RU

Beynəlxalq hüquq taleyüklü sınaq qarşısında

Yazını böyüt
Yazını kiçilt

“İrana qarşı hərbi təcavüzün davam etməsi və hücumların əhatə dairəsinin mülki hədəflərə, o cümlədən yaşayış sahələrinə, universitetlərə, sənaye, səhiyyə və iqtisadi mərkəzlərə qədər genişləndirilməsi böhranın narahatlıq doğuran və təhlükəli bir mərhələyə qədəm qoyduğundan xəbər verir. Bu böhranın nəticələri milli sərhədləri aşaraq regional və beynəlxalq sülh və təhlükəsizliyi birbaşa təhdid edir. Sözügedən təcavüz beynəlxalq hüququn təməl prinsiplərinin, o cümlədən suverenliyin tapdalanması, güc tətbiq etməmə prinsipi, humanitar hüququn pozulması və bəşəriyyətə qarşı cinayətlərin aşkar təzahürüdür ki, bu da qeyri-sabitliyin kəskinləşməsinə, humanitar böhranların genişlənməsinə və beynəlxalq hüquqi nizamın daha da zəifləməsinə səbəb ola bilər”.

Bu sözlər İranın ölkəmizdəki Səfirliyindən Hafta.az-a daxil olan məqalədə deyilir. Qeyd olunur ki, beynəlxalq hüquq müstəvisindən baxıldıqda, bu vəziyyət aşağıdakı zəruri komponentləri ehtiva edir:

1. Güc tətbiq etmək qadağasının pozulması (BMT Nizamnaməsi): Suveren bir ölkənin ərazisinə qarşı hərbi əməliyyatların başlanması BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin birbaşa pozulmasıdır. Bu hərbi fəaliyyət heç bir hüquqi əsasa malik deyil və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə (1974-cü il) əsasən, "hərbi təcavüz" (Aggression) kimi qiymətləndirilir ki, bu da təcavüzkar dövlətlərin beynəlxalq məsuliyyətini yaradır.

2. Beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması: Rəsmi şəxslərin hədəf alınması və qətlə yetirilməsi, xüsusilə mülki şəxslər arasında kütləvi itkilər (məsələn, Minab kimi bölgələrdə şagirdlərin həyatını itirməsi) və on minlərlə vətəndaşın didərgin düşməsi ilə bağlı hesabatlar 1949-cu il Cenevrə Konvensiyalarının və onların 1977-ci il Əlavə Protokollarının ciddi şəkildə pozulduğunu göstərir. Hərbçilərlə mülki şəxslər arasında "fərqləndirmə prinsipi"nin (Principle of Distinction) nəzərə alınmaması, Roma Statutuna əsasən, səlahiyyətli beynəlxalq məhkəmələr tərəfindən "müharibə cinayəti" kimi təqib edilə bilər.

3. Mülki infrastrukturun və mühafizə olunan obyektlərin məhv edilməsi: Yaşayış binalarının, məktəblərin (Minab məktəbi), xəstəxanaların və universitetlərin geniş miqyasda dağıdılması beynəlxalq adət hüququnun prinsipləri ilə mütləq ziddiyyət təşkil edir. Humanitar hüquqa əsasən, mülki hədəflərə və heç bir hərbi funksiyası olmayan mərkəzlərə qəsdən hücum etmək qəti qadağandır və qeyri-mütənasib, lüzumsuz dağıntı hesab olunur.

4. Bəşəriyyətin mədəni irsinə qəsd: Dağıdıcı silahlardan istifadə nəticəsində İranın qədim tarixi və mədəni irsinə zərər vurulması "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası"nın pozulmasıdır. İranın tarixi irsi təkcə bir coğrafi sərhədə aid deyil; o, sivilizasiya yaddaşının və "bəşəriyyətin ortaq irsi"nin bir hissəsidir ki, onun məhv edilməsi dünya tarixinə və mədəniyyətinə əvəzedilməz zərbə vurur.

5. Geosiyasi nəticələr və davamlı sülhə təhdid: Elmi sülh araşdırmaları göstərir ki, İranın regiondakı həssas geosiyasi və geoiqtisadi mövqeyini nəzərə alaraq, hərbi müdaxilə yolu ilə bu ölkənin qeyri-sabitləşdirilməsi nəinki insan hüquqlarının möhkəmlənməsinə gətirib çıxarmayacaq, əksinə, Yaxın Şərqdə zorakılıq və ekstremizm dövriyyəsini dərinləşdirəcək və davamlı sülhə nail olmaq perspektivini onilliklər boyu təxirə salacaqdır. Regionun təhlükəsizliyi və sabitliyi İranın ərazi bütövlüyünün və struktur sabitliyinin qorunmasından asılıdır. Belə bir şəraitdə hərbi əməliyyatların dərhal dayandırılması, humanitar hüquqa tam riayət edilməsi və beynəlxalq təsisatların effektiv və məsuliyyətli addımlar atması təxirəsalınmaz bir zərurətdir.

Избранный
24
hafta.az

1Источники