RU

“Küçə mədəniyyəti” yoxsa vandalizm?

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

 Paytaxtın mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarına qraffit çəkilməsi ictimaiyyətdə geniş narazılıq doğurub.

Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə müzakirə mövzusuna çevrilib. Məsələ təkcə divarın yazılması kimi yox, daha geniş çərçivədə – şəhər mədəniyyəti, ictimai mülkiyyət və gənclər davranışı kontekstində qiymətləndirilir.

Qraffiti bir çox ölkələrdə “küçə sənəti” kimi qəbul edilir və hətta bəzi şəhərlərdə bu istiqamətdə festivallar, xüsusi zonalar yaradılır. Lakin əsas fərq icazə və məkan məsələsidir.

Nizami Kino Mərkəzi kimi mərkəzi, simvolik ictimai əhəmiyyətli obyektlərdə icazəsiz qraffiti artıq sənət yox, qanunsuz müdaxilə kimi qiymətləndirilir. İctimai narazılığın səbəbləri bu baxımdan aydındır. Bu, mədəni irs və şəhər simasına vurulmuş zərərdir. Çünki bu tip obyektlər şəhərin vizit kartı sayılır.  Onların üzərində icazəsiz dəyişiklik memarlıq harmoniyasını pozur, tarixi və mədəni dəyəri zədələyir və şəhərin ümumi görünüşünü korlayır.

Bu “sənətkarlar” həmçinin ictimai mülkiyyətə hörmətsizlik nümayiş etdirib. Bu isə məsələyə hüquqi çalar qatır. Belə ki, icazəsiz müdaxilə qanun pozuntusu sayılır və cəmiyyətin ümumi maraqlarına zidd addım kimi qəbul olunur.

Narahatlıq doğuran digər amil sosial davranış modelidir.

Əgər bu cür hallar normallaşarsa gənclər arasında “icazəsiz etmək olar” düşüncəsi formalaşır, qayda pozuntularına tolerantlıq artır və hüquqi məsuliyyət hissi zəifləyir. Sosiologiyada məşhur olan “sındırılmış pəncərə nəzəriyyəsi”nə görə, kiçik qayda pozuntuları (məsələn, divar yazıları) nəzarətsiz qalarsa daha böyük hüquq pozuntularının artmasına zəmin yaradır. Yəni məsələ təkcə estetik deyil . Bu, şəhərdə ümumi nizam-intizamın qorunması ilə bağlıdır.

Bakı xarici turistlərin, qonaqların ən çox gəzdiyi məkandır. Paytaxtda vaxtaşırı böyük miqyaslı beynəlxalq tədbirlər, konfranlar təşkil olunur. Bu baxımdan pinti “küçə sənətkarlığı” vizual çirklənmə yaradır, turistlər üçün mənfi təəssürat formalaşdırır və biznes və kommersiya obyektlərinə dolayı zərər vurur. Xüsusilə mərkəzi ərazilərdə bu faktorlar şəhərin imicinə birbaşa təsir edir.

Qraffiti tamamilə mənfi fenomen deyil. Dünyanın bir çox şəhərlərində xüsusi divarlar ayrılır, rəssamlar üçün layihələr hazırlanır, “strit-art” festivalları keçirilir. Bu halda qraffiti yaradıcılıq platformasına çevrilir, şəhərə estetik rəng qatır, gənclərin enerjisini müsbət istiqamətə yönəldir. Amma əsas şərt dəyişmir: qayda və çərçivə!

Azərbaycan qanunvericiliyinə görə, ictimai əmlaka zərər vurmaq, icazəsiz dəyişiklik etmək inzibati və ya daha ağır hallarda cinayət məsuliyyəti yarada bilər. Bu baxımdan qraffiti məsələsi sadəcə mədəni yox, həm də hüquqi məsələdir. Nizami Kino Mərkəzi ətrafında yaranan müzakirə göstərir ki, cəmiyyət şəhər estetikasına daha həssas yanaşır və ictimai mülkiyyətin qorunmasını tələb edir.

Gənclərin və yeniyetmələrin icazəsiz şəkildə binalar üzərində qraffiti çəkməyə təşviq olunması təkcə estetik məsələ deyil. Bu, sosial, hüquqi və təhlükəsizlik baxımından bir neçə ciddi problem yaradır. İlk olaraq hüquqa hörmətsizlik vərdişi formalaşır. Əgər yeniyetmələrə bu davranış “normal” kimi təqdim olunarsa qanun pozuntusu adi hal kimi qəbul edilir, gələcəkdə daha ciddi hüquq pozuntularına keçid asanlaşır. Bu, həmçinin erkən yaşda hüquqi məsuliyyət hissinin zəifləməsinə səbəb olur.

Belə tendensiya davranışın radikallaşması riskini daşıyır. Bu, gənclər arasında aqressiyanın artması, sosial normadan uzaqlaşma ilə nəticələnə bilər. Əgər bu təşviq geniş yayılarsa artıq tək-tək hadisə yox, sistemli problemə çevrilə bilər. Yeniyetmələr çox vaxt bunun nəticəsini düşünmür. Amma inzibati cərimələr, valideyn məsuliyyəti, bəzi hallarda cinayət işi kimi nəticələr yarana bilər. Bu, onların gələcək həyatına (təhsil, karyera) da mənfi təsir edə bilər.

Problem eyni zamanda şəhər idarəçiliyi üçün iqtisadi problem və ictimai narazılıq yaradır. Zədələnmiş obyektlərin bərpası əlavə maliyyə xərcləri yaradır, dövlət və ya sahibkar üçün yük olur. Eyni zamanda cəmiyyətdə narazılıq, “ictimai mülkiyyət qorunmur” düşüncəsi formalaşır.

Qraffitiyə nəzarətsiz təşviq istedadı xaosa çevirir, qaydasız və məsuliyyətsiz davranışı gücləndirir. Nəticədə hüquqi risk yaradır, sosial davranışı pozur və şəhər mühitinə zərər vurur. Odur ki, icazəsiz müdaxilələrə qarşı sərt nəzarət tətbiq olunmalı, gənclərin yaradıcılığı düzgün istiqamətləndirilməlidir.

Nəzarət edilməsə bu proses “küçə mədəniyyəti”nə yox, nəzarətsiz vandalizmə çevrilə bilər.

Etibar ABBASOV 

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
18
azpost.info

10Источники