RU

Balakənin su təminatı müasirləşir su xətlərinin 70, kanalizasiya şəbəkəsinin isə 60 faizi inşa olunub FOTO

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Balakən, 3 aprel, AZƏRTAC

Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti və intensiv yağışlar dağ çaylarında suyun səviyyəsini artırmaqla yanaşı, lillənməyə də səbəb olub. Belə təbii amillər bölgədə içməli su təminatında çətinlik yaratsa da, Balakən rayonunda vəziyyət köklü surətdə dəyişib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəllər çay suları bulandıqda rayonda günlərlə su qıtlığı yaşanardı. Lakin son illər icra olunan iri investisiya layihələri sayəsində bu problem artıq aradan qaldırılır. Hazırda rayonda təkcə dağ çaylarından deyil, həm də alternativ mənbələrdən geniş istifadə olunur.

Balakən rayonu ərazisindən beş dağ çayı axır. Mənbəyini uca dağlardan götürən Siltik və Qaraçay birləşərək Balakənçayı yaradır. Dövlət Su Ehtiyatları Agentliyinin Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi İlkin Aslanov bildirib ki, əvvəllər yağışlı havalarda yaşanan su problemi artıq geridə qalıb: "Son illər həyata keçirilən layihə çərçivəsində Balakənçay hövzəsi boyunca 5 kilometrlik məsafədə 10 müxtəlif yerdə yeni subartezian quyuları qazılıb. Hətta çaylarda güclü lillənmə müşahidə olunduqda belə, biz bu alternativ mənbələrdən istifadə edərək anbarları su ilə doldurmaq imkanına malikik".

Rayonda əhalinin su təminatının yaxşılaşdırılması üçün rezervuarların inşası əsas prioritetlərdən biridir. İdarənin rəis müavini Rövşən Qardaşovun sözlərinə görə, hazırda Balakən şəhərində 12 mindən çox sakini əhatə edən 4257 abonent var. “Su təminatı zamanı Mahamalar kəndinin yuxarı hissəsində yerləşən 500 kubluq iki anbardan istifadə edirik. Son illər görülən tədbirlər nəticəsində Balakən şəhərində elə də ciddi problemimiz olmayıb. Çay sularında qismən lillənmə olanda, 10 ədəd subartezian quyusundan faydalanırıq”, - deyən rəis müavini onu da əlavə edir ki, hər biri 2 min kub həcmində olan iki su anbarı da inşa edilib. Qarşıdakı illərdə həmin anbarlardan da istifadə olunacaq.

“Balakən şəhərinin və ətraf yaşayış məntəqələrinin içməli su təminatı və kanalizasiya sistemlərinin yenilənməsi” layihəsi çərçivəsində işlər də uğurla yerinə yetirilir. Layihənin icrası şəhərlə yanaşı, Mahamalar kəndi ərazisində də davam etdirilir. Fürsətdən yararlanıb iş gedən ərazilərə baş çəkirik. İş icraçısı Nəriman Xəlilov deyir ki, 400, 280, 250, 160 və 110 millimetrlik boru xətləri çəkirlər. Tikinti briqadaları həyət evlərinə içməli su üçün sayğaclar da quraşdırırlar.

Layihə rəhbəri Xasay Osmanovun sözlərinə görə, ötən ilin noyabrından start götürən işlər uğurla davam edir - su xətlərinin 70, kanalizasiya sisteminin isə 60 faizi hazırdır. 2-ci və 3-cü mərhələlərə vaxtında keçid etmək məqsədilə cari işlərin qrafiki qabaqlayaraq təhvil verilməsi planlaşdırılır.

Bu nəhəng layihənin tam başa çatması Balakən sakinlərinin illərdir gözlədiyi keyfiyyətli, fasiləsiz və təhlükəsiz içməli su təminatına tam zəmin yaradacaq.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
azertag.az

2Источники