RU

“Zəngəzur dəhlizi Azərbaycanın iqtisadi imkanlarından çox siyasi və sülh potensialı daşıyır” — İqbal Ağazadə

Müasir dünyanın mürəkkəb geosiyasi reallıqları əsasında Azərbaycan təkcə öz milli maraqlarını qoruyan deyil, eyni zamanda regionun gələcəyini formalaşdıran əsas aktorlardan biri olaraq çıxış edir. Son illərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, qurulan yeni nəqliyyat xətləri və artan tranzit imkanları ölkəmizi Avrasiya məkanında strateji körpüyə çevirir. Bu baxımdan Zəngəzur dəhlizi yalnız bir yol layihəsi deyil — o, iqtisadi gücün, siyasi iradənin və regional əməkdaşlıq fəlsəfəsinin real təcəssümüdür.

Azərbaycanın təşəbbüsü və qətiyyətli mövqeyi nəticəsində formalaşan Orta Dəhliz artıq qlobal ticarət xəritəsində öz yerini möhkəmləndirir. Bu isə o deməkdir ki, ölkəmiz yalnız coğrafi mövqeyinə görə deyil, eyni zamanda düşünülmüş strategiyası ilə də beynəlxalq nəqliyyat və logistika sistemində söz sahibinə çevrilir.

Bu gün Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarını qəbul edərkən bildirib ki, Zəngəzur dəhlizi layihəsinin icrasında ciddi irəliləyiş əldə olunub və bu da Orta Dəhlizin mühüm tərkib hissəsidir. 

Ölkə rəhbərimiz qeyd edib ki, Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb.

Maraqlıdır, bu layihənin reallaşması Azərbaycanın regionda iqtisadi və nəqliyyat imkanlarını hansı yeni mərhələyə daşıya bilər və xüsusilə regional əməkdaşlıq baxımından hansı perspektivləri açır?

Moderator.az-ın suallarını Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, Ümid Partiyasının rəhbəri, siyasətçi İqbal Ağazadə cavablandırdı.

 İqbal Ağazadə bildirdi ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda sülhün təmin olunması və barışın bərpa edilməsi üçün ən vacib şərtlərdən biridir.

Siyasətçi qeyd etdi ki, bunun iqtisadi faydaları gözlənildiyi və ya təqdim olunduğu qədər də böyük deyil:

"Çünki Azərbaycanın bu istiqamətdə iri layihələri həyata keçirmək üçün alternativ imkanları artıq mövcud idi. Məsələn, Bakı–Tbilisi–Qars dəmir yolunun olması və Azərbaycan Gürcüstan üzərindən keçən tranzit imkanlarından istifadə etməsi idi.

Zəngəzur layihəsinin daha çox siyasi gücü və əhəmiyyəti var. Xüsusilə Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının qismən azalması, region ölkələrinin daha müstəqil siyasət yürütməsi və bu siyasət çərçivəsində Azərbaycanın xüsusi yer tutması baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda nəqliyyat imkanlarının bir mərkəzdən asılı olmaması, çoxşaxəli iqtisadi imkanların formalaşması baxımından da önəmlidir. Perspektiv baxımından isə ən vacib məsələ Cənubi Qafqazın gələcəkdə bütöv və sabit region kimi formalaşmasıdır. 

Etnik və milli separatizmin olmadığı, dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət etdiyi bir regional modelin qurulması əsas hədəf olmalıdır. Bu isə uzun illərdir regionda tam şəkildə mövcud olmayan bir vəziyyətdir".

Sabiq deputat əlavə etdi ki, son yüz ildən artıq dövrdə Cənubi Qafqaz xalqları müəyyən mərhələlərdə birgə yaşayış təcrübəsi keçsə də, hər zaman münaqişə riski yüksək olaraq qalıb:

 Hazırda da Gürcüstanda mövcud olan Abxaziya və Cənubi Osetiya problemləri bu risklərin davam etdiyini göstərir. Bununla belə, hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və yeni mərhələyə keçməsi bütövlükdə regionda, o cümlədən Gürcüstandakı münaqişələrin həllinə də müsbət təsir göstərə bilər. Rusiyanın rolu zəiflədikcə tərəflər arasında birbaşa dialoq imkanları artacaq və bu da qarşılıqlı anlaşma üçün yeni şərait yaradacaq.

Ona görə də bu prosesi olduqca önəmli hesab edirəm. Bir daha vurğulamaq istərdim ki, burada əsas məsələ iqtisadi və nəqliyyat imkanlarından daha çox siyasi, sülh və barış potensialıdır".

Pərvin Şakirqızı

Избранный
2
2
moderator.az

3Источники