RU

İş yoldaşı ilə birgə şirkət əməkdaşını döyən şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əli Səfərovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, ona cəzası 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası verilib.

 

İttihama görə, hadisə 10 iyul 2024-cü il tarixdə Cəbrayıl şəhəri ərazisində yerləşən hərbi şəhərciyin yaxınlığında baş verib. Belə ki, həmin gün saat 22 radələrində Əli Səfərov ilə zərərçəkmiş Malik Behbudov (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Mübahisə zamanı zərərçəkmiş şəxs məhkuma yumruqla sağ göz nahiyəsindən zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

 

Lakin bununla kifayətlənməyən Əli baş vermiş hadisəyə görə zərərçəkmiş şəxsdən qisas almaq qərarına gəlib. O, həmin gün saat 23 radələrində birlikdə işlədiyi digər təqsirləndirilən şəxs ilə əlbir olaraq bir qrup şəxs halında Malikin işlədiyi müəssisənin – Cəbrayıl şəhərində yeni inşa olunan elektrik stansiyasının yaxınlığında yerləşən, işçilərin gecələməsi üçün nəzərdə tutulmuş konteynerlərin qarşısına gəlib.

 

Araşdırmalarla müəyyən edilib ki, onlar əvvəlcədən razılaşaraq zərərçəkmiş şəxsə hücum ediblər. Belə ki, Əli konteynerlərin qarşısında yerləşən tikilidə masanın üzərində olan şüşə butulkanı götürərək Malikə tərəf atıb. Butulka zərərçəkmiş şəxsin başının sağ gicgah nahiyəsinə dəyib və o, zərbənin təsirindən huşunu itirərək yerə yıxılıb.

 

Bundan sonra qrupun digər üzvü təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan Malikə qarşı zor tətbiqini davam etdirib. O, ağac parçası ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə dəfələrlə zərbələr endirib.

 

İstintaq materiallarına əsasən, hər iki şəxs tərəfindən endirilən çoxsaylı zərbələrin məcmusu nəticəsində Malikə həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxsdə baş beynin ağır dərəcəli əzilməsi, sağ təpə-gicgah payında hemorragik kontuziya sahələri, epidural hematoma, pnevmasefaliya, sağ gicgah sümüyünün basılmış-qəlpəli sınığı və digər ağır travmalar müəyyən edilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Səfərov 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 3 Aprel 2026, 08:46   
Избранный
48
pravda.az

1Источники