RU

Yazın gözəlliyi ilə gələn gizli təhlükə: Allergiya ilə MÜBARİZƏ YOLLARI

Yaz fəslinin gəlişi ilə təbiət canlanır, ağaclar çiçəkləyir və hava daha da təravətli olur. Lakin bu gözəlliklə yanaşı, bir çox insan üçün narahatlıq yaradan mövsümi allergiyalar da özünü göstərməyə başlayır.

Xüsusilə yaz aylarında havada yayılan bitki tozcuqları orqanizmdə müxtəlif allergik reaksiyalara səbəb olur və gündəlik həyat keyfiyyətinə təsir edir.

Bu səbəbdən yaz allergiyasının əlamətlərini vaxtında tanımaq və düzgün yanaşma seçmək olduqca vacibdir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında allerqoloq-həkim Aydın Əfəndiyev bildirib ki, yaz allergiyasının əsas əlamətləri tənəffüs yollarında özünü burunda qaşınma, ardıcıl asqırma, su kimi seliyin axması və burun tutulması ilə göstərir:

“Bundan əlavə, boğazda və damaqda qaşınma hissi, bəzən isə qıcıqlandırıcı quru öskürək müşahidə olunur. Gözlərdə allergik konyunktivit əlamətləri - qızarma, sulanma, yanma və kəskin qaşınma meydana çıxır. Ümumi vəziyyətdə halsızlıq, yorğunluq, yuxu keyfiyyətinin aşağı düşməsi və baş ağrıları da rast gəlinir. Xüsusilə aprel-may aylarında Abşeron yarımadasına xas küləkli hava bitki tozcuqlarının havada yayılmasını sürətləndirdiyi üçün bu simptomlar daha qabarıq hiss olunur”.

Həkim qeyd edib ki, yaz aylarında qidalanma allergiyanın gedişinə birbaşa təsir edir. Dediyinə görə, bu dövrdə rasionu tənzimləyərkən bəzi məqamlara diqqət etmək vacibdir:

“Çarpaz allergiya, yəni Oral Allergiya Sindromu riski nəzərə alınmalıdır. Əgər ağac tozcuqlarına həssaslıq varsa, bəzi çiy meyvə və tərəvəzlər, məsələn, alma, gilas, şaftalı, kərəviz və ya çərəzlər yeyildikdə ağızda, boğazda qaşınma yarana bilər. Bu qidaların termik emaldan keçirilməsi və ya allergiyanın pik dövründə məhdudlaşdırılması tövsiyə olunur”.

Aydın Əfəndiyev: Yaz aylarında qidalanma allergiyanın gedişinə birbaşa təsir edir

Müsahibimiz əlavə edib ki, təbii antihistamin və antioksidantlarla zəngin qidalar faydalıdır:

“Kversetin tərkibli məhsullar - qırmızı soğan, alma, qara giləmeyvələr, brokoli və C vitamini, sitrus meyvələri, kivi, bolqar bibəri histamin ifrazını tənzimləməyə və allergik iltihabı azaltmağa kömək edir. Omeqa-3 yağ turşuları da güclü iltihab əleyhinə təsir göstərir. Buna görə rasiona yağlı dəniz balıqları, kətan toxumu və qoz əlavə etmək məsləhətdir”.

Aydın Əfəndiyev vurğulayıb ki, histaminlə zəngin qidalardan ehtiyatlı istifadə olunmalıdır:

“Bu dövrdə köhnə pendirlər, fermentləşdirilmiş məhsullar, hisə verilmiş qidalar, bəzi konservlər və spirtli içkilərin qəbulu azaldılarsa, simptomlar daha yüngül keçə bilər. Bol maye qəbulu da vacibdir. Kifayət qədər su içmək tənəffüs yollarındakı seliyi durulaşdırır və allergenlərin orqanizmdən daha tez xaric olunmasına kömək edir”.

Aynur Babazadə

Избранный
23
1
bakivaxti.az

2Источники