RU

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

İlham ƏLİYEV: "Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək"

Azərbaycan hər zaman türk dünyasının birliyinə çalışıb, bu istiqamətdə tarixi addımlar atıb. 1926-cı ildə I Türkoloji Qurultayın Bakıda təşkil edilməsi, Türk Dövlətləri Təşkilatının (TDT) təməlinin 2009-cu ildə Naxçıvanda qoyulması, 2020-ci il Vətən müharibəsi sayəsində türk dünyasının etnosiyasi coğrafiya cəhətdən birləşdirilməsi bu qəbildən olan mühüm hadisələr silsiləsidir.

Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına bütün dövrlərdə mühüm töhfələr verib. Müasir zamanda isə TDT-nin məhz ölkəmizin öndərliyi ilə qlobal güc mərkəzinə çevrilməsi danılmaz reallıqdır. Aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi bu istiqamətdə atılan növbəti strateji addım oldu. Sözügedən tarixdə Prezident İlham Əliyev görüş iştirakçılarını qəbul edərkən ölkəmizin bu birliyə verdiyi önəmi belə ifadə etdi: "Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir".

Türk birliyinin lokomotivi 

Dünyanın siyasi böhranla, qarmaqarışıqlıqla çalxalandığı bu mürəkkəb dövrün fonunda türk dünyasının birliyinin vacibliyi qabarıq şəkildə ön plana çıxır. Elə bu mürəkkəb məqamda Azərbaycan türk dünyasının birləşdirici gücü və lokomotivi kimi çıxış edir. 

Ölkəmiz türkdilli dövlətlər arasındakı əlaqələrin sarsılmaz olması, bu platformanın, sadəcə, bir əməkdaşlıq formatı deyil, qlobal hadisələrə təsir edən əsas güc mərkəzlərindən birinə çevrilməsi üçün proseslərə öndərlik edir. 2020-ci ildə Qarabağda qazandığı Zəfərlə bölgədə yeni reallıqlar yaradan, Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə türk dünyasının etnosiyasi coğrafiyasını bərpa edən Azərbaycan TDT-nin beynəlxalq nüfuzunun ən yüksək pilləyə qaldırılması üçün əməli işlər reallaşdırır. Yuxarıda adıçəkilən görüş zamanı Prezident İlham Əliyev bu strateji hədəfi belə bəyan edib: "Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq".

Türk birliyi həm də milli maraqlarımıza yönələn təhdidlərə qarşı ortaq bir qalxandır. Bu birliyin necə sarsıdıcı gücə sahib olmasını Vətən müharibəsi zamanı müşahidə etdik. Həmin zaman türkdilli ölkələrin siyasi, mənəvi dəstəyini hiss etməsi haqq işi uğrunda mübarizə aparan Azərbaycanı istər hərb meydanında, istərsə də diplomatik platformalarda daha da gücləndirdi. Bu parlaq nümunənin özü belə göstərdi ki, baş verən qlobal siyasi böhranların, istənilən kataklizmlərin, milli maraqlarımıza təhdid olan bütün güclərin önünə türkün güclü birliyi ilə çıxmaq bizi məğlubedilməz edir. Hazırda da türk dövlətləri arasında hərbi əməkdaşlıq xüsusilə dünyanın hazırkı qarışıq mənzərəsinin, sərhədlərimizdə baş verən münaqişələrin fonunda ən vacib məsələ kimi qarşıya çıxır.

Azərbaycanın xarici siyasətində bu istiqamət ən ali səviyyədə təsbit olunub. Aprelin 2-də keçirilən görüşdə dövlətimizin başçısı bu məqama xüsusi toxundu: "Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq".

Ölkəmizin rəhbəri əlavə edib ki, dünyada bir çox beynəlxalq təşkilat var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil: "Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir".

Sülhə yönələn əməkdaşlıq

Azərbaycanın TDT daxilindəki liderliyi həm də real iqtisadi rəqəmlərdə özünü göstərir. Ölkəmizin bir müddət əvvəl təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon dollar məbləğində ianə köçürməsi də bu qəbildəndir. Həmçinin Azərbaycan üzv dövlətlərin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoymaqla bu birliyin maddi təməllərini möhkəmləndirir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasında qardaş ölkələrin  göstərdiyi dəstək türk birliyinin real gücünü nümayiş etdirən qürurverici nümunədir. Artıq Özbəkistan tərəfindən hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi Füzuli və Ağdam rayonlarında fəaliyyət göstərir. 

Türkiyədən olan şirkətlər işğaldan azad edilən ərazilərdə  infrastruktur layihələrinin icrasında iştirak edirlər. Həmçinin Xankəndidə Özbəkistanın dəstəyi ilə tikiş fabrikinin fəaliyyətə başlaması burada iş yerlərinin açılmasına böyük dəstəkdir. 

Azərbaycan da hər zaman maddi və mənəvi şəkildə qardaş ölkələrə kömək göstərməyə hazırdır. 6 fevral 2023-cü ildə Türkiyədə baş verən və miqyasına görə "əsrin fəlakəti" adlandırılan dəhşətli zəlzələ nəticəsində yerlə-yeksan olmuş Kahramanmaraşda cəmi ikiillik qısa müddət ərzində salınan və möhtəşəmliyi ilə göz oxşayan "Azərbaycan" məhəlləsinin fonunda da bunu görmək mümkündür. 

Azərbaycanın maliyyə imkanları hesabına Kahramanmaraşda 100 milyon dollar dəyərində tikilən "Azərbaycan məhəlləsi"nin açılışı Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən edilib. 

Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi strateji təkliflər göstərir ki, Azərbaycan türk birliyinin sarsılmaz olmasına və bu gücün qlobal miqyasda qəbul edilməsinə xidmət göstərir. Aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün nəticələrinə dair qəbul edilən Birgə Bəyanat da bu hədəflərin növbəti təsdiqidir.

Türk birliyi həm də dünyada sülhün, həmrəyliyin bərqərar olmasına xidmət edir. Prezident İlham Əliyevin dediyi kimi: "Yəni bu, bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlibdir".

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Избранный
40
azerbaijan-news.az

1Источники