RU

Ağa Salamov: Qeydiyyatsız qida əlavələrinin satışı istehlakçı sağlamlığı üçün ciddi risk yaradır

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb. Monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Qida məsələləri üzrə baş mütəxəssis, Azərbaycan Mütəxəssislər Assosiasiyasının idarə heyətinin üzvü Ağa Salamov QHT.az-a olan açıqlamasında qida məhsulları, xüsusilə də idman qidaları və qida əlavələri ilə bağlı aparılan monitorinqləri vacib və təqdirəlayiq addım kimi qiymətləndirib.

Ağa Salamov bildirib ki, bu cür nəzarət tədbirləri qida təhlükəsizliyinin təmin olunması baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qida məhsullarının rəsmi qeydiyyatdan keçmədən satışa çıxarılması istehlakçı sağlamlığı üçün ciddi təhlükələr yaradır.

Mütəxəssis vurğulayıb ki, qeydiyyat prosesi məhsulun tərkibinin təhlükəsizliyinin və normativ tələblərə uyğunluğunun yoxlanılması deməkdir. “Bu mərhələ olmadan satışa icazə verilməsi istehlakçı sağlamlığı üçün potensial təhlükə mənbəyidir” – deyə A.Salamov qeyd edib.

A.Salamovun sözlərinə görə, məhsulların üzərində Azərbaycan dilində etiket məlumatlarının olmaması da istehlakçı hüquqlarının pozulması hesab edilməlidir. O bildirib ki, alıcı məhsulun tərkibi, istifadə qaydası, dozası və mümkün əks göstərişləri barədə məlumatı öz ana dilində əldə etməlidir.

Mütəxəssis əlavə edib ki, allergenlər barədə məlumatın Azərbaycan dilində göstərilməməsi xüsusilə təhlükəlidir. Onun fikrincə, bu, allergiyası olan şəxslər üçün həyati risk yarada bilər. “Bəlkə məhsulun tərkibində fıstıq var və bu, bəzi insanlar üçün ölümcül nəticələrə səbəb ola bilər” – deyə o diqqətə çatdırıb.

Ağa Salamov bildirib ki, istehlakçılar məhsulun tərkibindəki qida qatqı maddələri, o cümlədən E kodları ilə işarələnən əlavələr barədə də aydın məlumat almaq hüququna malikdirlər. Onun sözlərinə görə, bəzi vətəndaşlar bu cür maddələrdən istifadə etmək istəmədiyi üçün etiketləmə məsələsinə xüsusi həssaslıqla yanaşılmalıdır.

Mütəxəssis vurğulayıb ki, ölkəyə idxal olunan qida əlavələri müvafiq dövlət qurumları tərəfindən laborator müayinələrdən keçirilməli və uyğunluq sertifikatları almalıdır. O qeyd edib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Mərkəzi Analitik Laboratoriyası və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan analizlərdən sonra bu məhsulların satışına icazə verilir.

A.Salamovun sözlərinə görə, bəzi hallarda idman müəssisələri və ya fərdi şəxslər kiçik partiyalar şəklində məhsulları xaricdən şəxsi qaydada ölkəyə gətirə bilirlər. Lakin o, bu məhsulların sanitar normalara cavab verməyən, qeyri-rəsmi istehsal məntəqələrində hazırlanması ehtimalına da diqqət çəkib.

Mütəxəssis bildirib ki, əgər məhsullar qanunvericilikdə nəzərdə tutulmuş prosedurlardan keçməyibsə, bu, qaçaqmalçılıq yolu ilə ölkəyə daxilolma kimi qiymətləndirilməlidir. O, belə hallarla bağlı reydlərin və nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sonda Ağa Salamov qeyd edib ki, keyfiyyətsiz və nəzarətsiz qida əlavələrinin istifadəsi, xüsusilə idmanla məşğul olan şəxslərin sağlamlığına mənfi təsir göstərə bilər.

Fatimə Nəbiyeva

Избранный
33
qht.az

1Источники