RU

Şirin Rzayeva: Autizm problemi haqqında yalnız aprel ayında danışmamalıyıq

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günüdür. Bu münasibətlə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına dəstək göstərən “BeKind” cəmiyyəti autizm spektr pozuntusu (ASP) olan uşaqlar üçün fotosessiya təşkil edib.

AZƏRTAC-ın müxbiri “BeKind” cəmiyyətinin təsisçisi Şirin Rzayeva ilə söhbət edib.

“Bu gün uşaqlar üçün kostyumlu fotosessiya təşkil etdik. Bu prosesi uşaqlar xoşlayır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar ən səmimi və həqiqi emosiyalarını göstərirlər, saxta emosiyalarla çıxış etmirlər. Biz isə bu emosiyaları tutmağa çalışırıq. Xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirak etdiyi hər bir tədbir çox vacibdir. Bu tədbirlər uşaqların sosiallaşmasına kömək edir və analar üçün də çox önəmlidir. Bu, onlar üçün məşğulluqdur. Belə ki, onlar da prosesə qoşulur, fəal iştirak edir, kömək edirlər. Belə təşəbbüslər nə qədər çox olsa, uşaqlar bir o qədər yaxşı sosiallaşır. Hər yeni tədbirdə uşaqlar daha çox dost qazanır. Uşaqlar tanış olur, ünsiyyət qurur, dostlaşır, analar da bir-biri ilə ünsiyyət yaradır”, – deyə Şirin Rzayeva bildirib.

Onun sözlərinə görə, yaradıcılıq fəaliyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara müsbət təsir göstərir. “BeKind” cəmiyyətinin rəhbəri vurğulayıb ki, bu cür tədbirlər davamlı keçirilməli və dəstək qazanmalıdır.

“Bütün aprel ayı autizm probleminə həsr olunub. Amma biz bu barədə yalnız aprel ayında danışmamalıyıq. Tədbirlər mütəmadi keçirilməlidir. Bizi daim dəstəkləyən təşkilatlar var, lakin barmaq sayı qədərdir. Hər kəs heç olmasa minimal dəstəyini göstərsə, bu artıq böyük iş olar. Kimsə tədbir üçün məkan verə bilər, kimsə uşaqlar üçün süfrə aça bilər, digəri isə hansısa tədbir təşkil edə bilər. Bu, böyük dəstəkdir. Hesab edirəm ki, biz yalnız mütəxəssisləri deyil, anaları da dinləməliyik. Onlarla problemləri barədə danışmaq lazımdır. Çünki hər ananın bir mübarizə hekayəsi var. Analar danışmalıdırlar, biz isə onları dinləməli, başa düşməli və dəstəkləməliyik”, – deyə Şirin Rzayeva qeyd edib.

Müəllif – Anara Axundova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
azertag.az

1Источники