RU

Bank borca görə qohumlara zəng edə bilərmi? – ÖNƏMLİ AÇIQLAMA

Azərbaycanda bank və bank olmayan kredit təşkilatlarının (BOKT) borc gecikmələri zamanı müştərilərin yaxınlarına zəng etməsi və borc haqqında məlumatları üçüncü tərəfə ötürməsi son dövrlərin ən aktual hüquqi mübahisə mövzularından birinə çevrilib.

Bir çox vətəndaş öz şəxsi məlumatlarının və maliyyə öhdəliklərinin ətrafa yayılmasından narazılıq etsə də, bu məsələnin hüquqi tərəfləri birbaşa bağlanmış kredit müqavilələrinin şərtlərindən asılıdır. Mülki Məcəllənin tələblərinə əsasən, bank sirri toxunulmazdır və müştəri məlumatlarının qorunması bankın birbaşa öhdəliyidir, lakin təcrübədə qarşıya çıxan mənzərə fərqli ola bilər.

Natiq Ələsgərov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, bankların bu hərəkətləri çox vaxt müqavilənin “kiçik hərflərlə” yazılmış bəndlərinə əsaslanır:

“Vətəndaşlar kredit götürərkən müqaviləni diqqətlə oxumurlar. Banklar isə müqaviləyə müştərinin öz borcu barədə məlumatların müəyyən edilmiş şəxslərə (əlaqədar şəxslər) ötürülməsinə dair razılıq bəndini daxil edirlər. Əgər vətəndaş bu bəndin altından imza atıbsa, bankın onun yaxınlarına zəng etməsi hüquqi baxımdan müqavilə şərtlərinin icrası kimi qiymətləndirilir”.

Onun sözlərinə görə, əgər müqavilədə belə bir bənd yoxdursa və müştəri buna yazılı razılıq verməyibsə, bu birbaşa bank sirrinin pozulmasıdır:

“Bank sirri yalnız qanunla müəyyən edilmiş hallarda – məhkəmə qərarı və ya istintaq orqanlarının rəsmi sorğusu əsasında açıqlana bilər. Şəxsin borclu olması faktını onun qonşusuna, iş yoldaşına və ya razılığı olmayan qohumuna demək qanunsuz müdaxilədir. Belə hallarla qarşılaşan vətəndaşlar bankdan həm maddi, həm də mənəvi zərərin ödənilməsini məhkəmə qaydasında tələb edə bilərlər. Statistik göstəricilər də ölkədə kredit intizamının və borc yükünün artdığını göstərir. Mərkəzi Bankın son məlumatlarına görə, vaxtı keçmiş kreditlərin həcmində müşahidə olunan 7 faizlik artım həm bankların, həm də borcluların üzərindəki təzyiqi artırır. Lakin bu artım banklara qanundan kənar üsullarla borc yığmaq hüququ vermir”.

Tunar


Избранный
15
1
azia.az

2Источники