RU

Cavad Zərifdən Tehrana ÇAĞIRIŞ: "ABŞ ilə 47 illik düşmənçiliyə son qoyaq!"

İranın nüvə sazişinin memarı, sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranı ABŞ ilə müharibəni danışıqlar yolu ilə dayandırmağa və yeni razılaşma əldə etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə sabiq nazir "Foreign Affairs" jurnalında dərc olunan məqaləsində planlarını açıqlayıb.

Hazırda rəsmi vəzifə tutmasa da, ölkə rəhbərliyində nüfuzunu qoruyan Zərif qeyd edib ki, Tehran hazırda müharibədə "aşkar üstünlük" qazanır.

O, İranın bu üstünlükdən istifadə edərək "qələbə elan etməsini" və bütün sanksiyaların ləğvi müqabilində nüvə proqramına məhdudiyyətlər qoymağı, eləcə də Hörmüz boğazını yenidən açmağı təklif edib.

Zərif vurğulayıb ki, münaqişənin davam etməsi mülki əhalinin itkisinə və infrastrukturun dağılmasına səbəb olacaq.

"Bir iranlı olaraq Donald Trampın ehtiyatsız təcavüzündən qəzəblənsəm də, eyni zamanda ordumuzla fəxr edirəm. Əminəm ki, müharibə İranın milli maraqlarına uyğun şərtlərlə başa çatmalıdır", - deyə o bildirib.

Sabiq nazir atəşkəs əvəzinə tərəflər arasında "hərtərəfli sülh sazişi"nin tərəfdarı olduğunu qeyd edib. O, iki ölkə arasındakı 47 illik düşmənçiliyə son qoymaq üçün Vaşinqtonla "qarşılıqlı hücum etməmək haqqında pakt" imzalamağı təklif edərək əlavə edib: "Bu, Vaşinqtonun əvvəllər qəbul etməyəcəyi, lakin indi razılaşa biləcəyi bir sövdələşmədir".

Məqalədə Donald Trampın yaxın ətrafını da tənqid edən Zərif, Stiven Uitkoff və Cared Kuşneri həm geosiyasət, həm də nüvə texnologiyası məsələlərində "tamamilə səriştəsiz" adlandırıb.

Musavat.com

Избранный
41
2
musavat.com

6Источники