RU

Milyonlarla dollar əlavə gəlir və yoxsullaşma riski: Neftin iki üzü

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 3 aprel, AZƏRTAC

Hazırki şərtlər daxilində qlobal neft qiymətlərindəki dəyişikliklər məsələsinə Azərbaycanda valyuta sabitliyi aspektindən və yaxud ölkənin ixrac gəlirlərinin artması aspektindən baxsaq, bugünkü volatillik Azərbaycan hökumətinin proqnozlarının üzərində bir həddə müşahidə edilir. Baxmayaraq ki, volatillik var, ancaq qiymətlər proqnozlaşdırılan göstərici ilə müqayisədə yuxarıdır. Azərbaycan təxminən gündəlik 450-500 min barel neft ixrac edir və neftin 1 barelinin 1 dollar bahalaşması gündəlik 450-500 min dollar, aylıq isə təxminən 15 milyon dollar əlavə gəlirin ölkəyə daxil olmasına səbəb olur. Biz hazırki şərtlər daxilində neftin qiymətinin təxminən 2 dəfə daha baha qiymətə satıldığını müşahidə etməkdəyik. Bu isə kifayət qədər əlavə vəsait və daxilolma deməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında sosial-iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan nefti təxminən proqnozlaşdırılan qiymətlə müqayisədə 40 dollar baha satırsa bu, gündəlik 20 milyon dollar, aylıq isə 600 milyon dollar əlavə gəlirin ölkəyə daxil olması deməkdir.

“İllik aspektdən baxsaq bu, artıq 7-8 milyard dollar səviyyəsinə yüksəlir. Bu göstərici ilk növbədə cari əməliyyatlar balansının profisitinin artmasına gətirib çıxarır, xarici ticarət saldosu artır və dolayı yolla tədiyyə balansının da profisit gözləntiləri daha da yüksəlir. Bu isə manatın məzənnəsinin mövcud şərtlər daxilində ABŞ dolları ilə münasibətdə sabit saxlanması siyasəti üçün hökumətə daha əlverişli şərait formalaşdırır. Ancaq təbii ki, bu təsirlər yalnız müvafiq aspektdən nəzərdən keçirilə bilər. Biz əgər digər təsirləri də nəzərdən keçirmiş olsaq, neftin hazırki qiymətləri Azərbaycan üçün mənfi təzyiqlər də formalaşdırmaqdadır. Bu, bütün növ mal və xidmətlərin maya dəyərinin artmasına gətirib çıxarır və dolayı yolla qlobal inflyasiyanı aktivləşdirir. İdxalçı ölkə kimi Azərbaycanda da bu istiqamətdə inflyasiya təzyiqləri artır ki, bu da bütövlükdə ölkə əhalisinin hər biri üçün əlavə xərc yükü formalaşdırır”,- deyə ekspert bildirib.

R.Həsənov qeyd edib ki, hökumət bir tərəfdən neftin bahalaşmasından ciddi gəlirlər əldə etmək imkanı qazanır, digər tərəfdən isə vətəndaşlar yoxsullaşma riski ilə üzləşirlər: “Düşünürəm ki, bu gəlirlərin hansısa formada bir qismini artan yoxsulluq təzyiqlərinin aradan qaldırılması və yaxud qiymət stabilliyi ilə optimallığını təmin edən siyasətlərin maliyyələşdirilməsinə yönəltməklə idarə edilməsi daha məntiqli olar. Çünki mövcud şəraitdə təbii ki, Azərbaycan hökuməti, Azərbaycan Respublikası Dövlət Neft Fondu, SOCAR gəlirlərini artırmaq istiqamətində imkanlar əldə etsə də, bütövlükdə hər bir azərbaycanlı ciddi qiymət artımı riski və alıcılıq gücünün aşağı düşməsi, yoxsullaşma riski ilə üzləşir ki, bunlar da müvafiq konyunkturun mənfi tərəfləri kimi nəzərdən keçirilməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
2
azertag.az

4Источники