RU

"Qarabağ" azarkeşləri ayağa qalxmalı, Qurban Qurbanovu tək qoymamalıdı! - özü də bu məqamda...

Artıq milli həyəcan, milli fasilə geridə qaldı. Yığmamız "FİFA Series - 2026" beynəlxalq turnirinin qalibi olmaqla azarkeşlərini sevindirdi.

İndi yenidən kəskin rəqabət şəraitinin hökm sürdüyü klub yarışlarına boylana bilərik. Ona görə ki, bizi aprelin 3-də ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ" - "Sabah" matçı gözləyir. Əlbəttə, "Turan Tovuz"la "Zirə"nin duelini diqqətdən kənarda saxlamaq, həmin matçın əhəmiyyətini kiçiltmək istəmirik. Hər halda, bu cütlərin qalibləri final mərhələsinə vəsiqə qazanacaq. Lakin Ağdam və Masazır təmsilçilərinin premyer-liqadakı yeri bu komandaların duelini daha çox ön plana çıxarır. Təsadüfi deyil ki, "köhlən atlar" Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün xanımlara girişi pulsuz edib. Hələ azyaşlıların da müəyyən şərtlərlə tribunalarda pul ödəmədən əyləşə biləcəyini demirik. Əlbəttə, bu ərəfədə "Sabah" da boş dayana bilməz. "Bayquşlar"ı Misli premyer-liqasının 22-ci turunda bu rəqibə qarşı matçda xeyli azarkeş dəstəkləmişdi. Çox güman, tərəfdarlar bu dəfə də sevimli komandalarını tək qoymayacaqlar. Ancaq vacib məqam oyunun meydan sahibləri üçün daha böyük əhəmiyyət daşımasıdı. Ümumiyyətlə, "Qarabağ" gözünü kuboka dikib desək, yanılmarıq. Premyer-liqada liderdən - "Sabah"dan 10 xal geridə olan ağdamlılar ölkə kubokuna yiyələnməklə qarşıdan gələn mövsümdə Avropa Liqasında bəxtini sınaya bilər.

Əlbəttə, "köhlən atlar"ın premyer-liqada "ağ bayraq qaldırdığını" iddia etmirik. Ancaq hətta baş məşqçi Qurban Qurbanov da məlum fərqi aradan qaldırmağın çox çətin olacağını deyib.

Bu məqamda "Qarabağ" azarkeşləri özünü yaxşı tərəfdən göstərməyə məcburdu. Onlar tribunaları doldurmalı, "Tofiq Bəhramov"da "Sabah"a cəhənnəm yaşatmalıdı. Bəlkə bu yolla Masazır təmsilçisinə qarşı premyer-liqa matçında da uğur qazanmaq mümkün olacaq.

Bəs, ağdamlıların tərəfdarları sevimli komandalarına sahib çıxacaqmı? "İmarət Tayfa"ilə "İmarət Ordu"nun üzvləri öz yerində. Qalanları böyük sual altındadı. O başqa məsələ ki, "Sabah" azarkeşlərinin də tribunalara gəlmək üçün yetərincə ciddi əsasları var.

KƏNAN BAHADIR

Избранный
53
1
football-plus.az

2Источники