RU

Hesabda görünməyən qələbə: Bir uşaq təbəssümü və bir məşqçi səssizliyi

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Futbol bəzən 90 dəqiqəlik rəqabət, taktiki gedişlər və vurulan qollardan ibarət deyil. Bəzən ən böyük "qol" oyun başlamazdan bir neçə dəqiqə əvvəl, heç bir kameraların xüsusi planlamadığı bir anda vurulur. "Qarabağ" - "Sabah" qarşılaşmasında şahidi olduğumuz o mənzərə kimi...

2 Aprel Dünya Autizm Məlumatlandırma Günü çərçivəsində uşaqların meydana futbolçularla əl-ələ çıxması sadə bir ritual deyildi. Bu, cəmiyyətə verilən bir mesaj idi: "Biz bir yerdəyik, biz fərqliyik, amma bərabərik". Lakin həmin anın ən təsirli hissəsi uşaqlar geri qayıdarkən yaşandı. Autizm spektrli bir balaca uşağın qaçaraq Qurban Qurbanovun yanına getməsi və onunla görüşməsi əslində günün ən vacib xəbəri idi.

Azərbaycan idmanında Qurban Qurbanov qədər az danışıb, bu qədər çox sevilən ikinci bir sima tapmaq çətindir. Onun tribunalar qarşısındakı təmkinli duruşu, rəqibə hörməti və hətta ən ağır məğlubiyyətlərdə belə pozmadığı o "səssiz imici" onu xalqın gözündə sadəcə bir məşqçi deyil, bir nümunəvi şəxsiyyət səviyyəsinə qaldırıb.

Uşaqlar, xüsusən də autizm spektrli uşaqlar, səmimiyyəti hamıdan daha yaxşı hiss edirlər. Həmin balacanın onlarla futbolçunun, rəsmi şəxsin arasından məhz Qurbanovu seçib ona tərəf qaçması təsadüf deyildi. Bu, o səssiz görüntünün arxasında dayanan böyük ürəyə, o təmkinə verilən ən ali "mükafat" idi.

Biz illərdir "Qarabağ"ın Avropa meydanlarındakı dastanlarını izləyirik. Amma bu mənzərə bizə bir şeyi xatırlatdı ki, çempionluqlar unudula bilər, amma bir uşağın qəlbinə toxunmaq əbədidir.

Matçın hesabı nə olursa-olsun, o uşağın Qurban Qurbanovla görüşdüyü an artıq tarixin yaddaşına "əsas qələbə" kimi yazıldı. Qurban müəllim isə növbəti dəfə sübut etdi ki, əsl böyüklük meydanda qazanılan kuboklarla deyil, kənarda qazanılan könüllərlə ölçülür.

Futbolun səssiz qəhrəmanı, hər kəsin sevgisini elə o səssizliyi ilə qazanan adam təşəkkürlər ki, bizə hələ də insani dəyərlərin hər şeydən uca olduğunu xatırladırsan.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
89
22
bizimyol.info

10Источники