Əsassız ittihamlar və köhnəlmiş yanaşma: Zatulinin ritorikasına analitik baxış
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin “Moskovskiy Komsomolets” qəzetində yer alan fikirləri regionda formalaşmış yeni geosiyasi reallıqlara qarşı nümayiş etdirilən siyasi qeyri-adekvatlığın növbəti təzahürüdür.
Öz ritorikasını elementar faktiki xətalar və emosional manipulyasiyalar üzərində quran Zatulin “gizli razılaşmalar” barədə irəli sürdüyü iddialarla ciddi analitik əsasdan uzaq, daha çox siyasi spekulyasiya xarakterli mövqe sərgiləyir və bu yanaşma obyektiv reallığı əks etdirmir. Bu cür yanaşmalar təmsil etdiyi ölkənin rəsmi xarici siyasət kursu ilə də ziddiyyət təşkil edir.
Qarabağın Azərbaycanın suveren ərazisi olması faktı nə gizli, nə də yeni bir məsələdir. Bu həqiqət BMT Təhlükəsizlik Şurası qətnamələrindən tutmuş, Rusiyanın özünün imzaladığı müttəfiqlik bəyannamələrinə qədər bütün beynəlxalq sənədlərdə təsbit olunmuş sarsılmaz reallıqdır.
Bundan əlavə, 30 ilə yaxın davam edən işğal dövründə yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalması, şəhər və kəndlərin dağıdılması, tarixi-mədəni irsin sistemli şəkildə məhv edilməsi kimi faktlara uzun müddət susqun münasibət sərgiləyən bəzi dairələrin bu gün “ədalət” ritorikası ilə çıxış etməsi ciddi suallar doğurur.
Qeyd etmək lazımdır ki, Azərbaycanın qazandığı tarixi Qələbə məhz Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti, milli maraqlara əsaslanan qətiyyətli liderliyi və məqsədyönlü dövlət idarəçiliyi nəticəsində əldə olunmuşdur.
Bu Qələbə təkcə ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmadı, eyni zamanda Zatulin kimilərin illərdir istinad etdiyi “dondurulmuş münaqişə” modelinin iflasını da təmin etdi.
Zatulinin “Rusiya aldadılıb” tezisi isə mahiyyət etibarilə onun Rusiya diplomatiyasının və dövlət institutlarının peşəkarlığına kölgə salmaq cəhdini nümayiş etdirir. Rəsmi Moskvanın Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə tanıdığını bəyan etdiyi halda, bir deputatın bu mövqeyə kölgə salmağa yönəlmiş çıxışları diplomatik etika normalarına uyğun deyil. Bu cür bəyanatlar sülhə deyil, revanşist hisslərin qızışdırılmasına və regionda sabitliyin pozulmasına xidmət edir. Mövcud reallıq ondan ibarətdir ki, Cənubi Qafqaz artıq post-münaqişə mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas fəlsəfəsi qarşıdurma deyil, əməkdaşlıq, davamlı sülh və qarşılıqlı etimadın möhkəmləndirilməsidir.
Bu reallıqları inkar edən və ya təhrif etməyə çalışan ritorika isə mahiyyət etibarilə keçmişin dağıdıcı və səmərəsiz siyasətlərini yenidən dirçəltmək cəhdidir və bu cəhd, şübhəsiz ki, uğursuz təşəbbüsdür. Regionun gələcəyi emosional bəyanatlar və əsassız ittihamlarla deyil, məhz hüquqa əsaslanan ədalətli və inklüziv nizamın qurulması ilə müəyyən ediləcək.