Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin Elm və Təhsil üzrə Dövlət Agentliyi keçmiş ekologiya və təbii sərvətlər naziri, professor Hüseyn Bağırovun rəhbəri olduğu Qərbi Kaspi Universitetində dövlət sifarişi üzrə təhsil alan tələbələrdən ödəniş tələb olunması ilə bağlı qalmaqala münasibət bildirib.
KONKRET.az xəbər verir ki, maliyyə Nazirliyindən “Yeni Sabah”a bildirilib ki, 2025-ci il üzrə dövlət büdcəsindən universitet üçün ümumilikdə 5 milyon 76,6 min manat, o cümlədən 3 milyon 596,6 min manat təhsil xərcləri, 1 milyon 480,0 min manat isə təqaüd xərcləri ayrılıb.
Qeyd olunub ki, həmin vəsaitlər Elm və Təhsil Nazirliyi vasitəsilə vaxtında universitetin hesabına köçürülüb və dövlət sifarişi ilə təhsil alan 1539 tələbənin, o cümlədən, 2025-ci ildə qəbul olunan 538 tələbənin maliyyələşdirilməsini tam əhatə edib.
Vurğulanıb ki, bundan əlavə, 2026-cı il üçün dövlət sifarişi çərçivəsində universitetə dövlət büdcəsindən ayrılan vəsait 7,2 faiz artımla müəyyən olunub. Belə ki, cari il üzrə bu məbləğ ümumilikdə 5 milyon 443,5 min manat, o cümlədən 3 milyon 742,0 min manat təhsil, 1 milyon 701,5 min manat təqaüd xərcləri kimi nəzərdə tutulub.
Elm və Təhsil üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir. Qeyd olunub ki, belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz:
“Bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyə planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə cavabdeh deyil”.
Həmçinin qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti ali təhsil müəssisəsinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və rəsmi qaydada cavab verilib:
“Bildirilib ki, “Büdcə sistemi haqqında” qanunun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil”.
Xatırladaq ki, Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında təhsil alan tələbələrdən ödəniş tələb edildiyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, ali məktəbdə ödənişsiz təhsil alan bəzi tələbələrə təhsil ödənişləri ilə bağlı borc yarandığı qeyd edilən mesajlar göndərilib. Həmin mesajlarda tələbələrdən müəyyən məbləğin ödənilməsi tələb olunur. Həmçinin ödəniş edilmədiyi halda tələbələrin imtahanlara buraxılmayacağı ilə bağlı xəbərdarlıq da edilib.
Qərbi Kaspi Universitetindən isə bildirilmişdi ki, 2025-ci ilin sentyabr-dekabr ayları üçün müvafiq vəsait ayrılıb, onun əhəmiyyətli hissəsi xərclənmiş, müəyyən hissəsi isə qalıb:
“Hazırda universitetdə tələbələrin 40%-i dövlət sifarişi əsasında təhsil alır. Qərbi Kaspi Universitetində maliyyə fəaliyyəti tədris ili üzrə (2025 sentyabr – 2026 sentyabr) tənzimlənir və daxili xərclərə laboratoriyaların yaradılması, texniki vasitələrin alınması, eləcə də beynəlxalq akkreditasiya prosesləri daxildir. Bu mərhələdə ayrılmış büdcə vəsaitlərindən istifadə olunur.
Lakin 2026-cı ilin yanvar ayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdə tutularkən məlum olmuşdur ki, 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılmışdır. Dövlət sifarişi əsasında təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla bilməz”.
Qeyd olunmuşdu ki, ali məktəb Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyindən cavab gözləyir.