RU

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

Türk Dövlətləri Təşkilatı (TDT) türk dünyasının birlik və həmrəyliyinin simvoludur. Azərbaycan isə TDT-nin döyünən ürəyi, vuran nəbzidir. Ölkəmiz TDT coğrafiyasının mərkəzində yerləşməklə türk dünyası arasında körpü yaradıb. Prezident İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur" ifadəsi bu gün təşkilata üzv ölkələr arasında birlik və həmrəylik şüarına çevrilib.

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatını irəliyə aparmaq üçün birgə səylərin göstərilməsində mühüm təşəbbüslərlə çıxış edir: "Dövlət başçısının çağırışlarının kökündə böyük məntiq dayanır. Dünyada oxşar tarix, mədəni və eyni etnik köklər üzərində qurulan təşkilatlar demək olar ki, yox dərəcəsindədir.  TDT-yə üzv ölkələr isə bütün beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edir və bir-birini dəstəkləyir. Bu təşkilata daxil olan ölkələr arasında fikir ayrılıqları heç vaxt olmayıb. Bu, gücümüzü daha da artırır. TDT-yə  üzv ölkələr çətin günlərdə bir-birinin yanındadır. Bunu yaşadığımız son illərin qısa tarixi bir daha sübut edir. Belə ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması  prosesinə qardaşlıq dəstəyini göstərib. Türkiyə isə torpaqlarımız işğaldan azad olunduğu ilk gündən bu ərazilərin bərpası işində fəallıq göstərir. Qardaş ölkələrlə bir yerdə işğaldan azad olunmuş ərazilərdə birgə müəssisələrin yaradılması prosesi davam etdirilir.  Xankəndidəki tikiş fabriki və Zəngilandakı "Dost Aqropark"ı buna misaldır. Bundan sonra da belə nümunələr olacaq. Eynilə də Azərbaycan çətin günlərdə qardaş ölkələrə yardımını əsirgəmir. Türkiyədə əsrin faciəsi hesab edilən zəlzələ baş verəndə qardaş ölkənin yanında ilk Azərbaycan oldu. O cümlədən zəlzələnin nəticələrinin aradan qaldırılması işində Azərbaycan Türkiyə ilə çiyin-çiyinə dayandı və Kahramanmaraşda 1000 evdən ibarət "Azərbaycan" məhəlləsinin qurulmasına maliyyə ayırdı", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, bu gün dünya nizamında baş verən proseslər fonunda TDT ölkələri arasında dostluq, birlik və əməkdaşlığın genişləndirilməsi çox vacibdir. Bu, təşkilatın beynəlxalq səviyyədə mövqelərini daha da möhkəmləndirir və gücünü artırır. TDT dövlətlərinin Zirvə toplantılarının keçirilməsi təşkilata üzv dövlətlər arasında siyasi, ticari, iqtisadi, mədəni, humanitar və hərbi əməkdaşlığın dərinləşdirilməsini sürətləndirir. Aydındır ki, hər bir Zirvə toplantısı əməkdaşlığın dərinləşdirilməsi üçün yeni hədəflər və vəzifələr müəyyənləşdirir. Bu baxımdan aprelin 2-də Bakıda keçirilən TDT-nin vitse-prezident və hökumət başçılarının Zirvə toplantısı çox əhəmiyyətlidir. 

A.Badamov deyib ki, ölkələr arasında qarşılıqlı investisiyaların yatırılması və təşkilat daxilində əməkdaşlığın genişləndirilməsi imkanları artırır: "Yəni TDT-yə üzv ölkələrin coğrafiyası Asiyadan Avropaya qədər uzanmaqla 5 milyon kvadratkilometr, əhalisi 180 milyon nəfər, iqtisadiyyatları 2 trilyon  dollardır. Üzv ölkələrin xarici ticarət dövriyyəsi 1,3 trilyon dollar olduğu halda təşkilatdaxili ticarət dövriyyəsi cəmi 45 milyard dollardır. Bu baxımdan ölkələr arasında ticarət dövriyyəsinin mövcud potensialla uzlaşmadığını deyə bilərik. Amma yaxın perspektivdə təşkilatdaxili ölkələr arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq mümkündür. TDT ölkələrinin qarşılıqlı şəkildə investisiya yatırımlarının həcmi 30 milyard dollara qədərdir. Bu məbləğin daxilində ancaq Azərbaycanın TDT ölkələrinə qoyduğu investisiyanın həcmi 20 milyard dollardan çoxdur. Bu rəqəmlər TDT-yə daxil olan 5 ölkəyə aiddir. Müşahidəçi statusuna malik ölkələri də bu statistikaya əlavə etsək, rəqəmlər daha da böyük olacaq. Ona görə də üzv ölkələr arasında daxili iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ən vacib məsələlərdən biridir".

Deputat vurğulayıb ki, TDT-yə daxil olan ölkələr həm də böyük təbii resurslara malikdir.  Bu gün dünyada davam edən müharibələr əsasən təbii resurslar üzərindədir. Bu baxımdan təşkilata üzv ölkələr əməkdaşlığı möhkəmləndirməklə, resurslardan təhlükəsiz və səmərəli istifadə etməklə beynəlxalq bazarlarda mövqelərini möhkəmləndirə bilər. Dünyada ən aktual problemlərdən biri də təhlükəsiz nəqliyyat dəhlizləridir. Azərbaycan üzərindən keçən Orta dəhliz Mərkəzi Asiya ölkələri ilə Türkiyəni birləşdirməklə yanaşı, həm də Asiyadan Avropaya qədər böyük bir coğrafiyanı əhatə edir. Azərbaycan Orta dəhlizi nəqliyyat, enerji və rəqəmsal layihələri ilə genişləndirir. Bu beynəlxalq logistik nəqliyyat yolunun yeni seqmenti olacaq Zəngəzur dəhlizi (TRIIP) isə ilkin mərhələdə daha 15 milyon ton yükün təhlükəsiz daşınmasına imkan yaradacaq. "Bu dəhlizin tikintisinin başa çatdırılması istiqamətində Azərbaycan avtomobil yolunun tikintisinin 90 faizini, dəmir yolunun 70 faizini yekunlaşdırmaq üzrədir. Türkiyə də Qars-Naxçıvan dəmir yolunun tikintisini sürətlə davam etdirir. Təbii ki, bu istiqamətdə enerji və rəqəmsal dəhlizlərin də tikintisi labüd olacaq. Beləliklə, Orta dəhlizin genişlənməsi regionda əməkdaşlığı dərinləşdirməklə, təhlükəsizliyin də möhkəmləndirilməsinə töhfə verəcək", - deyə o bildirib. 

A.Badamov deyib ki, Bakıda keçirilən TDT-yə üzv dövlətlərin  hökumət rəhbərlərinin Zirvə görüşü ölkələr arasında iqtisadi imkanların dərinləşdirilməsi baxımından yeni bir səhifə açacaq.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
31
azerbaijan-news.az

1Источники