Nizami Kino Mərkəzinin yazılarla korlanmış fasadının ilkin görünüşü bərpa olunub.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.
Qeyd olunub ki, aprelin 1-dən 2-nə keçən gecə naməlum şəxs və ya şəxslər Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə cızma-qara etmiş, müxtəlif söz və ifadələr yazıblar:
"Görülən tədbirlərin nəticəsində qısa müddətdə həmin barbarlıq aktının nəticələri aradan qaldırılıb. Artıq binanın fasadının ilkin görünüşü bərpa olunub.
Bir daha xatırladırıq ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir. Abidələrin qorunması isə həm mənəvi borcumuz, həm də qanunvericiliyinin tələbidir".
Nizami Kino Mərkəzinin binasına vurulan ziyanla bağlı araşdırma aparılır.
Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib.
O bildirib ki, gecə saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Nizami Kino Mərkəzinin binasının fasadına naməlum şəxs və ya şəxslər tərəfindən boya ilə yazılar yazılması ilə bağlı araşdırma başlayıb. Həmin əməli törədən şəxs, yaxud şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Bakı şəhəri Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb.
"Far.Az" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) birgə bəyanat yayıb.
Qeyd olunub ki, həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Bildirilib ki, hazırda hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir.
"Hazırda tarixi abidəyə edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür. Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan qanunvericiliyinə riayət etmələrini xahiş edirik", - deyə birgə məlumatda vurğulanıb.