Cəlilabad gəncləri və yeniyetmələrində idmana həvəs ənənədən gəlir
Cəlilabadda əvvəllər də adlı-sanlı idmançılar çox olub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin respublikaya birinci rəhbərliyi zamanı rayonda uşaq idman məktəbinin işləri canlandırılıb və uşaq şahmat məktəbi fəaliyyətə başlayıb.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə idman sahəsində də böyük irəliləyişlər əldə olunur. Mötəbər beynəlxalq yarışlara evsahibliyi edən Azərbaycanın idmançıları həm evdə, həm də müxtəlif ölkələrdə keçirilən yarışlarda medallar qazanır, bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər.
Belə qələbələrin qazanılmasında bölgələrimizin, o cümlədən Cəlilabadın da payı az deyil. Rayonda idmana dövlət səviyyəsində qayğı var. 2012-ci ildə istifadəyə verilmiş olimpiya idman kompleksi və digər idman qurğuları bu gün cəlilabadlı yeniyetmələrin, gənclərin ixtiyarındadır. Mükəmməl idman infrastrukturuna malik olimpiya idman kompleksi müasir standartlara cavab verir və burada müxtəlif idman növləri ilə peşəkar səviyyədə məşğul olmaq üçün hər cür müasir şərait var.
Cəlilabadda idmanın ayrı-ayrı sahələrinə, xüsusən sərbəst güləş növünə maraq keçmişdən olub. Rayonda güləş idman məktəbinin təməlini SSRİ idman ustası, respublikanın Əməkdar məşqçisi Ərəbxan Hətəmov qoyub. O öz vəsaiti hesabına həyətində məşq zalı tikərək sərbəst güləş üzrə pəhləvanlar yetişdirib. Onun yetirmələrindən biri 1984-cü ildən SSRİ idman ustası olan Əməkdar məşqçi Telman Quliyevdir. Əvvəllər orta məktəbdə idman müəllimi işləyən, hazırda 70 yaşı olan Telman müəllim 1979-cu ildən bəri uşaq-gənclər idman məktəbində yeniyetmə və gənclərə ustadından aldığı peşənin sirlərini öyrədir. Onun yetirmələri arasında adlı-sanlı idmançılar - I Qarabağ müharibəsinin könüllü döyüşçüsü, SSRİ idman ustası Şahin Hüseynov, Qarabağ müharibəsi qazisi Nurəddin İsmayılov, respublikanın Əməkdar məşqçisi Ceyhun Ağamalıyev və onlarca belə güləşçilər çox olub.
Telman Quliyev həm də Vətən müharibəsinin və 2023-cü il antiterror əməliyyatının iştirakçısı, qazi, Prezidentin sərəncamları ilə orden və medallarla təltif edilmiş Ziya Quliyevin atasıdır. Ziya da idmançıdır, basketbolla məşğul olur. O, Ukraynada İqtisad Universitetini bitirib və hazırda rayon mərkəzi xəstəxanasında ixtisasına uyğun vəzifədə çalışır.
Bu gün də rayon idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda tez-tez fərqlənirlər. Yanvar ayında Lənkəranda uşaq və yeniyetmə şahmatçıların yarışında Cəlilabad məktəbliləri - 8 yaşadək qızlar arasında Zərifə Rəhmanzadə birinci, 12 yaşadək qızlar arasında Rüqəyya Niftalıyeva və 14 yaşadək qızlar arasında Nəzrin Bağırova, eləcə də 8 yaşadək oğlanlar arasında Məhəmməd Urşanov ikinci olublar.
Cəlilabad basketbolçuları da son illər yarışlarda yüksək nəticələr əldə edirlər. "Cəlilabad" BK Azərbaycan Basketbol Liqasına daxil olduqdan sonra rəsmi yarışlarda güclü oyun nümayiş etdirir.
Hər ilin sonunda - 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi yarışlar keçirir. Bu il də yunan-Roma güləşi üzrə təşkil edilən turnirdə cəlilabadlı idmançılar fərqləniblər.
İllərdən bəridir ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü Cəlilabadda təntənəli qeyd olunur, rayon səviyyəsində yarışlar keçirilir, yerli idmançılar müxtəlif turnirlərə qatılırlar. Rayonun adlı-sanlı idmançılarının hakimlik etdikləri bu idman festivalında rayon rəhbərliyi, idarə və müəssisələrin işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Bununla belə idman sahəsində Cəlilabadda hələ görüləsi işlər çoxdur. Məsələn, futbolu inkişaf etdirmək, o cümlədən şəhərdəki futbol meydançasını abadlaşdırmaq, "Abad həyət" layihəsi çərçivəsində məhəllələrdə kütləvi idman qurğuları quraşdırmaq və s. bu kimi işlər bütövlükdə gənclər və yeniyetmələr arasında idmana marağı daha da artırardı.
Seyran CAVADOV,
"Azərbaycan"