RU

Kremllə Qərbin savaş meydanına çevrilən Ermənistan

“Paşinyanın aprelin 1-də Moskvaya səfəri və Kremlin divarları arasında Vladimir Putinlə keçirdiyi görüş sadəcə növbəti protokol diplomatiyası deyildi. Bu görüş bir daha göstərdi ki, Moskva-İrəvan münasibətlərində dərin etimad böhranı artıq gizlədilə bilmir. Putin açıq şəkildə İrəvana mesaj verdi ki, Ermənistan eyni vaxtda həm Avropa İttifaqına inteqrasiya edib, həm də Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında qala bilməz. Bu, əslində Moskvanın “ya bizimləsən, ya da qarşı tərəfdə” xəbərdarlığı idi”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O bildirib ki, Rusiya bu mesajı yalnız siyasi bəyanatla vermədi, iqtisadi rıçaqları da masaya qoydu: “Putin Ermənistanın Rusiyadan Avropa qiymətlərindən xeyli ucuz qaz aldığını, ticarət dövriyyəsinin artıq 6 milyard dolları ötdüyünü xüsusi vurğuladı. Burada ən həssas məqam isə həmin ticarət dövriyyəsində reeksport və sanksiya dolanma kanalları ilə bağlı uzun müddətdir müzakirə olunan suallardır. Moskva faktiki olaraq İrəvana xatırladır ki, Ermənistanın iqtisadi sabitliyində Rusiyanın payı hələ də həlledicidir. Buna baxmayaraq, Paşinyan hakimiyyətinin Qərbə sürətli meyllənməsi Kremlin narazılığını daha da artırır.

Bu polemikanın ən diqqətçəkən tərəfi onun Ermənistanda seçkiqabağı gərginlik fonunda baş verməsidir. Putin görüşdə açıq şəkildə Ermənistanda bütün siyasi qüvvələrin seçkilərdə iştirak etməsinin vacibliyini vurğuladı. Bu, sadəcə ümumi demokratiya çağırışı deyil, Moskvanın rusiyapərəst qüvvələr üçün siyasi meydanın açıq saxlanılmasını istədiyinə dair açıq siqnal kimi oxunur. Paşinyanın buna hüquqi məhdudiyyətlərlə cavab verməsi isə göstərdi ki, iki lider arasında dialoq artıq təkcə dövlətlərarası deyil, hakimiyyət modeli və gələcək seçki arxitekturası üzərində geosiyasi mübarizəyə çevrilib”.

Deputat əlavə edib ki, burada vacib məqamlardan biri də Rusiya ilə yanaşı Qərb də Ermənistanın daxili siyasi proseslərinə aktiv təsir göstərir: “İnsan haqları və demokratiya ritorikasını digər ölkələrdə sərt istifadə edən Qərbin Ermənistandakı gərginliyə daha yumşaq yanaşması onun İrəvanı Cənubi Qafqazda öz geosiyasi dayağına çevirmək niyyətindən qaynaqlanır. Başqa sözlə, bu gün Ermənistan artıq Rusiya ilə Qərb arasında qarşıdurma meydanına çevrilib. Əgər qaynar müharibə Ukraynada gedirsə, soyuq müharibənin ən həssas laboratoriyası məhz Ermənistandır.

Bu proseslərin fonunda Azərbaycanın yürüdüyü müstəqil xətt daha aydın görünür. Bakı heç bir güc mərkəzinin forpostuna çevrilmədən, bütün əsas aktorlarla balanslı münasibətlər quraraq yalnız milli maraqlara söykənən siyasət yürüdür. Prezident İlham Əliyevin son illərdə nümayiş etdirdiyi qətiyyətli diplomatik xətt Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsini təmin edib. Bu gün Cənubi Qafqazın yeni siyasi arxitekturasında Bakı və Ankara əsas geosiyasi mərkəzlər kimi çıxış edir.

İrəvan artıq anlamalıdır ki, bölgədə əvvəlki status-kvo tam dağılıb. Əgər Ermənistan dövlət kimi mövcudluğunu qorumaq, yenidən hansısa xarici gücün forpostuna çevrilməmək istəyirsə, Bakının irəli sürdüyü şərtlər daxilində yekun sülh müqaviləsini imzalamaqdan başqa alternativi yoxdur. Regionun iqtisadi kommunikasiyaları, təhlükəsizlik sistemi və siyasi sabitliyi məhz bu qərardan asılıdır.

İndi top tam mənada İrəvanın meydanındadır: ya sülh müqaviləsi ilə bölgənin yeni reallığına uyğunlaşmaq, ya da Rusiya–Qərb geosiyasi savaşının növbəti poliqonuna çevrilmək”.

Mürtəza

Избранный
3
1
olke.az

2Источники