RU

"Qanlı Göl" yeni layihə əsasında abadlaşacaq

Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonu ərazisində yerləşən və uzun illər “Qanlı göl” kimi tanınan su hövzəsinin ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır. Hazırlanan yeni layihəyə əsasən, gölün ətrafı müasir şəhər parkı konsepsiyası əsasında yenidən təşkil olunacaq.

Son illər görülən tədbirlər nəticəsində ərazidə geniş təmizləmə işləri aparılıb. Xüsusi texnikaların cəlb olunması ilə tullantılar ərazidən kənarlaşdırılıb, eyni zamanda suyun çirklənmə mənbələrinin qarşısı alınıb. Bu işlər nəticəsində gölün ekoloji vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Ətraf ərazilərdə yaşayış massivlərinin inkişafı ilə bu məkan urban mühitin vacib hissəsinə çevrilib və rekreasiya potensialının reallaşdırılması üçün əlverişli şərait yaranıb.

Yeni layihəyə əsasən, gölün perimetri boyunca fasiləsiz piyada və velosiped yolları salınacaq, müşahidə platformaları və sahilboyu istirahət zonaları yaradılacaq. Ərazidə geniş yaşıllaşdırma işləri aparılacaq, sahil xətti möhkəmləndiriləcək və müasir işıqlandırma sistemi qurulacaq.

Bununla yanaşı, layihə çərçivəsində açıq hava idman zonaları, mini futbol və tennis meydançaları, ailəvi istirahət məkanları təşkil olunacaq. Sahil boyunca pavilyon tipli iaşə və xidmət obyektlərinin yerləşdirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, abadlaşdırma layihəsinin icrası “Kristal” şirkətinə həvalə olunub. Layihənin əsas məqsədi göl ətrafını təhlükəsiz, əlçatan və ekoloji baxımdan dayanıqlı ictimai məkana çevirməkdir.

Planlaşdırılan işlərin tamamlanmasından sonra bu məkanın şəhər sakinləri üçün müasir və cəlbedici istirahət zonalarından birinə çevriləcəyi gözlənilir.

Избранный
17
11
hafta.az

10Источники