RU

Azərbaycanda qadınlar daha çox bu ixtisaslara üz tutur

Azərbaycanda qadınların daha çox üstünlük təşkil etdiyi peşə sahələri açıqlanıb.

Musavat.com-un xəbərinə görə, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında bildirib ki, peşə təhsili müəssisələrində bəzi ixtisaslar üzrə qadınların üstünlüyü açıq şəkildə müşahidə olunur.

Onun sözlərinə görə, statistikaya əsasən, siyahıya liderlik edən sahə "dayə" ixtisasıdır – bu istiqamətdə qadınların payı 100 faiz təşkil edir. İkinci yerdə 92 faizlə laboratoriya-mikrobioloq ixtisası qərarlaşıb:

"Moda dizaynı və geyim üzrə dizayn sahələrində isə qadınların payı 91 faiz səviyyəsindədir".

Nazir müavini qeyd edib ki, saç bərbərliyi üzrə qadınların göstəricisi 90 faiz, qonaqpərvərlik və xidmət sahəsində 89 faizdir. Katibəlik/ofis ixtisasında bu rəqəm 83 faiz, interyer dizaynında 81 faiz, dərzi peşəsində isə 79 faiz təşkil edir.

Kənan Kərimzadə bildirib ki, sığorta işi üzrə qadınların payı 71 faiz, qrafik dizayn sahəsində 65 faiz, veb dizayn və proqram təminatı istiqamətində isə 60 faizdir.

O vurğulayıb ki, bu göstəricilər qadınların daha çox xidmət və dizayn yönümlü sahələrə maraq göstərdiyini ortaya qoyur:

"Eyni zamanda texniki və İT sahələrində qadınların iştirak səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi zəruridir".

Şahanə Rəhimli
Musavat.com

Избранный
5
musavat.com

1Источники