RU

Kapitandan rəqibin canına qorxu salan açıqlama: “Yaxşı hazırlıq keçmişik”

Premyer Liqanın 26-cı turunun prinsipial qarşılaşmalarından biri Yevlaxda baş tutacaq.

Elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” nominal meydan sahibi qismində eyni iddiada olan “Qəbələ”ni qonaq edəcək.

Qəbələlilərin son 8 çempionat görüşündə qələbəyə həsrət qalması, əvəzində gəncəlilərin son turlarda xoş təsir bağışlaması oyuna marağı birə-beş artırıb.

25 turdan sonra aktivində 21 xal olan “Kəpəz” əsas rəqibini 5 xal qabaqlamaqla yuxarı pillələrə can atırsa, “Qəbələ” qələbə sayəsində xal fərqini azaldıb sonuncu pillədəki “Karvan-Yevlax”dan uzaqlaşmaq niyyətini güdür.

Vacib oyundan əvvəl Sportinfo.az-a açıqlama verən “qırmızı-qaralar”ın kapitanı Murad Musayev qələbədən söz açıb:

“Ardıcıl uğursuz nəticələrdən sonra çempionatda fasilənin yaranması yaxşı oldu. Bu müddətdə çatışmazlıqları aradan qaldırmaq üçün səmərəli hazırlıq keçmişik. Düşünürəm ki, iki həftəlik toplanış xeyrimizə işləyəcək.

Qarşıda bizi ardıcıl vacib oyunlar gözləyir. Xüsusən əsas rəqiblərimizdən olan “Kəpəz”lə qarşılaşma olduqca önəmlidir. Həm yaxşı hazırlıq keçmişik, həm də kollektivdə motivasiya yüksək səviyyədədir.

Allahın izni ilə məşqlərdə keçdiyimiz hazırlığı oyun ərzində həyata keçirib istəyimizə çatarıq. Məqsədimiz qələbə qazanıb vəziyyəti düzəltməkdir. Bu oyunda 3 xal bizim üçün olduqca vacibdir. Xal itirməyi ağlımızdan keçirmirik”.

Aprelin 5-də Yevlax şəhər stadionunda keçiriləcək matçın start fiti saat 15:30-da çalınacaq.

HƏBİB

Избранный
24
1
sportinfo.az

2Источники