RU

ABŞ-nin QLOBAL lider rolu sınaqla üz-üzə – YENİ güc balansı yaranacaq? 

Son vaxtlar ABŞ daha çox regional problemlərlə yüklənməkdədir. Görünən odur ki, Birləşmiş Ştatlar müxtəlif cəbhələrdə eyni anda təsir imkanlarını qorumaqda çətinlik çəkir. Bu fonda ardıcıl şəkildə güclənən Çin isə artıq yalnız iqtisadi deyil, siyasi və hərbi baxımdan da qlobal iddialarını açıq şəkildə ortaya qoymağa başlayıb.

Vaşinqtonun diqqətinin parçalanması Ukrayna müharibəsi və Yaxın Şərqdə artan gərginlik fonunda daha qabarıq görünməkədədir. Rəsmi Pekin isə məhz bu boşluqdan istifadə edərək təsir dairəsini genişləndirir.

Dünya yeni güc balansına doğrumu gedir, yoxsa bu, sadəcə, müvəqqəti geosiyasi dalğalanmadır?

Politoloq Azər Hüseynov Musavat.com-a bildirdi ki, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların mahiyyəti ilə bağlı ölkə daxilində gedən müzakirələr əslində, daha dərin geosiyasi sualları üzə çıxarır:

“Bu suallar təkcə konkret bir hərbi müdaxilənin məqsədləri ilə məhdudlaşmır. Burada əsas məsələ ABŞ-ın qlobal strategiyasının istiqaməti, müttəfiqlərlə münasibətlərinin xarakteri və beynəlxalq sistemdəki rolu ilə bağlıdır. Vaşinqton daxilində artan tənqidi yanaşmalar göstərir ki, bəzi siyasi və analitik dairələr bu cür əməliyyatların ABŞ-ın birbaşa milli maraqlarından çox, regiondakı müttəfiqlərinin – xüsusilə də Yaxın Şərqdəki tərəfdaşlarının təhlükəsizlik gündəminə xidmət etdiyini düşünür. Bu isə klassik “hegemon güc” dilemmasını yenidən aktuallaşdırır. Qlobal liderlik iddiası olan dövlət hansı nöqtədə öz maraqları ilə müttəfiqlərinin maraqları arasında sərhəd çəkməlidir?

Məsələnin daha geniş kontekstdə təhlili isə bizi beynəlxalq sistemin transformasiyasına aparır. Bu gün Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı və Fars körfəzi ətrafında baş verən proseslər təkcə regional təhlükəsizlik məsələsi deyil. Bu, böyük güclərin rəqabətinin yeni mərhələyə keçidinin göstəricisidir. Enerji yolları, dəniz kommunikasiya xətləri və geostrateji keçid nöqtələri tarixən olduğu kimi, yenə də qlobal güc balansının əsas təyinedicilərindən birinə çevrilib.

Burada paralel olaraq Süveyş böhranı ilə müqayisə aparmaq kifayət qədər yerindədir. Həmin dövrdə Britaniya və Fransa Misirə hərbi müdaxilə etsə də, həm ABŞ, həm də SSRİ bu müdaxiləyə qarşı çıxaraq köhnə Avropa güclərinin regiondakı təsirini ciddi şəkildə zəiflətdi. Nəticədə beynəlxalq sistemdə yeni güc bölgüsü formalaşdı və ikiqütblü dünya – ABŞ və SSRİ-nin dominantlığı ilə – uzun illər davam edən bir mərhələyə daxil oldu”.

Politoloqa görə, bu gün oxşar dinamikanın fərqli formada təkrarlanması müşahidə olunur:

“Çin artıq təkcə iqtisadi güc kimi yox həm də siyasi və hərbi təsir imkanlarını genişləndirərək qlobal sistemdə “qütb” statusunu təsdiqləməyə çalışır. Onun Yaxın Şərqdə artan diplomatik fəallığı, enerji təhlükəsizliyi ilə bağlı təşəbbüsləri və alternativ iqtisadi platformalar yaratmaq cəhdləri bunu açıq şəkildə göstərir.

Digər tərəfdən, Rusiya da bu prosesdə Çinin yanında yer alaraq öz geosiyasi çəkisini qorumağa və mümkün qədər artırmağa səy edir. Xüsusilə Ukrayna müharibəsindən sonra yaranan yeni reallıqlarda Moskva üçün Qərb mərkəzli sistemə alternativ güc bloklarının formalaşması həyati əhəmiyyət daşıyır. Hörmüz boğazı ətrafında gərginliyin artması bu mənada, sadəcə, regional qarşıdurma deyil. Bu, böyük güclərin birbaşa toqquşmadan yayınaraq “dolayı mübarizə” apardığı məkanlardan biridir. Tarix göstərir ki, belə strateji bölgələr çox zaman böyük güclər üçün “bataqlıq” rolunu oynayır. Yəni, daxil olmaq asandır, lakin çıxmaq olduqca çətindir və ciddi siyasi, iqtisadi və hərbi itkilərlə nəticələnə bilər.

Bütün bu proseslər onu deməyə əsas verir ki, beynəlxalq sistem yenidən formalaşma mərhələsindədir. Lakin bu dəfə klassik ikiqütblü modelin eynilə təkrarlanacağı sual altındadır. Daha çox ehtimal olunan ssenari “asimmetrik çoxqütblülük”dür. Yəni, bir əsas güc (Çin) və onun ətrafında formalaşan, lakin tam bərabər olmayan digər güc mərkəzləri (Rusiya və regional aktorlar). Bu kontekstdə ABŞ-ın Yaxın Şərqdə atdığı addımlar təkcə İranla münasibətlər çərçivəsində yox, daha geniş – Çin və Rusiya ilə aparılan strateji rəqabətin bir hissəsi kimi oxunmalıdır. Eynilə Çin və Rusiyanın davranışları da regional hadisələrdən çox, qlobal sistemdə mövqe qazanmaq məqsədinə xidmət edir”.

Cavanşir ABBASLI,
Musavat.com

Избранный
21
50
musavat.com

10Источники