RU

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının 2.3-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilsin.

2. Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri:

2.1. başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri;

2.2. son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri.

3. Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

3.1. ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu;

3.2. ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;

3.3. ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;

3.4. ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu).

4. Ödənişli avtomobil yolunun texniki göstəriciləri:

4.1. uzunluğu – 81,3 kilometr;

4.2. texniki dərəcəsi – I c;

4.3. hərəkət zolaqlarının sayı: 0–46-cı kilometr hissəsində – 6, 46–81,7-ci kilometr hissəsində – 4;

4.4. hərəkət zolağının eni – 3,5 metr;

4.5. yol çiyninin eni: 0–46-cı kilometr hissəsində – 2,5 metr, 46–81,7-ci kilometr hissəsində – 2 metr;

4.6. torpaq yatağının eni: 0–46-cı kilometr hissəsində – 29,5 metr, 46–81,7-ci kilometr hissəsində – 21,5 metr;

4.7. yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr;

4.8. ayırıcı zolağın eni – 2 metr.

5. Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri:

5.1. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu):

5.2. uzunluğu – 101 kilometr;

5.3. texniki dərəcəsi: 0–17-ci kilometr hissəsində – III, 17–101-ci kilometr hissəsində – II;

5.4. hərəkət zolaqlarının sayı – 2;

5.5. hərəkət zolağının eni – 3,5 metr;

5.6. yol çiyninin eni: 0–17-ci kilometr hissəsində – 1,5 metr, 17–101-ci kilometr hissəsində – 2,5 metr;

5.7. torpaq yatağının eni: 0–17-ci kilometr hissəsində – 12 metr, 17–101-ci kilometr hissəsində – 14 metr;

5.8. yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr.

6. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq etsin.

7. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “1” “aprel” 2026-cı il

№ 91

Избранный
36
xalqqazeti.az

1Источники