Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz” – “Zirə” ilk oyunundan (0:2) sonra ev sahibi klubun prezidenti Ehtiram Quliyev açıqlama verib.
Msport.az xəbər verir ki, o, görüşün baş hakimi Əliyar Ağayevi kəskin tənqid edib:
“Əliyar Ağayevin təyinatı vaxtı belə bir şeyin başımıza gələcəyini ehtinal edirdik. Suyu oturaraq içən hakimlərdən canımızı qutarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaq üstə içsinlər amma haqqımızı içməsinlər. Bir illik əziyətimizi gəlib bir gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusən, Əliyarın “Turan”ın oyununa təyinatından belə şeyləri gözləyirdik. Çempionat oyunundan sonra da “insanıq, səhv eləmişəm” mesajı göndərildi bizə. Haramı olsun. Uşaqların alın təri Əliyarın haramı olsun. Rəqib komandanın qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolda belə şeylər dəyişməlidir. Bəzi şeylər dilə gətirilməlidir. Biz səssiz qaldıqca, Əliyargillər belə oyunlar idarə edəcək. Futbolumuzu bu günə qoyacaqlar. Belə çıxır ki, yatırım etməyin də anlamı yoxdur. Əziyyət çəkməyin də mənası yoxdur. Oyunçu transfer etməyin də anlamı yoxdur. Əliyargillərdən Azərbaycan futbolu canını qutarmalıdır. Bu oyundakı epizodları hamınız gördünüz. Futbol ictimaiyyətinin bu epizodları görməsini istəyirəm. “Turan Tovuz” azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq olmaz. Əziyyətimiz boşuna gedir. Bu mövsüm iki təlim-məşq toplanışı keçmişik. Çoxlu investisiya etmişik. Amma Əliyargillər imkan vermir biz oynayaq”.