RU

Təyyarə fobiyası nədir? - PSİXOLOQ AÇIQLADI

“Təyyarə fobiyası bir çox insanda rast gəlinən və həyat keyfiyyətinə təsir edə bilən qorxu növlərindən biridir. Bu qorxu bəzi insanlarda sadəcə narahatlıq hissi yaratsa da, bəzilərində uçuşdan əvvəl, uçuş zamanı və hətta uçuş haqqında düşünərkən belə güclü stress və panika yarada bilər. İnsan bu qorxunun əsassız olduğunu başa düşsə belə, bədən reaksiyaları və emosional vəziyyət fərqli olur. Ürək döyüntüsünün sürətlənməsi, tərləmə, gərginlik, nəfəs darlığı və pis bir şey olacaq hissi tez-tez müşahidə edilə bilər. Bəzən bu qorxu o həddə çatır ki, insan səyahət planlarını dəyişir və ya ümumiyyətlə uçuşdan imtina edir”.

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

O bildirib ki, təyyarə fobiyası müxtəlif səbəblərdən yarana bilər:

”Ən çox rast gəlinən səbəblərdən biri nəzarəti itirmə qorxusudur. İnsan təyyarədə olarkən idarəetmə imkanının olmaması bəzi insanlarda narahatlıq yaradır. Digər səbəb turbulensiya ilə bağlı qorxudur. Halbuki turbulensiya normal və təhlükəli olmayan bir haldır, amma qəfil sarsıntılar qorxu hissini gücləndirə bilir. Bəzi insanlarda qapalı məkan qorxusu da bu vəziyyəti artırır. Təyyarə salonunun qapalı olması, uçuş zamanı enə bilməmək hissi narahatlıq yaradır. Bundan əlavə, pis ssenarilər düşünmək, qəza xəbərləri, əvvəlki narahat uçuş təcrübəsi və ümumi stress səviyyəsinin yüksək olması da bu qorxunun yaranmasına səbəb ola bilər.

Bu qorxunun qarşısını almaq üçün bəzi üsullar kömək edə bilər. İlk növbədə uçuş haqqında düzgün məlumatlanmaq faydalıdır. Təyyarə ən təhlükəsiz nəqliyyat vasitələrindən biridir və bu faktı bilmək narahatlığı azalda bilər. Uçuş zamanı nəfəs texnikalarından istifadə etmək bədəni sakitləşdirməyə kömək edir. Yavaş və dərin nəfəs almaq panika hissini azaltmağa kömək edə bilər. Diqqəti yayındırmaq da təsirli üsullardan biridir. Musiqi dinləmək, film izləmək, kitab oxumaq və ya başqa bir fəaliyyətlə məşğul olmaq qorxunun azalmasına kömək edə bilər. Uçuşdan əvvəl kifayət qədər istirahət etmək, kofeinli içkilərdən uzaq durmaq və özünü psixoloji olaraq hazırlamaq da faydalı ola bilər.

Bəzi hallarda insan mənfi düşüncələrə fokuslanır və bu da qorxunu artırır. Bu zaman düşüncələri dəyişməyə çalışmaq kömək edə bilər. Özünə uçuşun təhlükəsiz olduğunu xatırlatmaq, bu hissin keçici olduğunu qəbul etmək və bədəni sakitləşdirmək qorxunu azaltmağa kömək edir. Əgər bu qorxu güclüdürsə və gündəlik həyata təsir edirsə, psixoloq dəstəyi almaq çox faydalı ola bilər.

Psixoloq bu qorxunun səbəblərini müəyyənləşdirməyə və onu idarə etmə yollarını öyrətməyə kömək edir.

Təyyarə fobiyası olduqca yayılmış bir qorxudur və bunun öhdəsindən gəlmək mümkündür. Doğru yanaşma, psixoloji texnikalar və zamanla bu qorxu azalır və insan uçuşlara daha rahat yanaşmağa başlayır. Ən vacibi isə bu qorxunun normal olduğunu qəbul etmək və onun üzərində işləməkdir”.

Ayşən Vəli

Избранный
7
1
sia.az

2Источники