RU

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

Milli memarlıq xəzinəsinə misilsiz töhfələr vermiş Zivər bəy Əhmədbəyovun  adı hər bir soydaşımız üçün qürur mənbəyidir. O, ömrünün erkən çağlarından mehrini memarlıq sənətinə salmış, bu sahənin sirlərini dərindən öyrənmiş, Bakıda, eləcə də Vətənin başqa guşələrində bir-birindən gözəl abidələr ucaltmışdı. 

Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov ziyalı bir ailənin sonbeşiyi idi. 1873-cü ildə Şamaxı şəhərində anadan olmuşdu. Atası Gəray bəy Şamaxıdakı quberniya idarəsində kiçik məmur vəzifəsində işləyirdi. Ömrünü maarif işinin təşkilinə həsr etmişdi. Anası Töhfə xanım da o dövrün şərtləri daxilində yaxşı təhsil görmüşdü. Ədəbiyyata, musiqiyə dərindən bələd idi, hətta şeir də yazırdı. 

Zivər bəy Əhmədbəyov ilk təhsilini mədrəsədə almışdı. Uşaqlıqdan ədəbiyyata, musiqiyə, rəssamlığa böyük maraq göstərirdi. Təhsildəki nailiyyətlərini nəzərə alaraq 1893-cü ildə ona Sankt-Peterburqda yerləşən I Nikolay adına Mülki Mühəndislər İnstitutunda oxumaq üçün göndəriş verirlər. Həmin dövrdə memarlıq ən nüfuzlu peşələrdən idi və bu ali təhsil ocağında əsasən varlı zadəgan övladları oxuyurdular. Zivər bəy burada seçdiyi sənətə mükəmməl yiyələnir. 1902-ci ildə institutu uğurla başa vurub Bakı Quberniya İdarəsində işə başlayır. 

Bu o zaman idi ki, Zivər bəy ali təhsilini başa vurub Vətənə qayıtdığı il - yəni 1902-ci ildə Şamaxıda çox güclü zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində şəhərdə 4 min yaşayış evi, 8 qədim məscid, 2 kilsə, 10-dan artıq mədrəsə, 40 qədim Şərq hamamı, onlarca ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olmuşdu. Şamaxı qəzasında yerləşən 126 kənddə də 3 mindən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılmışdı. Zəlzələdən sonrakı illərdə Şamaxıda dağıntıların aradan qaldırılması istiqamətində Zivər bəy Əhmədbəyov şəhərin məhəllələrinin düzgün planlaşdırılmasına və tikilməsinə, zəlzələ zamanı ziyan dəymiş Şamaxı Cümə Məscidinin bərpası layihəsinin hazırlanmasına böyük əmək sərf etmişdi.

1903-cü ilin oktyabr ayında Cümə məscidinin bərpasına ianə toplamaq məqsədilə komitə yaradılır. Ölçmə çertyojları və başqa materiallar olmadığına görə abidəni tam bərpa etmək çətin idi. Tikilinin memarlıq dəyərini qiymətləndirməyə qabil olmayan, ona tarixi abidədən daha çox dini ibadət məkanı kimi baxan komitə üzvləri məscidin qədim bünövrəsinin və qorunmuş hissələrinin saxlanılması əsasında bərpasını məqbul sayırlar. Komitənin tapşırığı əsasında Şamaxı Cümə Məscidinin bərpası üzrə layihə hazırlayan Zivər bəy Əhmədbəyov isə həm dağılmış binanın cizgilərini saxlamağa, həm də binanın qalan hissələrindən istifadə etməyə çalışır. Gənc memarın rəhbərliyi ilə kürsü daşı qoyulur, mərkəzi mehrabın arxa divarı qismən tikilir, yan divarların inşası da davam etdirilərkən Zivər bəylə komitə arasında hansısa səbəbdən narazılıq yaranır. İnşaat işləri dayandırılır və Zivər bəy tikintini tərk edir. Daha sonra bu işə İ.Ploşko cəlb olunur. O, Zivər bəy Əhmədbəyovun plan quruluşunu saxlayaraq layihəni bir qədər də təkmilləşdirir və məscidin bərpası başa çatdırılır. 

Memarın şah əsəri - Təzəpir məscidi 

1905-1914-cü illərdə Zivər bəyin layihəsi əsasında Bakıda Təzəpir məscidi inşa olunur. Azərbaycan tarixində özünəməxsus yer tutan bu memarlıq abidəsinin layihəsini hazırlamaqdan ötrü Zivər bəy Əhmədbəyov çox ciddi çalışır. Məscidin tikintisini dövrünün məşhur xeyriyyəçi xanımlarından Nabat xanım Aşurbəyova maliyyələşdirmişdi. 

O, layihə üzərində işləyərkən müxtəlif Şərq ölkələrinin məşhur məscidlərinin memarlıq xüsusiyyətlərindən bəhrələnmək üçün Zivər bəyi ayrı-ayrı ölkələrə, dini abidələri ziyarət etməyə göndərir. Uzunmüddətli ziyarətdən qayıdan memar arzuladığı hündür minarəli yaraşıqlı məscidin layihəsini Nabat xanıma təqdim edir. Əfsuslar olsun ki, Bakı Quberniya İdarəsinin qoyduğu müəyyən məhdudiyyətlərə görə minarəni nəzərdə tutulan hündürlükdə inşa etmək mümkün olmur. Məhdudiyyət onunla bağlı idi ki, təxminən eyni vaxtda Təzəpirə yaxın ərazidə el arasında "Qızıllı kilsə" kimi tanınan Aleksandr Nevski pravoslav kilsəsi tikilmişdi. Quberniya İdarəsi Təzəpir məscidinin öz hündürlüyü və yaraşığına görə həmin kilsədən üstün olmasını istəmirdi. Ona görə idarədən Zivər bəyə ciddi xəbərdarlıq edilir ki, Təzəpir məscidi Aleksandr Nevski kilsəsindən hündür tikilməməlidir. 

Görkəmli memar Təzəpir məscidindən başqa həmin illərdə Göyçaydakı Əbülfəzl Abbas məscidini, Şamaxıdakı İmam məscidini, Cümə məscidini, Bakıda tikilmiş "Səadət" məktəbinin binasını, "İttifaq" məscidini, müxtəlif yaşayış evləri və digər tikililəri, həmçinin Əmircanda məşhur Bakı milyonçusu Murtuza Muxtarovun tikdirdiyi məscidin binasını da layihələndirmişdi. Əmircandakı məscid bir zamanlar Azərbaycanın ən hündür minarəli məscidi hesab olunurdu. Onun minarələrinin hündürlüyü 40 metrdən artıqdır. Murtuza Muxtarov məscidi Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınıb.

Zivər bəy Əhmədbəyovun böyük sənətkarlıq istedadı ilə ucaltdığı və bu gün də Bakının memarlıq inciləri sırasında özünəməxsus rol oynayan tikililərdən biri də paytaxt sakinləri arasında Əjdərbəy məscidi, yaxud "Göy məscid" kimi tanınan abidədir. Bu məscid dövrünün xeyriyyəçilərindən olan Əjdər bəy Aşurbəyovun vəsaiti ilə tikilmişdi. O, Təzəpir məscidinin inşasını maliyyələşdirmiş Nabat xanım Aşurbəyovanın qardaşı idi. 1905-ci ildə tikili üçün Bakıda münasib yer axtarılır. Nəhayət ki, o zaman Qanlı təpə adlanan ərazi bəyənilir və məscidin bünövrəsi qoyulur. Əjdərbəy məscidinin memarlıq xüsusiyyətlərinin özünəməxsus cəhətləri ondadır ki, bu tikilidə Kəbənin, Kərbəla məscidinin müəyyən elementlərindən istifadə olunub. 

Milli memarlıq irsi Zivər bəy Əhmədbəyovun yaradıcılığında aparıcı xətt təşkil edirdi. Bununla yanaşı, görkəmli memar Avropa klassisizminin uğurlarından da bəhrələnirdi. Onun layihələri ilə Bakıda inşa edilmiş "Doğum evi"nin, "Uşaq xəstəxanası"nın (indiki Elmi-Tədqiqat Ana və Uşaq Mühafızəsi İnstitutu), həmçinin Bakıda və Şamaxıda tikilmiş bir sıra yaşayış evlərinin memarlıq elementlərində bunu müşahidə edə bilərik. 

1918-1920-ci il Bakısının baş memarı

Zivər bəy Əhmədbəyov ictimai fəaliyyətlə də məşğul olurdu. O, 1919-cu ildə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətini yaratmışdı. Şamaxıda doğulub-böyüyən Zivər bəyi bu şəhərdə kitabxananın olmaması çox narahat edirdi. Buna görə də Şamaxıda kitabxana binası tikərək onu lazımi kitablar və digər vəsaitlərlə təmin etmişdir. 

Azərbaycan Xalq Cümhuriyyəri dövründə o, artıq Bakının baş memarı kimi fəaliyyət göstərirdi. Şəhərin daşnaklardan və eser-menşeviklərdən ibarət "Sentrokaspi diktaturası"ndan azad edilməsi zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək məqsədilə keçmiş Çəmbərəkənd qəbiristanlığında - indiki Şəhidlər xiyabanında ucaldılmış abidə kompleksinin layihəsi də məhz Zivər bəy Əhmədbəyova məxsusdur. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə Orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə edilmişdir. 

Ölüm hökmünü özü verdi

Əfsuslar olsun ki, bolşeviklərin zorakı üsullarla hakimiyyəti ələ keçirmələri və öz zəmanələrinin ən işıqlı şəxsiyyətlərinə qarşı başladıqları kütləvi repressiyalar Zivər bəy Əhmədbəyovun da taleyində yaşandı və onu bu həyatdan qoparıb apardı. Zivər bəy cinayət əməlləri heç bir sərhəd tanımayan "qırmızı"ların öz terrorçu hərəkətləri ilə cəmiyyəti hara sürüklədiklərini yaxşı anlayırdı. Mühitindəki ziyalıların, ünsiyyətdə olub ülfət qurduğu dost-tanışlarının çoxu öldürülmüş, həbsə atılmışdı. 

Zivər bəy baş verənləri aydın görür, qətl və ya həbs növbəsinin tezliklə ona da çatacağını duyurdu. Artıq 1925-ci ilə doğru psixoloji gərginlik elə həddə çatmışdı ki, Zivər bəy Əhmədbəyov ya qürbəti, ya da Vətəndə ölümü seçməli idi. O, ikincini - Vətən torpağına qarışmağı seçdi və bununla ölüm hökmünü özü verdi. 1925-ci ilin 16 fevral günü Çəmbərəkənddə yerləşən evində özünü güllələdi. Dünyadan köçəndə cəmi 52 yaşı vardı, istedadının, memarlıq qüdrətinin ən parlaq vədələrində Azərbaycanın müxtəlif şəhərlərində hələ nə qədər abidə ucalda bilərdi... 

Ölümündən sonra Çəmbərəkənd qəbiristanlığında dəfn olunan Zivər bəyə məzarda da rahatlıq vermədilər. Qızı Firəngiz xanım xatirələrində yazırdı ki, 1931-ci ildə hökumətin qəbul etdiyi qərarla Çəmbərəkənd qəbiristanlığı dağıdıldı. Məzarların üstündə Dağüstü park salındı. O, atasının məzarını indiki Fəxri xiyaban ərazisinə köçürsə də, bir neçə ildən sonra Fəxri xiyabanın qurulması ilə əlaqədar köhnə qəbiristanlıq da alt-üst edilir və Zivər bəy Əhmədbəyovun məzarı itərək torpağa qarışır... Bununla Bakıya, bütövlükdə Azərbaycana neçə-neçə abidə qoyub getmiş memara bir başdaşı da qismət olmur. 

Amma bu gün dövlətimiz Azərbaycan tarixində nəcib izləri olan başqa böyük şəxsiyyətlərimiz kimi, Zivər bəy Əhmədbəyovun da irsinə böyük dəyər verir. 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda - metronun "Nizami" stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olur. Memarın heykəli onun layihəsi ilə tikilmiş binanın önündə ucalır. Yaxınlıqdakı küçəyə də bu görkəmli memarın adı verilir. 

İradə ƏLİYEVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Избранный
40
azerbaijan-news.az

1Источники