RU

TDT yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 2 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü çərçivəsində nümayəndə heyətləri rəhbərləri aprelin 2-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Əminə Məlikova qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Qonaqlar, həmçinin muzeydə xalçatoxuma prosesini izləyiblər.

Həmçinin qonaqlara Azərbaycanın qədim kəlağayı sənəti haqqında məlumat verilib. Qonaqlar kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Qonaqlara “Zəfər” xalçası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu xalça Azərbaycan Milli Xalça Muzeyində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbəyə həsr olunub.

Daha sonra qonaqlar muzeyin Qarabağ interyeri ilə tanış olublar.

Sonda isə ziyarətçilərə müasir xalçaçılıq nümunələri və müəllif işləri barədə geniş məlumat təqdim edilib.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.

Müxbir – Günel Alıyeva

Fotoqraf – Səfiyar Məcnun

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
azertag.az

1Источники