RU

Mina təhlükəsi bəşəri bəladır

Aprelin 3-də Azərbaycan Milli QHT Forumunun Azərbaycan Minatəmizləmə Agentliyi yanında İctimai Şurası ilə birgə təşkilatçılığı ilə “Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə, qurbanların hüquqlarının müdafiəsi və beynəlxalq çağırışlar” mövzusunda ictimai müzakirə keçirilib.

Milli QHT Forumun İdarə Heyətinin üzvü Zaur İbrahimli tədbirin əhəmiyyətindən danışıb.

ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina problemi: mövcud vəziyyət, çağırışlar və hədəflər” mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir və minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. Rəsmi məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə təxminən 11 min 667 kvadratkilometr sahə mina və partlayıcı müharibə qalıqları ilə çirklənib. Bu, ölkə ərazisinin 13 faizindən çoxu deməkdir. Həmin ərazilərdə təxminən 1,5 milyon mina və naməlum sayda partlayıcı sursatın mövcud olduğu bildirilir. U.Mirzəyev bildirilib ki, 2020-ci il noyabrın 10-dan 2026-cı il 1 aprel tarixinədək 421 nəfər mina qurbanı olub. Onlardan 72 nəfəri həlak olub, 349 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Son 30 ildə isə Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfərdən artıqdır. Onların 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır.

Müzakirələr çərçivəsində “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov, Şuranın üzvü Rəşad Mehdiyev və başqaları çıxış edərək mina təhlükəsinin yalnız milli deyil, qlobal humanitar problem olduğunu qeyd edib, beynəlxalq ictimaiyyətin bu məsələyə daha həssas yanaşmasının vacibliyini vurğulayıblar.

Sonda Azərbaycan QHT-lərinin 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı Bəyanatı səsləndirilib.

XQ

Избранный
0
4
xalqqazeti.az

8Источники