RU

Min tar arasında seçilən səs Rafael Hüseynov yazır

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Rafael HÜSEYNOVAkademik

Bəhram ustada gəlib çatanacan tar Əbu Nəsr Farabidən (870-951) üzü bu yana min illik uzun yol qət etmişdi və bu səfərdə onun ömründən yüzlər deyil, minlərlə ustadlar gəlib keçmişdi. Sayı-hesabı bilinməyən mahir tarzənlərin arasında yalnız tək-tək nadirlərin adını tarix yadında saxlamışdı və hətta o təklərin adları bəs idi ki, elə tara yaxınlaşanda sənəcən tarı ucaltmış, həm də tarla ucalmış o əvəzsizlərin adı sənə anlada idi ki, bu meydanda məşhurlaşmaq, zirvə sənətkarlar mərtəbəsinə qalxmaq mümkünsüzdür.

Bəhram tara meylini salandan bir müddət sonra, artıq tara sadəcə bir çalğı aləti deyil, bir ömür dostu, daimi yol yoldaşı kimi baxmağa başlayanda ona başqalarından daha artıq bəlli idi ki, tarzənlikdə ən üstünlər cərgəsində yer almağa ümid bağlamaq xam xəyaldır.

Bu həqiqəti ən azı ondan bilirdi ki, gözünü açandan evlərində yalnız tar görməmişdi, həm də tar söhbətləri eşitmişdi.

Ancaq bütün bunları gözəlcə bilə-bilə, tar çalıb birincilər cərgəsinə ucalmağın qəlizdən-qəliz olduğunu anlaya-anlaya Bəhram tardan başqa sevdası olmayacağını da özü üçün qəti müəyyənləşdirmişdi.

Çünki tar onunçün ixtiyarsız mübtəla olunan məhəbbət idi və eşqə düşən düşünürmü ki, mən aşiqlərin ən yaxşısı, ya ortababı olacağam?!

Hər aşiq özünü aşiqlərin ən yaxşısı saymasa da, hər halda indiyədək onun kimi heç kəsin belə şiddətlə sevmədiyinə əmin olur.

Tarla, artıq onu ömrünün mənası hesab edərək, böyük yolçuluğunu başlayanda Bəhram Mansurov əmin idi ki, hələ daha keçmişdəkilər bir yana qalsın, evlərinə gəlib-getmişlərdən olan Sadıqcandan, Mirzə Fərəcdən sonra, gözünün qarşısındakı Qurban Pirimov dura-dura onun haçansa barmaqla göstərilən qabil tarzən kimi şöhrətlənməsi xülyadır. Lakin onun istəyi nə şöhrət idi, nə tarzənilkdə sayılıb-seçilənlərdən olmaq. Tardan yapışmışdı ki, onunla ürəyini boşaldıb toxtaqlıq tapsın. Tardan ona görə ayrıla bilmirdi ki, bu sevgi ona ilahi bir ilham kimi nəsib olmuşdu.

Pərvərdigar heç bir təmənnasız sevgini, heç bir fədakar məhəbbəti cavabsız qoymur. Bu mükafatı ömrü boyu tara candan bağlı olmuş və tara sədaqətlə xidmət etmiş Bəhram Mansurovdan da əsirgəmədi.

Hər insan kimi, o da ömrünü yaşadı getdi. Özü getdi, tarı qaldı və adı da vurğunu olduğu tarla qoşalaşaraq millətinin yaddaşına həmişəlik yazıldı.

...Sənət adamlarının, yaradıcılıqla məşğul olanların şəxsi həyatları, ailə yaşamı həmişə, dünyanın hər yerində maraq, mübahisə, qeybətlər, ara söhbətləri doğurub.

Çox zaman "sənət ərləri arvad sarıdan yarımayıblar, ailə həyatları uğursuz olub, odur ki, könül rahatlığını kənarda arayıblar" - fikri az qala heç isbata ehtiyacı olmayan gerçəyə çevrilib. Düzdürmü bu, yanlışdırmı? Bütün fikirlər kimi, bu fikrin də həm lehinə, həm əleyhinə onlarca misal çəkmək olar. Ancaq hər halda, deyəsən, həmişə birincisi həqiqətə daha yaxındır. Axı yaradıcı adamlar, adətən, daha çətin qavranılan, adi insani münasibətlərdə daha narahat, daha səbirsiz, daha kəskin olurlar. Onları duymaq, onlara ömür yoldaşı olmağın çətinliyini daşıya bilmək üçün qadınlardan bəlkə də daha artıq hövsələ, daha artıq müdriklik, daha artıq fədakarlıq, daha artıq nəvaziş tələb olunur. Buna isə onsuz da saysız-hesabsız qayğıya bürünmüş hər qadının tabı çatmır. Bu, danılmazdır. Ancaq nə yaxşı ki, vəfası, mətanəti, sevgisi ilə seçilən, ərlərinin istedadını dərindən-dərinə duyub məhz bununçün də çox şeydən məhrum olmağa hazır, çox məhrumiyyətlə dözə bilən, beləliklə də yalnız ailələrinə deyil, insanlara xidmət etmiş qadınlar olub və var. Həyat onlarla daha gözəldir.

Və əslində, həyat dedikləri hər şeydən öncə dil bilən, söz anlayan insanlarla yaşamalı deyilmi?

Təkcə çoxlu uşaq doğub böyüdən qadınlara "qəhrəman ana" deyilməsin gərək. Öz ömür-günlərindən kəsib insanlar üçün, sabah üçün gərəkli ərlərinin ömürlərinə qoşan, öz dərdlərini gizlində çəkib, bəzən içərilərində ağlamağı bacaran, öz narahat dəqiqələri, sıxıntılı anları, uda bildikləri şıltaqları hesabına həyat yoldaşına daha artıq yaratmaq, daha çox, daha həvəslə işləmək imkanı bağışlayan qadınlar da qəhrəman sayılsın gərək.

"Bəhram müəllimin çalmağını bir mən yox, bütün Azərbaycan xalqı, bütün musiqişünaslar sevirlər. Hətta başqa ölkələrdən "sağ ol" deyib məktublar yazırlar. Ona ruh verirlər. Bunların da hamısının səbəbi, mən elə bilirəm, Münəvvər xanımdır. Münəvvər xanım onu əsən küləklərdən qoruyur. Çalmağa gedən günü onun nazını çəkir, onu yola salanda deyir: "Get, Bəhram, uğurlar olsun, get yaxşı çal, mizrabı möhkəm vur".

Qoy mənim bu sözlərim gələcək nəslin cavanlarına yadigar olsun ki, həyatda, evdə həyat yoldaşı ilə xoş keçməsə, acı keçsə, qanıqara çalmağa gedən heç bir vaxt düzgün çala bilməz. Çünki tar incəlik sevir, naz sevir. Bütün çalğılar elədir.

O, evdən gedəndə qanıqara getsəydi, o cür çala bilməzdi. Bəhram həmişə yaxşı çalıb, yaxşı da çalacaq. Nə qədər Münəvvər xanım yanındadır, Bəhram cavan qalacaq".

Bu, unudulmaz müğənnimiz Yavər Kələntərlinin sözləridir. Bəhram müəllim haqda 1978-ci ildə hazırladığım bir radio verilişində çıxış edərkən demişdi.

Və həm doğru, həm də çox sərrast deyib.

Bəhram ustadla yolları qovuşanda Münəvvər xanım ondan xeyli gənc idi, gözəl idi, əlində gül kimi sənəti vardı - həkimlik. Bəhram elə o vaxt da operanın solisti idi və heç Əməkdar artist də deyildi. Münəvvər xanımacan ailəsi də, uşağı da olmuşdu. Ancaq günlərin birində tək tarını götürüb çıxıb getmişdi evdən.

Münəvvər xanım bəlkə də yaxşı həkim ola bilərdi. İşləmədi. Bildikləri, həkimlik vərdişləri çox-çox sonralar, yaş artdıqca müxtəlif xəstəliklərə tuş düşən ərinə xidmət etmək üçün gərək oldu ona.

Makinada yazmağı, foto çəkməyi, cürbəcür maqnitofonların dilindən baş çıxarmağı öyrəndi.

Mətbəxdə çalışdı, paltar yudu, uşaqlarına baxdı. Ərinə qulluq elədi. Və qəzet-jurnalları vərəqlədi. Radio-televiziya ilə verilən musiqi verilişlərini, konsertləri izlədi. Şəhərdəki afişalarla maraqlandı. Əri haqqında harada bircə cümlə belə xoş söz, tərif eşitdisə, səliqə ilə dəftərdə qeyd elədi. Bəhramın ən müxtəlif yerlərdə, ən müxtəlif illərdə çəkilmiş fotolarını toplamağa başladı.

İllər ötürdü və bir-birinin ardınca arxasında böyük zəhmət duran nəfis albomlar yaranırdı. Bu albomlarda tarzən Bəhram Mansurovun ömür salnaməsi əks olunmuşdu.

Evdəki qalaq-qalaq kasetlərdə Bəhram Mansurovun çalğıları, müxtəlif sənət adamları ilə söhbətləri, nadir səslər, ifalar yığıldı.

Əməlli-başlı bir ev-muzeyi yarandı.

Nəsə həmişə düşünürdüm ki, Münəvvər xanım bütün bunları musiqi tariximizə xidmətdən daha artıq ərini narahat dəqiqələrində ovutmaq, sevindirmək, fərəhləndirmək üçün edib.

Hərdən axşamlar oturdular, vərəqlədilər şirin xatirələr, əlvan fotolarla dolu albomları. Bəhram ustadın köksü qabardı. Bu sənədlərə, bu yazılara baxanda hər dəfə hiss elədi ki, ömrünü mənasız yaşamayıb. Əhvalının ən qarışıq vaxtında kefi duruldu, ən yorğun çağında dinclik, rahatlıq yayıldı canına.

"Mina, zəhmət olmasa, tarımı gətir bura", - dedi.

Və bu, bəs idi Münəvvər xanıma. Bütün zəhmətlərinə ən yaxşı mükafat, ən yaxşı ödənc kimi.

Bu, 1980-ci illərin lap əvvəllərinin xatirəsidir. Bir dəfə axşamüstü Bəhram müəllimgilə getmişdim. Televiziyada yazılışı vardı. Özü hələ gəlib çıxmamışdı. Gördüm ki, Münəvvər xanım sovet və xarici ölkə alimlərinin müxtəlif qəzet-jurnallardan kəsilmiş sırf elmi və kütləvi məqalələrini, bir dəstə kitabı yığıb qarşısına, oxuyur, nəsə qeydlər edir.

Bu məqalələrin, bu kitabların heç biri musiqi haqqında deyildi. Ürək xəstəlikləri haqqında idi bu yazılar.

"Bəhram üç dəfə infarkt keçirib. Həkimlərə ürək qızdıra bilmirəm. İstəyirəm hər şeyi bilim ki, qulluğunu özüm eləyim - vəziyyəti kəskinləşməsin. O qədər oxumuşam bu kitablardan ki, indi ürəyi xəstə olan tanışlar məsləhət üçün mənə zəng vururlar. Birinci infarktdan sonra Bəhram tamam ruhdan düşmüşdü. Bərk sınıxmışdı. Hiss eləyirdim ki, içərisini yeyir.

"Ay Mina, həkimlər hərəkət etməyə qoymurlar məni. Bəs bu yaralı ürəyimlə tarı necə çalacam?"

Sonra bir Kanada aliminin yazısını oxudum. Yazırdı ki, əksinə, hərəkət infarktdan sonra ürəyin tez sağalmasına kömək eləyir.

Konsertə çağırmışdılar Bəhramı. Həkimlər qəti etiraz elədilər, "Ölməkmi istəyirsən?" - dedilər. Oxuduğum məqalədən danışdım Bəhrama: "Get çal, qorxma, heç nə olmaz, əksinə, xeyirdir".

Uşaq kimi sevinirdi evdən çıxanda.

O getdi, mən qaldım ürəyimi yeyə-yeyə. Eldara tapşırdım tez-tez zəng eləsin (Eldar Mansurov indi Azərbaycanın xalq artistidir, ən dəb bəstəçilərimizdəndir, onun çatmış olduğu sənət ucalıqlarını görsəydi, Bəhram ustad nə qədər bəxtiyar olardı! - R.H.).

- Ana, atamın ovqatı elə yaxşıdır, elə həvəslə çalır ki, deməzsən xəstə olub.

Oturub başladım sevindiyimdən ağlamağa".

Münəvvər xanımın - bu fədakar qadının şəkər xəstəliyi vardı. Bəhramlı çağlarında cəhd eləyirdi ki, xəstəliyin böhranlı günlərini, qəfil tutmalarını gizlətsin, kimsəyə bildirmədən ayaqüstü yola versin. Şəkəri bərk qalxanda - koma qorxusu yarananda belə xəstəxanaya getmək istəmirdi. Ancaq həkimlər də onun dilini öyrənmişdilər. Belədə: "Bəhram müəllimi yalqız qoymaqmı istəyirsən?" - deyirdilər.

Yarıkönül gedirdi xəstəxanaya. Dözə bilmirdi. Bir neçə gün sonra, vəziyyəti azacıq babatlaşan kimi qayıdıb gəlirdi evə, Bəhramının yanına.

Muğamlı ocaqda böyümüş Bəhramın tarın qarşısında ən mühüm qulluqlarından biri bu oldu ki, yüzillərlə yaşı olan çalğı ənənəsini, çalğı tərzini yaşatdı.

Sadıqcan belə çalırdı, Mirzə Fərəc belə çalırdı, Qurban Pirimov belə çalırdı, Bəhram həmin sayaq çaldı.

Bəhram sənəti bir körpüdür. Muğamımızın dünəni ilə bugünü arasındakı körpü. Həm də yalnız çalğısının tərzinə görə yox. O elə muğam şöbələrini, elə guşələri ifa edirdi ki, artıq çoxdan unudulublar. Köhnə əlyazmalarında, musiqi tarixi kitablarında indiyəcən eşitmədiyim bir muğam şöbəsinin adıyla rastlaşırdım. Ən mahir, ən təcrübəli xanəndələrə, tarzənlərə, musiqişünaslara üz tuturdum. Çiyinlərini çəkirdilər. Bəhram müəllimə deyirdim, başlayırdı çalmağa. Və filan qədər də izahat verirdi. Belə bir canlı klassikin varlığına dəfə-dəfə sevinməyə bilmirdim.

1978-ci il idi. XI yüzillik Şərqinin ünlü düşünəri və söz ustası Baba Tahir Üryanla bağlı araşdırma aparırdım. Bir farsdilli orta əsr qaynağında vaxtilə "Şur" muğamında bu şairin adıyla ünvanlanmış muğam şöbəsi olduğunu gördüm. Mənbələrin ardınca getdim. Sən demə, Baba Tahir həm də musiqiçi olubmuş. Gözəl səsi varmış, yaxşı tənbur çalırmış. Yaratdığı muğam şöbəsində öz zərif dübeytilərini oxuyurmuş. Cabbar Qaryağdıoğlunun muğamlarımız haqda bir əlyazmasında bunu da gördüm ki, həmin şöbəni xanəndələrimiz XIX yüzillikdə oxuyurmuşlar. Necə olub bəs? Səkkiz yüz il boyunca dildən-dilə, yaddaşdan-yaddaşa keçmiş bir muğam şöbəsi yerli-dibli yox oldumu, əlimizi üzəkmi, ümidimizi kəsəkmi ondan?

Nə yaxşı ki, Bəhram ustad varmış. Elə mən "Baba Tahir" deyən kimi tarını götürdü və başladı həmin şöbəni çalmağa. Lentə də aldıq, nota da saldıq. İlk dəfə 1979-cu ildə həmin not yazısı mənim Baba Tahirə həsr edilmiş dissertasiyamın avtoreferatının sonluğunda işıq üzü gördü.

Bəhram ustadın yaddaşında nə qədər bu cür unudulmuş muğam qönçələri yaşayırdı! Maraqlandıqca, soruşduqca qat-qat açılırdı bu "gülüstan" (Ən pisi odur ki, çox zaman nadir adamlara lazımlı sualları verməkdə ləngiyirik).

1967-ci ildə Bakıya Parisdən bir "zərgər" gəldi və axtardığı "zər"i də Bəhram Mansurovda tapdı. Beynəlxalq Müqayisəli Musiqi Araşdırmaları və Sənədləri İnstitutunun direktoru Alain Danielu elə o vaxt qət etdi: "Mansurovun ifası unikaldır. Onun muğam ifasını UNESCO xətti ilə vala yazıb dünyaya yaymaq lazımdır".

Bu istək 1975-ci ildə gerçəkləşdi. Hollandiyanın "Filips" firması Bəhram Mansurovun ifasında Azərbaycan muğamları yazılmış böyük bir val buraxdı. O valın nüsxələri Bakıya da gəlib çıxdı.

Sevinirdik, fəxr edirdik o günlərdə. Çünki bu, ilk val idi (İndi, şükür Allaha ki, onlarla Azərbaycan musiqili disk dünyanı dolaşır).

Təbrik üçün evlərinə getmişdim. Ağızucu "sağ ol" dedi. Bu soyuqluğa təəccübləndim. Münəvvər xanım: "Neçə gündür, o val gəlib çıxandan qaş-qabağı yerlə gedir. Bilmirəm nolub. Soruşuram da cavab vermir", - dedi. Handan-hana Bəhram müəllim özü dilləndi: "İstəyirəm Danieluya məktub yazıb narazılığımı bildirim. Bir yandan da fikirləşirəm ki, iş işdən keçib, bundan sonra neyləmək olar axı? Val çıxıb, yayılıb.

Bir bu valın üstünə bax".

Baxdım. Çox nəfis. Tən ortada Bəhram müəllimin rəngli fotosu. Haşiyələrdə isə müxtəlif milli musiqi alətlərimizin şəkilləri. Haşiyədəki tar şəklinin üstünə qoydu barmağını: "Azərbaycanlı tarçalanın valını buraxıblar. Azərbaycanımın muğamını çalmışam, götürüb burda İran tarının şəklini veriblər..."

Bəhram ustad beləcə, bütün ömrü boyu tarımızın təəssübkeşi, fədaisi oldu.

...Bəhram Mansurov 1932-ci ildən operada işləyirdi. Əlli ildən artıqdı ki, tamaşada çalmalı olduğu günlərdə düz bir saat əvvəl (azı!) gəlirdi teatra. Belə edirdi ki, tar binanın havasını alsın, özü də bir az məşq eləyə bilsin. Amma aktyorlar, müğənnilər, musiqiçilər də var ki, tamaşa başlahabaşlada güc-bəla özlərini qan-tər içində yetirirlər. Özü də bunu deyər, ərklə gileylənərdi (Ustadın yarım əsrdən artıq bir vaxt boyunca həmişə əməl etdiyi intizam vərdişini cavanlar, bugünkü nəslin ifaçıları da mənimsəməyə meyl etsələr, heç pis olmaz).

Operamızın ən stajlı solisti olmuş Bəhram ustad teatrda çalışdığı illərdə onlarca Leylini, Məcnunu, Əslini, Kərəmi, Şah İsmayılı, Ərəbzəngini səhnəyə gətirdi. Hamısı ilə bircə-bircə məşğul oldu, bildiklərini səxavətlə öyrətdi. Bəhram ustadın arayıb tapdığı, böyük sənətə gətirdiyi bu müğənnilərin əksəri indi fəxri adlar daşıyır, ən tanınmış ifaçılarımızdırlar. İxtiyarlığında, ömrünün tükənəcəyində də təzə xanəndələr, operanın yeni solistləri Bəhram müəllimin səxavətli evinə gəlirdilər və bu evdə yenə 10 il, 20 il, 30 il əvvəl olduğu kimi, 10-cu, 20-ci, 30-cu yeni Leyli və təzə Məcnun məşqə başlayırdı...

(Bəhram ustad buna da şahid olsaydı, son dərəcə məmnun qalardı ki, digər oğlu Elxan da həm tara, həm operaya onun kimi sadiq çıxdı, atası kimi, onillərdir ki, yeni-yeni Leyliləri və Məcnunları təzə tamaşalara hazırlayır).

Xatırlayıram...

"Göz yaddaşımda" Bəhram müəllimin nurlu üzü, "qulaq yaddaşımda" doğma, ilıq səsi...

Dünənə daldıqca sanki donmuş zaman sularını örtmüş buz laylarının üstündən aşıram, öz yaşımı da ötüb keçirəm, çatıram Bəhram müəllimin uşaqlıq çağlarına, uzaq günlərin qatı dumanı asta-asta dağılır, heç vaxt görmədiyim tanış üzləri görürəm...

Tək məşhur çalıb-oxuyanlar yox, şairlər, qəzəlxanlar da onların evinə tez-tez gələrdi. Mirzə Əbdülxalıq Yusif, Ağadadaş Müniri, Buzovnalı Azər, Əlabbas Müznib Məşədi Süleymanın daimi həmsöhbətləriydilər. Balaca Bəhram qardaşlarıyla birgə bu əziz qonaqların hər gəlişini gözlərdi, onların söhbətlərinə qulaq asar, hərəsindən bir söz öyrənərdi.

18-ci Şura məktəbində oxuduğu illərdə isə Bəhram artıq özü ansambl düzəltmişdi. Ağasəf Bakıxanov, Məhərrəm Haşımov, Süleyman Məmmədov həmin ansamblda çıxış edirdilər, tez-tez "Salyanski kazarma"da - əsgərlər qarşısında konsertləri olurdu...

"1930-cu ildə doktor İonesianın orkestrinə qəbul olundum. O zaman bu orkestr Azərbaycan Konsert Birliyinin orkestri idi. 1930-cu ilin axırlarında məni radio komitəsinə apardılar. Orada məni Müslüm Maqomayev dinlədi və işə qəbul etdi. Həm solo, həm də xanəndələr üçün trioda çalırdım. Sonra elə orada birinci notlu orkestr düzəldiləndə bizdən xahiş etdilər ki, siz də kömək edin.

Biz də kömək etdik. Əmrulla Məmmədbəyli, Xosrov Məlikov, Səid Rüstəmov, Hafiz Mirzəliyevlə birgə çalırdıq həmin orkestrdə. Not bilmirdim. Şubertin marşını çalırdıq. Elə bir dəfə eşidən kimi əzbərləmişdim. Not əvəzinə "Yeni yol" qəzetini qoyurdum qarşıma ki, gendən baxan elə bilsin nota baxıb çalıram.

Mən o orkestrdə beş-altı ay çaldım. Biz o vaxt "Dom oboronı"da (indiki filarmoniyada - R.H.), "Rotefane" parkında (indiki Nizami parkında - R.H.) konsertlər verirdik.

1932-ci ilin axırlarına yaxın Müslüm Maqomayev məni apardı Opera teatrına".

Amma Bəhram müəllimin Opera teatrına meyli daha əvvəllərdən idi. 1922-ci ildə Tağıyev teatrında ilk dəfə opera tamaşasına baxmışdı. Bibisi oğlanları teatra gedirlərmiş, o da əl çəkmir, qoşulur onlara.

"Apara bilmərik, sən hələ balacasan" desələr də, Bəhram iki ayağını dirəyir bir başmağa və o axşam biletsiz-filansız birtəhər onu da salırlar içəri. Sarabski Məcnunu oxuyurmuş, Leyli də Sona Hacıyeva imiş.

"Tamaşa başlananda baxdım ki, gözəl bir tar səsi gəlir. Ürəyimdə öz-özümə dedim ki, burda tarın səsi nə yaxşı çıxır! Görəsən, mən də burda çala bilərəmmi?"

Bu, bir qığılcım idi, amma onun operaya, tara rəğbətini qat-qat dərinləşdirən bir hadisə də olmuşdu.

1924-cü ildə, indiki Kukla teatrının binasında iki günlük konsert elan edilibmiş. İonesianın orkestriylə Qurban Pirimov, bir də Tiflisdən dəvət olunmuş Bala Məlikyan çalacaqmışlar. Bəhram böyük çətinliklə bilet tapıb baxır o konsertə. Bu, sadəcə konsert deyilmiş. İki tanınmış tarzən üz-üzə gəlibmiş. Müxtəlif çalğı məktəblərinin, müxtəlif çalğı ənənələrinin, sənətdə birinciliyin yarışı imiş bu.

Salon Qurbanın və Balanın azarkeşləriylə doluymuş - mən burada musiqidən daha çox idmanı yada salan bir sözü təsadüfən yox, qəsdən işlədirəm, çünki o qarşılaşma tək zövqlərin, sənət sevgilərinin deyil, həm də təəssübkeş ehtirasların, milli heysiyyətin, erməniylə türkün üzləşməsiymiş.

 "Orda Qurban Pirimovun böyük ustalıqla Bala Məlikyana necə qalib gəldiyini görəndən sonra tara həvəsim daha çox artdı. Əhd elədim ki, gərək bu tarı daha bərk tutam, eşqim bu taradır".

Bəhram müəllim "sevgim", "istəyim" demirdi, "eşqim" deyirdi və belə deyəndə istər-istəməz yadıma nağıllarımız düşürdü.

Əfsanəvi, ilahi, ülvi eşqdən ötən nağıllarımız.

Doğrudan da, Bəhram müəllimin tara eşqini, bu məhəbbətin sayəsində tarımıza etdiyi xidməti adi sözlərlə ifadə etmək çətindir.

Əvvəldə iki suala cavab aradığımı yazmışdım: "Bəhram ustad tara nə verdi və tar ona nə verdi?"

Əslində, birinci suala cavab axtara-axtara, zənnimcə, elə ikincisinin də cavabı aşkarlandı.

Ancaq hər halda, bir dəfə özündən soruşdum, belə dedi: "Tar mənə çox böyük xoşbəxtlik verib".

Bundan sərrast necə demək olar?!

...Bəhram müəllimdə yadigar kağızlara daimi bir maraq vardı və bu şakəri lap gəncliyindən baş alıb gəlirdi.

Bəhram müəllimin gözoxşayan sahmana malik arxivində xarici musiqiçilərin, əcnəbi sənətsevərlərin avtoqrafları, lentə alınmış danışıqları, çalğıları, məktubları kefin istəyən qədərdi və bu qoca tarzənin vəfatından bir neçə ay sonra da ona dünyanın ən müxtəlif ölkələrindən çoxlu məktublar gəlirdi.

Bəhram müəllimin xarici tanışları arasında elələri də vardı ki, ünsiyyətləri təsadüfi xarakter daşımırdı, bir-iki məktubla bitmirdi, davamlı əlaqəyə çevrilmişdi. Humboldt adına Berlin Universiteti Musiqi etnologiyası kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Yurgen Elsner onlardan biriydi. Elsnerlə Bəhram müəllim Səmərqənddə də görüşmüşdülər, Bakıda - ustadın evində də. Yurgen Elsnerin bu söhbəti maqnitofon lentində qalır: "Artıq bir neçə saatdır ki, Bəhram Mansurovun evində qonağıq. Onun xoş musiqisini dinləyirəm. Hələ bura gəlməzdən qabaq onunla görüşü səbirsizliklə gözləyirdim. Ancaq indi onun ifasında çoxlu muğam və təsnif dinləyəndən sonra mən tarzənin incə sənətinə, gözəl çalğısına heyran qalmışam. Buvaxtacan başqa ölkələrdə də muğam eşitmişdim. Ancaq onun ifasında muğam daha gözəl, daha cəzbedicidir. Həm də Bəhram Mansurov bu gözəl təsirə tara qoşulmuş elektronun vasitəsilə deyil, barmaqları, bir də quruca tarı ilə nail olur. Bu, olduqca maraqlıdır. Mən buralara yenə gəlməliyəm ki, daha çox şey öyrənim".

Elə bayram olmazdı ki, tanınmış macar bəstəkarı və musiqi nəzəriyyəçisi İştvan Rayç ustadı xatırlamasın. O da Bakıda, Bəhram müəllimgildə olmuşdu, gedəndə məftun qaldığı Mansurov çalğılı vallar da, maqnitofon lentləri də aparmışdı. 1976-cı ilin bitəcəyində göndərdiyi yeni il təbrikində belə yazırdı: "Sizə neçə gözəl illər arzulayıram. Siz hər an mənimləsiniz, indi, bu saat otağımda çalırsınız".

1977-ci il fevralın 9-da "Nepsabadşaq" qəzetində çap olunmuş yazısındasa belə sətirlər vardı: "Tarzən Bəhram Mansurov ürəyimi tək çalğısı ilə fəth etmədi, özünün hazırladığı gözəl Azərbaycan yeməkləri də məni heyran qoydu".

Doğrudan da, kulinarlığı, aşpazlıq istedadı, mətbəx səriştələri Bəhram müəllimin qibtəediləsi məziyyətlərindən idi. Hətta onun bu səriştəsiylə Münəvvər xanım da rəqabətə girə bilmirdi və ərinin aşkar üstünlüyündən agah olduğundan, Bəhram hər dəfə "bu gün yeməyi özüm bişirəcəm" deyəndə danışıqsız təslim olurdu. Hərdən yolum keçmiş Fioletov - indiki Əbdülkərim Əlizadə küçəsindəki radio səsyazma evinin yanından düşəndə istər-istəməz Bəhram müəllimi xatırlayıram. Vaxtilə radio verilişləri efirə elə buradanca birbaşa translyasiya edilirmiş, Bəhram müəllim bəzən bir neçə konsertdə çalmalı olduğundan səhərdən-axşamacan studiyada ləngiyirmiş, ona görə də həmin günlərdə hazırlıqlı gəlirmiş, səhər pitiləri asırmış, günortaüstü pitinin ətri götürürmüş aləmi, Bəhram müəllim musiqiçi dostlarıyla naharını edib keçirmiş studiyaya, başlayırmış növbəti konserti çalmağa...

Bəhram müəllimin bişirdiyi xörəklərin dadı indi də damağımdadır, amma ən çox Bəhram müəllimin o xörəkləri necə bişirməsi barədə böyük ləzzətlə danışdıqlarını xatırlayıram.

Ümumən, Bəhram müəllim həyatın zövqlərini doyunca dadmağa həmişə çalışmışdı, amma bir arzusu da xarici ölkələri gəzmək, dünyanın cürbəcür məmləkətlərini görmək idi.

Böyük fəxrlə danışardı ki, atası ilk dəfə bütün Avropanı səyahət edib.

Bu, XX yüzilin onuncu illərinin axırlarının söhbətləriydi.

Bəhram müəllim Məşədi Süleymanın İsveçrədə çəkilmiş şəkillərini mənə göstərə-göstərə nağıl eləyirdi ki, atasının çoxlu torpaq sahələri varmış.

Məşədi Süleyman duyuq düşür - siyasi mühit başqalaşır, gec-tez var-dövlət hamısı onsuz da gedəsidir, odur ki, torpaqları bəri başdan özü satır, bircə bağ saxlayır, pulları da sərf edir Avropa səyahətlərinə.

Məşədiyə o səfərlərin ləzzətləri qalmışdı, oğlu Bəhrama fotoları.

Bunlar inqilabdan qabaqkı əhvalatlar idi, amma Bəhram müəllimə çox ölkələrdən, çox dillərdə məktublar da göndərirdilər. Təbii ki, o dillərin hamısını - hətta heç birini bilmirdi Bəhram müəllim. Münəvvər xanım tərcüməçilər tapırdı, çevirtdirirdi o məktubları, oxuyurdu Bəhram üçün, ustad qulaq asırdı, ürəyi açılırdı: "Muğamımın hörmətinə bax e... Dünya baş əyir ona!"

...Bəhram müəllimi dünyanın neçə ölkəsinə dəvət edirdilər, viza göndərirdilər. Həm şəxsi dəvətlər olurdu, həm də onu müxtəlif simpoziumlara, konfranslara, sənət bayramlarına, musiqi yarışlarına çağırırdılar. Dəvətlərin mühüm səbəblərindən biri də bu idi ki, Bəhram müəllimi xarici ölkələrdə görmək, eşitmək, çalğısını bacardıqca geniş həcmdə vala, lentə almaq arzusunda olanlar, bu zəngin sənətkardan öyrənmək istəyənlər çox idi.

Bəhram müəllimin maddi imkanı da yaxşıydı, bu səfərlərin onun ailə büdcəsinə bəd təsiri-filanı da olmazdı - bəlkə əksinə. Amma heç bu dəvətlərdən birinin baş tutduğunu görmədim. Ya iki-üç ay qabaq göndərilmiş dəvət məktublarını haradasa ləngidib iş-işdən keçəndən sonra Bəhram müəllimə təqdim edirdilər, ya görürdün ki, tutalım, Bağdad səfəri ərəfəsində onu təcili göndərirdilər Lənkərana qastrola, ya sənədlərin hazırlanması ilə bağlı o qədər lüzumsuz əngəllər durğuzurdular ki, ustad hirslənərək, bezərək özü bu həngamədən qırağa çəkilirdi.

Uzun sözün qısası, arzu solurdu ürəkdə, Bəhram müəllim üçün o səfərlər xəyal olaraq qalırdı. Alınmırdı. Gedə bilmirdi.

Sonralarsa səhhət nasazlıqları da baş qaldırdı, sağlamlıq laxladı və indi də xaricə səfərlərə getməyə nə həkimlər icazə, nə Münəvvər xanım yol verdi.

Üç infarkt görmüş ürəklə təyyarəyə minmək məsləhət deyildi, iqlimi dəyişmək, uzaq səfərə çıxmaq qətiyyən yaramazdı. Əslinə baxsan, heç o qədər çalmaq da olmazdı, ürəyə əlavə yük idi, əziyyət idi.

"Gör ha, ürək mənə indi lazımdır, bu da başlayıb naz eləməyə".

Bəhram müəllim belə deməyinə deyirdi, ancaq ürəyin nazını çəkmək fikri də yox idi: "O işə Münəvvər baxır, mənimki tar çalmaqdır", - deyirdi.

1980-ci illər - artıq ötən əsrin, keçən minilliyin illəri...

...İkimizik. Bəhram müəllim çox sevdiyi "Mahur-hindi"ni çalır.

Diksinən kimi oluram - niyə indiyəcən bunu sezməmişəm? Çalır, hərdən tarı silkələyir, xoş bir əks-səda yaranır və bu aralıq görürəm ki, ustad həzin, xəfif zümzüməsini də qovuşdurur o səsə. Sanki uzaqdan, lap uzaqdan gələn narın bir balaban avazı qarışır tarın sədasına.

Yox, bunu Bəhram müəllim səhnədə, televiziyada, radioda çalanda - səndən uzaqda olanda tutmaq çətindir. Elə beləcə, üz-üzə, tarın nəfəsini duyacaq yaxınlıqda olmaq lazımmış bunu hiss eləmək üçün.

...Həzin bir axşamdır. Bəhram müəllimlə ikimizik. "Mahur-hindi"ni çalır ustad.

Burada - Hüsü Hacıyev küçəsində Bəhram müəllimin beşinci qatdakı mənzilində tar insanlığın əbədi və əzəli möhnətindən, nisgilindən, hikmətindən danışır.

Kədər gətirsə də, bu axşamın, bu çalğının uzandıqca uzanmasını istəyirəm.

Vaxtsa öz işindədir.

Dörd qat aşağıdan, 1984-cü il Bakısının axşamlı, əlvan işıqlı, adamlı küçəsindən sürətlə keçib gedən avtoların səsi gəlir...

...1985-ci ilin may günlərində Bəhram müəllimlə vidaya yığıldıq.

Vaxt ürək üşüdən kədərli sözünü dedi. Mən daha bir əzizimi, mədəniyyətimiz canlı tarixi olan müstəsna şəxsiyyəti, körpü adamı, muğamatımız ən sayıq və etibarlı keşikçilərindən olan zirvə sənətkarı itirdi. Bircə anın içində zamanın soyuq üzü Bəhram ustadı keçmişə döndərdi.

Keçmiş zaman...

İçərisində Bəhram müəllimin də olduğu və mənim daha heç vaxt qayıda bilməyəcəyim zaman.

O zamana, o ötüb keçmiş günlərə yeganə cığır xatirələrlə ola bilər və mən də bir daha - sönməyən təəssüratlarımın, anımlarımın Ay işığı kimi süzüldüyü o xatirə cığırıyla geri dönürəm.

"Bu cüvəllağını görürsən də, - Bəhram müəllimin səsidir. Nəvəsini - balaca Bəhram Mansurovu göstərir, - yaman dadanıb tara. Evdən çıxmağıma bəndəm - götürür, tarın kökdən düşməyindən bilirəm ki, onun işidir. Qoy bir az böyüsün. Onu elə öyrədəcəm ki, məndən də yaxşı çalacaq. Bu təzə çalğılardan yox ha, öz çalğımızdan. Dədə-baba yoluyla..."

Balaca Bəhram Mansurov tarçalan olmadı.

İkinci Bəhram olmadı.

Ustad Bəhram yaddaşlarda övladı olduğu Mansurovlar sülaləsinin TƏK böyük tarçısı kimi qaldı.

Yalnız Mansurovlar nəslinin də deyil, Azərbaycan tarzənliyinin o üslubda ifa edən, özü demiş, "əruz vəznində", "dədə-baba yoluyla" çalan Son və Tək tarzəni kimi!

...Yəqin, bu da tarixin və böyük sənətin öz məntiqidir - o cür ustad elə tək olar!..

Yalqızlığı ilə tək yox, müstəsnalığı ilə TƏK!

Hüsü Hacıyev küçəsindəki o tanış binada, o tanış mənzildə lap çoxdan başqa adamlar yaşayır. Daha heç küçə də köhnə adı daşımır - olub Azərbaycan prospekti.

Ömürlərinin çox onilləri burada keçmiş millət seçkinlərinin ruhu həmin küçəyə layiq olduğu ən uca adı qovuşdurdu.

Qismət elə gətirib ki, hər axşam işdən evə gedən yolum oradan keçir. Hər dəfə prospektin sonuna çathaçatda ya yol işıqları "dayan" deyir, maşını saxlayırıq, ya da yol açıq olsa belə, yenə istər-istəməz sola qanrılıram, böyründən keçdiyimiz tanış, məhrəm binanın son mərtəbəsindəki pəncərələrə tərəf baxıram.

Bir zamanlar o binada Azərbaycanın görkəmli tarzəni, muğam bilicisi Bəhram Mansurov yaşayırdı. Onun və tarının cazibəsi bura onillər boyu nə qədər insanı çəkib gətirərdi! Bu ünvana ilk dəfə təşrif gətirənlər telefon açaraq evi necə tapmalı olduqlarını soruşanda Bəhram ustad binanın nömrəsini söyləyəndən sonra lap aydın olsun deyə əlavə edərdi ki, aşağıda fotoatelye var, elə onun yanından burulub həyətə girin.

...Haçandır bir vaxtlar vitrinində Bəhram müəllimin də çox uğurlu rəngli fotosu asılan, ünvanı rahat tapmağa həm də bir nişanə sayılan o atelye də yoxdur. Amma Xalq artisti, Azərbaycan tarzənliyinin zirvə sənətkarlarından olan Bəhram ustad var! İndi - 115 yaşı tamam oldu, 116-na adlayanda da var, çox onillər sonra da daim var olacaq.

Və mən istəyirəm ki, milli musiqimizə ömrü boyu məhəbbətlə, təəssübkeşliklə, fədakarlıqla xidmət etmiş bu əvəzsiz sənətkar bir zamanlar yaşadığı binaya yenə qayıtsın, həmin binada hər gün olsun!

Umuram və arzulayıram ki, həmin binanın yanından ötərkən divardan bizə Bəhram ustadın barelyefi baxsın. Həm də bu istək ürəyimdən keçərkən təkcə o bunanı, yalnız mənə çox əziz və unudulmaz olan Bəhram müəllimi düşünmürəm. İndi doğma Azərbaycanımızın adını daşıyan bu prospektdə sıralanan binalarda bizim sıra-sıra böyük musiqiçilərimiz, ədiblərimiz, alimlərimiz yaşayıb. İndi orada divarlarda tək-tək də olsa xatirə lövhələri gözə dəyir. Lakin bu diqqətə parlaq yaradıcılıqları və nurlu ömürləri ilə tam layiq olsalar da, bir çoxları hələ intizardadır. Könül istər ki, varlıqları və doğurduqları ilə Azərbaycanı daha gözəl və daha sevimli etmiş o misilsizlər barelyefləri, xatirə lövhələri ilə öz məhəllələrinə, öz binalarına yenidən qayıtsınlar, bura Bakıdakı küçə və prospektlərin hamısından fərqlənən Muzey Prospektə, Kitab Prospektə çevrilsin. Bununla da həm minnətdar olmalı olduğumuz xatirələrə borcumuzu qaytaraq, həm də bu prospektlə addımlayanlar hər gün millətin parlaq və ölməz şəxsiyyətlərinə salam vermək imkanı qazansın. Cavanların çoxu, heyiflər ki, onların əksərindən bixəbərdir. Kitaba marağın soyuduğu indiki çağımızda heç olmazsa bu lövhələrdəki xəsis sətirləri oxuyub millətimizi üstün etmək yolunda can qoymuş həmin unudulmazları tanıyarlar...

...Bəhram ustaddan bizə qalan - bilənginin gücü, ürəyinin döyüntüsü, duyğularının hərarətini yaşadan,  o vaxtlar öz sağlığında da, indi də min tar arasında seçilən  hər çalğısına - onun ən uzaq sabahlara yolladığı məktublara heç vaxt köhnə kimi baxmayın, sətirlər arasında və ardındakı indiyədək sezmədiyiniz mətləbləri arayın.

O köhnə, amma vaxt gedişiylə zərrəcə köhnəlməyən məktubların hər biri sizə təptəzə gələcək, hələ eşitmədiyiniz çox hikmətləri açacaq, ən qarışıq əyyamlarda da səbr edərək sarsılmaz ümidlə yaşamağın gizlinclərini pıçıldayacaq...

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
525.az

1Источники