsindən dərhal sonra videolentlər respublika rəhbərliyinə - Ulu Öndər Heydər Əliyevə təqdim edilmiş və Raquf Orucovun xidmətləri yüksək qiymətləndirilmişdir. 1998-ci il iyunun 24-də Raquf “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.

Sonrakı illərdə o, müxtəlif hərbi vəzifələrdə xidmət etmiş, 2011-ci ildə isə Ağdam zonasında N saylı hərbi hissəyə qərargah rəisi təyin olunmuşdur. 2003–2005-ci illərdə Ali Hərbi Akademiyanı bitirən Raquf hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlmişdir.

2014-cü ilin avqust ayında Azərbaycan Ordusu növbəti ciddi hərbi sınaqla üz-üzə qalmışdır. Cəbhə xəttində baş verən gərginlik fonunda beş gün davam edən intensiv döyüşlər zamanı şəxsi heyət, o cümlədən Raquf Orucov yüksək döyüş ruhu, peşəkarlıq və fədakarlıq nümayiş etdirmişdir. Döyüş əməliyyatları başa çatdıqdan sonra Raquf Orucov qısa müddətli istirahət üçün Sumqayıt şəhərinə, ailəsini ziyarət etməyə gəlmişdir. Onun kiçik qardaşı Zabil qeyd edir ki, qardaşını ilk qarşılayan məhz o olmuşdur. Raquf evə daxil olarkən yorğunluğunu gizlətmədən ayağındakı çəkmələri çıxarmaqda kömək istəmişdir. Zabilin sözlərinə görə, çəkmələri çıxarmaq olduqca çətin olmuşdur. Uzunmüddətli fasiləsiz xidmət və ekstremal şərait nəticəsində Raqufun ayaqları ciddi şəkildə şişmiş, çəkmələr isə demək olar ki, ayaqları ilə birləşmiş vəziyyətə gəlmişdi. Sonradan məlum olmuşdur ki, o, döyüşlərin ən gərgin beş günü ərzində çəkmələrini ümumiyyətlə çıxarmamışdır.

Evdə qısa müddətli istirahətdən sonra Raquf Orucov həmin gecə yenidən hərbi hissəyə qayıdır. Bu, onun vətənə, xidməti vəzifəsinə və əsgərlərinə bağlılığının əyani nümunəsi idi.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində vəziyyət kəskin şəkildə gərginləşmiş, erməni silahlı birləşmələri tərəfindən növbəti genişmiqyaslı təxribat həyata keçirilmişdir. Uzun illər ərzində formal xarakter daşıyan atəşkəs rejimi bu dəfə daha intensiv şəkildə pozulmuş, nəticədə hərbi-siyasi vəziyyət kritik həddə çatmışdır. Mövcud şərait operativ və qətiyyətli tədbirlərin görülməsini zəruri etmişdir. Baş verənlərə adekvat cavab olaraq Azərbaycan Ordusu dərhal əks-hücum əməliyyatlarına başlamış, qısa müddət ərzində düşmənin hücum planlarını pozaraq təşəbbüsü öz əlinə almışdır. Dörd gün davam edən hərbi əməliyyatlar zamanı ordumuzun bölmələri yüksək döyüş hazırlığı, koordinasiya və taktiki üstünlük nümayiş etdirmişdir. Vətən oğulları qəhrəmanlıqla döyüşərək düşmən üzərində üstünlük qazanmışdılar.

Həmin vaxt cəbhənin ən qaynar nöqtələrindən biri yenə Murov dağları idi. Və həmin an yenə polkovnik-leytenant Raquf Orucov ön cəbhədə, ilk sırada idi. Qəhrəman zabit aprelin 4-də Ağdərə rayonunun Talış kəndinin erməni işğalçılarından azad olunması uğrunda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində sonuncu döyüşünə qatıldı. O, şəhidliyi sanki əvvəldən qəbul etmişdi. Bu yolun sonunun necə olacağını bilənlərdən biri idi. Çünki Raquf Orucov ölümə yox, ölümsüzlüyə gedirdi.

2016-cı il aprelin 5-də polkovnik-leytenant Raquf Orucov Sumqayıt şəhərində son mənzilə yola salınır. Dəfn mərasiminə minlərlə insan, o cümlədən Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri qatılır.

Polkovnik-leytenant Raquf Orucovun adı 26 ildən artıq xidmət etdiyi ordu sıralarında onun əmrlərini yerinə yetirən, ondan dərs alan əsgərlərin xatirələrində həmişə bir əfsanə, bir qəhrəman kimi qalıb. Rütbəsindən, vəzifəsindən asılı olmayaraq, onu xatırlayan hər kəs onun nə qədər dərin intizamlı, prinsipial və vətənpərvər olduğunu qeyd edir.

Əsgəri olmuş, hazırda leytenant rütbəsi daşıyan bir hərbçi onu belə təsvir edir: “Biz hamımız ona oxşamağa çalışırdıq. Heç vaxt gülməzdi. Üzündə zəhm var idi. Əsgərlərini göz bəbəyi kimi qoruyardı. Batalyonun həyətindəki səssizlikdə belə onun varlığını hiss edərdik…”

Elxan Salahov xatırlayır: “Mənim qardaşım Murov dağında şəhid olub. Lakin şücaətlərinə bələd olduğum Raquf da artıq mənim qardaşımdır. Mənim qardaşımın bir şəkli belə qalmadı, amma Raqufdan elə xatirələr qalıb ki, ürəklərdən kimsə silə bilməz. Hara getdiksə, hər yerdə onun haqqında danışdılar. Raquf ellərin qəhrəmanıdır, həyata keçirdiyi hərbi əməliyyatları hər oğulun işi deyil”.

Emin Musəvi bildirir: “Qəhrəmanımız, şərəfimiz Raquf Orucovun əsgəri olmuşam. Nə vaxtsa ağlıma belə gətirməzdim ki, onun barəsində şəhid kimi danışacağam. Raquf Orucov misilsiz bir qəhrəman idi. Həyatı ilə də, ölümü ilə də bizə çox şey öyrətdi. Xoşbəxt o kəsdir ki, belə bir igidi tanıyıb”.

Arzuman Həsənzadə isə xatirələrindən yazır ki, “2009-cu ildə o, 9 ay Raquf Orucovun əsgəri, köməkçisi və bəzən sürücüsü olmuşdur. O bildirir ki, Raquf üçün hərbi intizam müqəddəs norma idi və əsgərlərin davranışı daim bu çərçivədə tənzimlənirdi. Telefon işlətmək belə komandirin icazəsi olmadan mümkün deyildi. Əsgərlər problemlərini yalnız komandirin yanında həll edirdilər. O, hərbi tapşırıqların icrasına yüksək həvəs, cəsarət və məsuliyyət göstərirdi. Bir gün Ağdamın çıxışı tərəfə getdik. Komandir dedi ki, məni gözləyin: səhərə qədər gəlməsəm, çıxın gedin. Səhərə yaxın gəldi. Kiteli qan içindəydi. Mənə uzatdı ki, camaşırxanaya verim. Soruşmadım. Yalnız ordudan təxris olunan ərəfədə söhbət əsnasında öyrəndim ki, həmin gecə o, Ağdamın Çullu kəndinə keçib, anasının qəbrini ziyarət edib və bir neçə düşməni cəzasına çatdırıb. Tam təfərrüatını bizə demədi, amma anladım ki, komandir tez-tez düşmən arxasına keçirmiş”.

Raquf Orucov heç zaman əsgərini tək qoymaz, deyərmiş ki, “Əsgər Vətən əmanətidir”. Daim əsgərləri yoxlayar və onları “ayıq” və “sayıq” olmağı tapşırardı.

Şəhid polkovnik-leytenant Raquf Orucov bu xalqın yaddaşında səssiz, lakin əzəmətli qəhrəman kimi qaldı. Onun adı dağ kimi möhkəm, şəhidliyi bayraq kimi uca, ruhu isə Azərbaycan qədər əzizdir.

Raquf Orucovun fəaliyyəti və şücaəti Azərbaycan Silahlı Qüvvələrinin tarixində nadir nümunələrdəndir. O, yeganə briqada komandiri kimi nizamnaməyə tabe olmayaraq, düşmən ərazisinə kəşfiyyat əməliyyatlarına gedib qayıdan biri idi. Onun bu əməliyyatları yalnız fiziki cəsarət deyil, həm də yüksək intellekt, strateji düşüncə və əsgərlərinə olan sonsuz inamın göstəricisidir.

Raquf Orucov həm də beş Azərbaycan əsgərini əsirlikdən xilas edən, erməni tərəfinin qərargah toplantısını və vacib hərbi elementlərini video-lentə alaraq respublika rəhbərliyinə çatdıran yeganə komandir kimi tarixdə qaldı. Onun həyatı və hərbi fəaliyyəti göstərdi ki, vətənə xidmət yalnız silahla deyil, həm də sədaqət, vicdan və səssiz fədakarlıqla da olur. Raquf Orucovun hərəkətləri hər bir zabit üçün nümunədir, onun timsalında şəhid anlayışı yalnız ölüm deyil, bir ideyanın, bir vətən sevgisinin zirvəsidir. O, bugünkü Azərbaycan Ordusunun hər zabiti üçün həm öyrədici, həm də ruhlandırıcı bir örnək olaraq qalacaqdır.

Gülşən Hüseynova

Azərbaycan Hərb Tarixi Muzeyinin əməkdaşı,

ADMİU-nun müəllimi

 

 

 

Избранный
35
50
herbiand.az

10Источники