Dünən Azərbaycan futbolunda daha bir rəzalət yaşandı. Səhər saatlarında keçirilən AFFA-nın növbəti Konfransını demirəm. Orda hər şey öz axarında keçdi. Yenə “hər şey yaxşı olacaq” məzmunlu açıqlamalar, AFFA -nın bir illlik “uğur hekayəsi”ndən bəhs edən 28 dəqiqəlik video. 28 dəqiqəlik video ərzində mürgüləyənlər də oldu, borclarını yadına salıb fikirə gedənlər də.
Azərbaycan Gürcüstan, Özbəkistan kimi hansısa böyük turnirin final mərhələsinə vəsiqə qazansa, yəqin ki, Konfransın müddəti azı 6-7 saat çəkər.
Konfrans günü axşam saatlarında isə Sumqayıtda biabırçılıq baş verdi. Ölkənin ən yaxşı hakimlərindən hesab olunan Əliyar Ağayev “Turan Tovuz” – “Zirə” oyununda meydan sahiblərinin xeyrinə iki aşkar penaltini vermədi. Oyundan əvvəl də bəzi tovuzlu azarkeşlər Əliyar Ağayevin təyinatına etiraz edir, FİFA referisinin onlara problem yaradacağını düşünürdülır. Deyilən kimi də oldu.
“Şamaxı” – “Neftçi” matçında eyni epizoda görə “ağ-qaraların” qapısına penalti təyin olunsa da, dünən Ə.Ağayev nöqtəni göstərmədi. Digər epizodda isə Qismət Alıyev cərimə meydançasının xətti üzərində aşkar şəkildə Roderik Millerin ayağını tapdalayır. Əgər bu da qayda pozuntusu və penalti deyilsə, nədir?
Bəlkə də oyundan sonra “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev bir qədər emosional danışdı. Amma gəlin, özümüzü onun yerinə qoyaq. Bir matçda kimin iki aşkar penaltisi verilməsə, sözün həqiqi mənasında dəli olar. Hələ Tovuz klubunun rəhbəri bir az abırını gözləməyə çalışdı. Əminəm ki, eyni hal AFFA- nın baş katibi Cahangir Fərəcullayevin və ya Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun başına gəlsəydi, onların reaksiyası daha betər olardı.
Get-gedə bir şeyə əmin oluram, Frank De Blekerin vaxtında hakimlik daha yaxşı idi. Rauf Allahverdiyevi “Neftçi” – “Sabah” görüşündə meydan sahiblərinin qapısına penalti vermədiyinə görə (o, VAR-da idi, baş hakim isə Əliyar idi) AFFA “Sabah”ın təzyiqi ilə hakimlikdən ömürlük uzaqlaşdırdı. Halbuki R.Allahverdiyevin qərəzli olması barədə əldə ciddi sübut da yox idi. İndi AFFA Əliyar Ağayevlə bağlı hansı qərarı verəcək? Rəhim Həsənov yenə müxtəlif yollarla don geyindirməyə çalışacaq, ya hakimin iki ciddi səhvə yol verdiyini etiraf edəcək?
Onu bilirəm ki, bizi qarşıda heç yaxşı günlər gözləmir. Bəlkə də AFFA rəhbərliyi güman edir ki, hakimlikdəki bütün problemlər yoluna qoyulub. Lakin çempionatın sonuna doğru onları daha böyük sürprizlər gözləyir.