RU

Uşaqlar üçün süni intellekt, robotlar və texnologiyalar mövzusunda yeni kitab layihəsi hazırlayırıq MÜSAHİBƏ

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycanda uşaq ədəbiyyatına maraq son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə Bakı Kitab Sərgisi kimi beynəlxalq tədbirlərdə uşaq kitabları satılan bölmələr daha çox ziyarət edilir, yerli müəlliflərin əsərlərinə maraq xeyli yüksəlib. Eyni zamanda, müxtəlif nəşriyyatların yeni layihələri və Azərbaycan dilinə tərcümə olunan dünya uşaq ədəbiyyatı nümunələri bu sahənin dinamik inkişaf etdiyini göstərir.

Bunu AZƏRTAC-a müsahibəsində uşaq yazarı Mürşüd İsmayılzadə bildirib. O, Azərbaycanda uşaq ədəbiyyatına maraq, mövcud problemlər və gələcək perspektivlərlə bağlı məsələlərə aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik.

- Mürşüd müəllim, ölkəmizdə uşaqlar arasında kitab oxumağa marağın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz və bu marağın artırılması üçün hansı amillər həlledicidir?

- Şübhəsiz ki, həm biz yazıçılar, həm də ümumilikdə cəmiyyət üçün ən vacib məsələlərdən biri uşaqların və yeniyetmələrin ədəbiyyata marağını artırmaqdır. Müəyyən səbəblər var ki, bu marağa təsir edir. Xüsusilə smartfonlar və digər qadcetlərin geniş istifadəsi uşaqların diqqətini kitablardan yayındırır.

Bununla belə, qeyd etməliyəm ki, son illərdə Azərbaycanda uşaq ədəbiyyatına maraqda artım müşahidə olunur. Bu, həm yerli, həm də beynəlxalq kitab sərgilərinin, müxtəlif tədbirlərin keçirilməsi ilə sıx bağlıdır. Belə platformalarda uşaqlar yazıçılarla ünsiyyət qurur, müxtəlif janrlarda kitablarla tanış olurlar. Həm yerli müəlliflərin əsərləri, həm də xarici ədəbiyyatın Azərbaycan dilinə tərcümələri onların seçim imkanlarını genişləndirir. Bu tanışlıq isə təbii olaraq ədəbiyyata marağı artırır.

- Uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərən yazar kimi yerli bazarda hansı boşluqları müşahidə edirsiniz?

- Uşaq ədəbiyyatı sahəsi də bir çox digər sahələr kimi maliyyə amilindən asılıdır. Açıq demək lazımdır ki, uşaq yazıçıları bir növ ədəbiyyat fədailəridir. Çünki bu sahədə fəaliyyət daha çox maddi qazanc üçün deyil, ideya və missiya naminə həyata keçirilir.

Kitabların qiyməti də əhalinin alıcılıq qabiliyyəti ilə bağlıdır. Amma hesab edirəm ki, hazırda bazarda münasib qiymətə kitablar mövcuddur. İnsanlar gündəlik istirahətə və digər xərclərə vəsait ayırdıqları kimi, bunun kiçik bir hissəsini kitaba yönləndirsələr, uşaqlar həm əylənər, həm də yeni biliklər əldə edərlər. Bu, eyni zamanda, valideynin uşağa qarşı məsuliyyətinin bir hissəsidir.

- Gələcək yaradıcılıq planlarınız nədən ibarətdir? Azərbaycan uşaq ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması üçün hansı addımlar vacibdir?

- Hazırda “Əjdaha qardaşlığı” adlı macəra janrında silsilə kitab üzərində çalışıram. Bu əsər uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub və oxucular tərəfindən maraqla qarşılanır. Kitab artıq 4-cü dəfə nəşr olunub ki, bu da mənim üçün ciddi nailiyyətdir. Bu kitabın ikinci hissəsi artıq satışdadır. Hazırda üçüncü hissə üzərində iş gedir.

Eyni zamanda, süni intellekt, robotlar və texnologiyalar mövzusunda yeni bir kitab layihəsi üzərində çalışırıq. Hesab edirəm ki, müasir uşaqların maraq dairəsinə uyğun mövzular seçmək çox vacibdir.

Azərbaycan uşaq ədəbiyyatının beynəlxalq səviyyədə tanınması üçün əsas addımlardan biri əsərlərin xarici dillərə tərcüməsidir. Nə qədər çox tərcümə olunsa, bir o qədər geniş oxucu auditoriyasına çıxmaq mümkündür. Bu həm də Azərbaycan mədəniyyətinin, tarixinin tanıdılmasına xidmət edir. Eyni zamanda, ölkəyə gələn turistlər üçün də bu kitablar maraqlı mənbə ola bilər.

- Müasir texnologiyaların uşaqlara təsiri fonunda valideynlər kitab oxumağa marağı necə artıra bilərlər?

- Bu, bir çox valideyni narahat edən məsələdir. Ən təsirli üsullardan biri şəxsi nümunədir. Əgər uşaq valideynini kitab oxuyan görürsə, o da buna maraq göstərir.

Digər vacib məqam isə uşağa seçim imkanı yaratmaqdır. Valideynlər kitab mağazalarına və sərgilərə uşaqlarla birlikdə getməli, onlara müxtəlif kitabları göstərməli və seçim hüququ verməlidirlər. Uşaq şəkillərə baxaraq, mövzuya əsasən – macəra, fantastika, heyvanlar və ya texnologiya – özünə uyğun kitabı seçə bilər. Bu yanaşma uşağın kitabla daha güclü emosional bağ qurmasına kömək edir.

- Mürşüd müəllim, kitablarınız yalnız yerli bazar üçün nəzərdə tutulub, yoxsa beynəlxalq auditoriya üçün də layihələriniz var?

- Kitablarım əsasən Azərbaycan dilindədir və yerli bazar üçün nəzərdə tutulub. Bununla yanaşı, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin uşaqlar üçün aviasiya mövzusunda ilk dəfə Azərbaycan və ingilis dillərində yeni kitab hazırlayıb. “Arzuların Mavi Təyyarəsi” adlı kitab iki dildə – Azərbaycan və ingilis dillərində nəşr olunur və sərnişinlərə hədiyyə edilir.

Bu layihə sayəsində həm yerli, həm də xarici oxucular kitabla tanış olmaq imkanı əldə edirlər. Kitabda həm beynəlxalq aviasiya mövzuları, həm də Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı maraqlı faktlar yer alır. Bu da ədəbiyyat vasitəsilə ölkənin tanıdılmasına əlavə töhfə verir.

Müxbir – Pərvanə Qafarova

Videooperator – Vüsal Tağıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
azertag.az

3Источники