RU

AFFA-nın 2025-ci il üçün Hesabat Konfransı keçirildi – ARENA.AZ

Bu gün – aprelin 3-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) sayca 34-cü Hesabat Konfransı keçirilib.

Arena.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən futbol ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AFFA-nın prezidenti Rövşən Nəcəf qonaqları, konfrans iştirakçılarını və mətbuat nümayəndələrini salamlayıb.

Sonra çıxış üçün söz Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə verilib. O bildirib ki, Azərbaycan hesabat ilində idmanda, xüsusən də, futbolda ciddi nailiyyətlər əldə edib: “İdman elə sahədir ki, nəticələrlə ölçülür. Fikrimcə, 2025-ci il Azərbaycan futbolu üçün uğurlu olub. “Qarabağ”ın və milli komandanın nəticələri bunu deməyə əsas verir. Həmçinin daxili çempionatda rəqabət artıb, oyunlara maraq yüksəlib. Futbolumuzda inkişaf göz önündədir. Bu münasibətlə AFFA-nı və futbol ictimaiyyətini təbrik edirəm”.

Ardından prosedura uyğun olaraq məlumat verilib ki, 35 səs hüquqlu nümayəndənin 33 nəfəri Konfransda iştirak edir və Konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir.

Hesabat ilində baş vermiş futbol hadisələrini əks etdirən videoçarx təqdim olunduqdan sonra AFFA prezidenti Rövşən Nəcəf ölkə başçısı İlham Əliyevin idmana, o cümlədən futbola böyük dəstək göstərdiyini bildirib. O, milli komandalarımızın ötənilki nəticələrini uğurlu qiymətləndirib:

“Kişilərdən ibarət milli komandamız ötən il çətin sınaqdan keçdi, Fransa və Ukrayna kimi güclü yığmalara qarşı layiqli mübarizə apardı. Bu dövrü daha çox yenilənmə və düzgün istiqamətin müəyyənləşdirilməsi kimi qiymətləndiririk. Ayxan Abbasovun rəhbərliyi altında artıq müsbət dəyişikliklər hiss olunur. Komandanın oyununda intizam, dinamika və mübarizə əzmi artıb ki, bu da gələcəyə daha nikbin baxmağa əsas verir. Bunun bəhrəsini qısa müddətdə görməyə başladıq. Millimizin bu yaxınlarda təşkil olunan “FIFA Series” turnirinin qalibi olması bunun bariz nümunəsidir. Milli komandamızı bu qələbə münasibətilə təbrik edirəm. Biz komandamıza güvənirik və əminik ki, azarkeşlərimizi sevindirəcək nəticələr əldə olunacaq.
Qadın milli komandamız üçün də il uğurlu alındı. Millətlər Liqasında bizi sevindirən komandamız ötən ilin sonu “FIFA Series 2025” turnirində qalib olmağı bacardı”.

Rövşən Nəcəfdən “Qarabağ”a və Qurban Qurbanova təşəkkür

AFFA prezidenti Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasını və legioner limitinin ləğvini ölkə futbolunun inkişafı istiqamətində atılan önəmli addımlardan biri hesab edib. O, “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışına da münasibət bildirib:

“Azərbaycan Premyer Liqası ilə bağlı bir sıra islahatlar aparıldı. Komanda sayı 12-yə çatdırıldı, legioner limiti ləğv edildi. Bu qərarlar liqada rəqabətin artmasına, klubların inkişaf imkanlarının genişlənməsinə və ümumi səviyyənin yüksəlməsinə xidmət edir. Eyni zamanda, yerli futbolçuların oynadılmasına görə maliyyə təşviq mexanizmi tətbiq olundu. Bu mexanizm gənc futbolçuların inkişafını stimullaşdırır, klubları akademiyalara daha çox diqqət ayırmağa sövq edir və Azərbaycan futbolunun gələcəyinə xidmət edir.

Klublarımızdan “Qarabağ”ın Avropa arenasında qazandığı uğurlar xüsusi qeyd olunmalıdır. Təmsilçimiz UEFA Çempionlar Liqasında qitənin nəhəng klublarına qarşı layiqli mübarizə apararaq pley-off mərhələsinə yüksəlməklə növbəti dəfə tarix yazdı, Azərbaycan futbolunun beynəlxalq nüfuzuna mühüm töhfə verdi. Azərbaycan xalqına yaşadılan bu emosiyalara görə kluba, xüsusən də, Qurban Qurbanova təşəkkürümü bildirirəm”.

Rövşən Nəcəf hesabat ilinin ən mühüm hadisələrindən biri kimi 2027-ci ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək 25-ci dünya çempionatının final mərhələsinin Azərbaycan və Özbəkistana həvalə edilməsini göstərib:

“Oktyabr ayının əvvəlində FIFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərarla futbol tarixində ilk dəfə kişilər arasında dünya çempionatı ölkəmizdə keçiriləcək. Bu da Azərbaycan və Özbəkistanda idmanın inkişafına verilən diqqət, həyata keçirilən məqsədyönlü dövlət siyasəti və yaradılan şəraitin bariz nümunəsidir. İlk dəfə olaraq dünya çempionatı iki qitədə keçiriləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu uğur Avropa ilə Asiyanı birləşdirən ortaq nailiyyətdir”.

“Azərbaycan futbolu daha iddialı mərhələyə qədəm qoyur”

AFFA prezidenti Azərbaycan hakimlərinin beynəlxalq arenadakı çıxışını da yüksək qiymətləndirib. O, FIFA referimizin artıq beynəlxalq arenalarda uğurlu idarəçiliklə öz sözlərini dediklərini vurğulayıb. R.Nəcəf hakimlik sahəsinin inkişafı istiqamətində işlərin davam etdirildiyini bildirib.

Rövşən Nəcəf AFFA ilə Elm və Təhsil Nazirliyi arasında qurulan əməkdaşlıq çərçivəsində həyata keçirilən “Məktəbli Kuboku” layihəsinin önəmindən də bəhs edib:

“Məktəbli Kuboku” bizim üçün sadəcə bir turnir deyil, həm də gələcəyin sağlam və vətənpərvər nəslinin formalaşdırılmasına xidmət edən mühüm platformadır. Bu layihə vasitəsilə minlərlə məktəbli futbola cəlb olunur. Onların sağlam həyat tərzinə marağı, komanda ruhunun gücləndirilməsi, dostluq münasibətlərinin möhkəmləndirilməsi böyük önəm kəsb edir. AFFA olaraq bu kimi layihələrin coğrafiyasını daha da genişləndirmək və davamlılığını təmin etmək əsas prioritetlərimizdən biridir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk və gələcəkdə də birgə uğurlu layihələr həyata keçirməyə davam edəcəyik.

Sonda bildirmək istəyirəm ki, Azərbaycan futbolu daha məsuliyyətli və eyni zamanda daha iddialı mərhələyə qədəm qoyur. İnanıram ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün AFFA və futbol ailəsinin bütün üzvləri səylərini birləşdirəcək, üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəklər. Çünki biz yalnız birlikdə böyük uğurlara imza ata bilərik”.

“2 milyon manat klublar arasında bölüşdürüləcək”

Ardınca AFFA-nın baş katibi Cahangir Fərəcullayev hesabat xarakterli məruzə ilə çıxış edib. O bildirib ki, AFFA üçün əsas prioritet A milli komandadır:

“Ötən ilin sentyabrında məşqçi heyətində edilən dəyişikliklərdən sonra işlər müsbət istiqamətdə inkişaf etməyə başladı. Ayxan Abbasovun rəhbərlik etdiyi komandasının Fransa və Ukraynaya qarşı göstərdiyi əzmkarlıq, mübarizə ruhu və döyüşkənlik uzun müddətdir komandadan gözlənilən məqamlar idi. Taktiki-texniki dəyişikliklərlə yanaşı, bu keyfiyyətlər milli komandanın əsas simasını təşkil etməlidir. Martın son günlərində ölkəmizdə təşkil olunan “FIFA Series – 2026” turnirində bu keyfiyyətlərin ilk qığılcımlarını gördük. Bu turnirdə əsas qazancımız kubok deyil, özünəinamın bərpası, komanda ruhunun formalaşması və ümumi məqsəd uğrunda mübarizə aparan kollektivin yaradılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə ilkin mühüm addımlar atılıb”.

Cahangir Fərəcullayev Azərbaycan futbolunun inkişafına istiqamətlənmiş strateji addımlardan biri kimi Azərbaycan Premyer Liqasında komanda sayının 12-yə çatdırılmasını və legioner limitinin ləvğ edilməsini göstərib:

“Nəticədə cari mövsümdən 3 bölgə komandası elitaya yüksəlib. Legioner limiti ilə bağlı qərar isə klublar arasında rəqabəti artırıb, çempionatın güclənməsinə və azarkeş marağının artmasına səbəb oldu. Təsadüfi deyil ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Sabah” oyununda son 8 ilin tamaşaçı rekordu qırıldı. Yerli futbolçuların legionerlərlə rəqabət şəraitində inkişafı üçün şərait yaradıldı. Eyni zamanda, ilk dəfə yerli futbolçulara üstünlük verən klublar üçün təşviq mexanizmi tətbiq olunub. Legioner rüsumlarından formalaşan fondun əsas hissəsi yerli oyunçulara daha çox şans verən klublar arasında bölüşdürüləcək. Bu məbləğin təxminən 2 milyon manat olacağı gözlənilir”.

Bu stadionlar yenilənəcklər

Baş katib hakimlik sahəsində aparılan islahatların vacib istiqamətlərdən biri olduğunu söyləyib:

“Beynəlxalq hakimlik, təmsilçilik, hakimlərin təhsili ilə bağlı funksiyalar Frank De Blekerə həvalə edildi. Yerli yarışlara dair məsələlər Hakimlər Komitəsinin yeni rəhbəri Rəhim Həsənova tapşırıldı. Hakimlər Departamentinin rəhbəri vəzifəsinə isə Bəhruz Teymurov təyin edildi. Yeni komanda fəaliyyətində obyektiv və ədalət prinsipini əsas götürür. Hakim qərarlarının həftəlik videoicmallarla təhlili, klubların mübahisəli hesab etdikləri epizodlarla bağlı müraciətlər əsasında VAR görüntülərinə baxmaq imkanının yaradılması və hakimlər üçün bonus proqramı müsbət yeniliklərdəndir. “FIFA Series” çərçivəsində Bakıya gələn Özbəkistanın hakimlik üzrə nümayəndələri bu proqramın öz ölkələrində tətbiqi üçün müraciət ediblər və biz də buna razılıq vermişik”.

Cahangir Fərəcullayev infrastruktur problemlərinin həlli istiqamətində önəmli addımlar atıldığını sözlərinə əlavə edib:

“Karvan”ın Premyer Liqa çərçivəsində rəqiblərini öz meydanında qəbul etməsini müsbət haldır. Gəncə və Tovuzun da növbəti mövsümdən Azərbaycan Premyer Liqası matçlarına ev sahibliyi etməsi gözlənilir. AFFA bu istiqamətdə önəmli addımlar atıb. UEFA HatTrick Proqramı çərçivəsində təsdiqlənən layihəyə əsasən, yeni mövsümün əvvəlinədək Ağsu şəhər stadionu Premyer Liqa standartlarına uyğunlaşdırılacaq. Bir və ya iki komanda ev oyunlarını orada keçirə biləcək. İkinci məsələ “Dalğa Arena” ilə bağlıdır. Oradakı meydança tam yenidən qurulacaq. Eyni proqram çərçivəsində təsdiqlənən növbəti layihə Bayıl stadionunu əhatə edir. İnkişaf Strategiyasının əsas sistemli layihələrindən biri futbol inkişaf mərkəzləridir. AFFA mövcud imkanlarından istifadə edərək ilk mərkəzi Bayıl kompleksində yaratmaq niyyətindədir. Artıq may ayında bu kompleks əsaslı təmirə bağlanacaq və gələcəkdə uşaq və yeniyetmə futbolçuların hazırlanması məqsədilə istifadə olunacaq. Bu layihə çərçivəsində növbəti hesabat ilində regionlarda ən az daha iki mərkəzin açılması üçün işlərə başlanılacaq”.

“Bu, istedadlı gənclərimizin Avropaya çıxış qapısı ola bilər”

Baş katib bildirib ki, uşaq və yeniyetmə futbol layihələri AFFA-nın prioritetlərinə çevrilib. O, 2025-2026-cı illər mövsümü öncəsi aşağı yaş qrupu üzrə liqalardakı format və qayda problemlərinin həlli üçün klublarla görüşlərin keçirildiyini xatırladıb. Baş katib həmçinin hesabat ilində AFFA-nın bir sıra mühüm layihələr həyata keçirdiyini deyib:

“Elm və Təhsil Nazirliyinin böyük dəstəyi ilə “Məktəbli Kuboku”nu bərpa etdik. Bütün ölkəni əhatə edən bu nəhəng tədbirə 68 bölgədə 30 mindən çox azyaşlı futbolçu cəlb olundu. Önəmli məqamlardan biri odur ki, AFFA bu yarışı səmərəli istifadə olunan daxili maliyyə resursları hesabına keçirir. Assosiasiyanın bünövrəsini qoyduğu daha bir önəmli layihə klub futbol akademiyalarının nəzarəti və dəstəyi şöbəsidir. Bu bölmənin əsas məqsədi mövcud akademiyalarda vəziyyəti dəyərləndirmək, şərait və ehtiyaclara uyğun olaraq idarəetmə, metodologiya, məşq prosesi və digər sahələrdə dəstək göstərməkdir. Layihə çərçivəsində Finlandiyada bu sahədə çalışmış və Şotlandiyada təhsil almış azərbaycanlı mütəxəssis Sərxan Hüseynov prosesə cəlb olundu.

Futbolumuz üçün atılan önəmli addımlardan biri də AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanmasıdır. Layihə çərçivəsində oğlanlar və qızların müxtəlif yaş qruplarının bütün liqa oyunlarında analiz tətbiq olunacaq. Bu platforma həmin yarışlarda iştirak edən hər futbolçunun şəxsi performansını rəqəmsal data əsasında ölçüb təhlil etməyə imkan verir, oyunçuların güclü və zəif tərəflərini müəyyən edir. Nəticədə gənc oyunçular üçün fərdi inkişaf proqramının hazırlanması mümkün olacaq. Azərbaycanlı futbolçuların profilləri növbəti iki il ərzində Avropa klublarının skautları üçün açıq qalacaq. Bu, istedadlı gənclərimizin Avropaya çıxış qapısı ola bilər”.

Cahangir Fərəcullayev qadın futbolunda da əhəmiyyətli inkişafın baş verdiyini vurğulayıb:

“Qadın futbolu sahəsində çox ciddi irəliləyişlərimiz və uğurlarımız var. Qadın millimiz “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi oldu. Ötən ilə qədər yarımcan olan qadın futbolu liqasında komanda sayı 6-dan 12-yə yüksəldildi. Bu sahənin inkişafı üçün vacib addımdır. Nigar Mirzəliyevanın transferi ilə ilk dəfə Avropanın “Top-5” ölkəsinin liqasında azərbaycanlı futbolçu izləyirik”.

FIFA-dan AFFA-nın fəaliyyətinə qiymət

Maliyyə hesabatını təqdim etmək üçün AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Emil Nəcəfova söz verilib. O, geniş təqdimat vasitəsilə gəlirlər və daxiolmlalarla bağlı hesabat verib.

Ardınca “Orion Consulting” MMC audit şirkətinin nümayəndəsi, müstəqil auditor Əşrəf Hüseynovun hesabatı dinlənilib.

AFFA-nın audit hesabatı səsvermə nəticəsində təsdiq edilib.

AFFA-nın təhsil üzrə eksperti Nigar Nəsurullayeva 2026-2028-ci illəri əhatə edən təhsil proqramı barədə məlumat verib, təhsilin futboldakı rolundan bəhs edib.

Sonra çıxış üçün söz FIFA-nın milli assosiasiyalar üzrə regional meneceri Marion Gavata verilib. O, FIFA prezidenti Canni İnfantinonun salamlarını konfrans iştirakçılarına çatdırıb və tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirib:

“FIFA olaraq AFFA ilə əməkdaşlığımıza və peşəkar fəaliyyətinizə görə minnətdarlığınızı bildiririk. “FIFA Series”in yenidən Azərbaycanda keçirilməsindən məmnunluğumuzu ifadə etmək istərdim. Bu turnirdə yüksək səviyyəli təşkilatçılığın şahidi olduq. Azərbaycan millisi ötən ay keçirilən yarışın qalibi oldu. Ölkəniz U-20 dünya çempionatına da ev sahibliyi edəcək. Bütün bunlar FIFA-nın AFFA-ya böyük etimad etdiyini göstərir. İnanıram ki, mundial üçün bura gələcək komandalar da sizin təşkilatçılığı yüksək standartlarda keçirdiyinizi bir daha görəcəklər.

Bundan əlavə, “Qarabağ” klubunun Çempionlar Liqasındakı nəticələrini qeyd etməliyəm. Bütün bunlar Azərbaycan futbol tarixi üçün əlamətdar hadisələrdir. Eyni zamanda, Azərbaycanda qadın futbolunun inkişafı aydın görünür. Bir futbolçunuzun Almaniya Bundesliqasına yollanması bunun ən gözəl sübutudur. Nigar Mirzəliyevanın transferi digər qızlarınız üçün də əlavə stimul olacaq. İnanıram ki, bu, Azərbaycanda qadın futbolunun inkişafına yeni imkanlar açacaq. FIFA ilə AFFA arasında qurulmuş əlaqələr son dərəcədə müsbətdir. Bu əməkdaşlığın ildən-ilə daha da genişlənəcəyinə şübhəmiz yoxdur”.

Sonda AFFA-nın baş katibi Cahangir Fərəcullayev konfrans iştirakçılarına təşəkkürünü bildirib. Bununla da Konfrans öz işini yekunlaşdırıb.

Konfrans başa çatdıqdan dərhal sonra AFFA-nın prezidenti Rövşən Nəcəfin iştirakı ilə mətbuat konfransı keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
2
1
arena.az

2Источники