RU

“Bu, “Cənubi Qafqaz mənim təsir dairəmə aiddir” mesajının açıq ifadəsidir”-sensasion açıqlamalar

“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı sazişin imzalanması Cənubi Qafqazda regional tarazlığı pozub.

Musavat.com-un məlumatına görə, belə bir iddia ilə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk çıxış edib. Rusiya rəsmisi davamında daha “dərin”ə gedib. “Problem ondadır ki, bu imzalar daha dərin prosesləri işə salıb. Onlar Türkmənçay müqaviləsinin imzalandığı 1828-ci ildən bəri mövcud olan regional tarazlığı pozub”, - Overçuk bildirib.

O xatırladıb ki, həmin dövrdə İrəvan və Naxçıvan xanlıqlarının torpaqları Rusiya imperiyasına verilib və sərhəd coğrafi sərhəd - Araz çayı boyunca müəyyən edilib. O vaxtdan bəri, bu, iki böyük qonşu arasında razılaşmalarla təmin edilən ümumilikdə dinc sərhəd olub.
Rusiya və Azərbaycan arasındakı “buz”ların əriməkdə olduğu dönəmdə yenidən şimalda suları bulandırmaq cəhdləri müşahidə olunmaqdadır. Overçukun bu sözləri hansı məna daşıyır? Kreml Zəngəzur dəhlizi əleyhinə hərəkətə keçib, yoxsa “Cənubi Qafqaz mənim təsir dairəmə aiddir”-mesajı verir?
CROSSMEDIA

Deputat Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk tərəfindən səsləndirilən fikirlər zahirən tarixi paralellər üzərində qurulsa da, mahiyyət etibarilə müasir geosiyasi reallıqlarla ziddiyyət təşkil edən imperiya təfəkkürünün açıq ifadəsidir: “Onun Türkmənçay müqaviləsi ilə bağlı istinadları təsadüfi deyil və əslində regionun müstəqil dövlətlərdən ibarət deyil, böyük güclər arasında bölüşdürülmüş “təsir zonası” kimi qəbul edildiyini nümayiş etdirir”. E.Mirzəbəyli Rusiya rəsmisinin tarixə ekskursiya etməsinə də münasibət bildirib: “Overçukun iddiasına görə, guya 1828-ci ildən sonra formalaşmış “tarazlıq” bu gün pozulur. Lakin burada əsas sual yaranır: hansı tarazlıqdan söhbət gedir? Əgər söhbət imperiyalar arasında əldə olunmuş razılaşmalardan gedirsə, bu, beynəlxalq hüququn müasir prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinə açıq şəkildə ziddir. Bu yanaşma faktiki olaraq Azərbaycan, Ermənistan və digər region dövlətlərinin müstəqil subyektliyini şübhə altına alır və onları geosiyasi oyunçuların iradəsindən asılı “obyekt” kimi təqdim edir”.

Deputat qeyd edib ki, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi ətrafında yaranmış vəziyyət də məhz bu kontekstdə qiymətləndirilməlidr: “Layihənin mahiyyəti regionda yeni nəqliyyat və iqtisadi bağlantılar yaratmaqdan ibarətdir. Bu isə postsovet məkanında uzun illər mövcud olmuş monopolist nəqliyyat və logistika sistemlərinin geosiyasi məqsədlər üçün istifadə potensialına son qoymaq imkanına malikdir. Məhz bu səbəbdən, Moskvanın narahatlığı təkcə siyasi deyil, həm də iqtisadi və strateji xarakter daşıyır”.

E.Mirzəbəylinin sözlərinə görə, Overçukun açıqlamalarında diqqət çəkən əsas məqamlardan biri Araz çayı boyunca müəyyən edilmiş sərhədlərin “dinc razılaşma nəticəsi” kimi təqdim olunmasıdır: “Halbuki həmin sərhədlər imperiyalararası müharibələrin nəticəsi olaraq formalaşıb və region xalqlarının iradəsini əks etdirməyib. Bu baxımdan, onun arqumentləriı klassik müstəmləkəçi baxış bucağının müasir formada təkrarıdır.
Bu kontekstdə Kremlin mesajını iki istiqamətdə şərh etmək mümkündür. Birincisi, bu, həqiqətən də Zəngəzur dəhlizi layihəsinə qarşı dolayı müqavimət siqnalıdır. Çünki bu dəhliz reallaşdığı təqdirdə, regionda yeni iqtisadi və geosiyasi reallıqlar formalaşacaq və Rusiyanın ənənəvi təsir rıçaqları zəifləyəcək. İkincisi və daha əhəmiyyətlisi, bu açıqlama “Cənubi Qafqaz mənim təsir dairəmə aiddir” mesajının açıq ifadəsidir. Yəni Moskva regionda baş verən hər hansı strateji dəyişikliklərin onun razılığı olmadan həyata keçirilməsini qəbul etmədiyini nümayiş etdirir.

Lakin bu yanaşma artıq köhnəlib. Müasir beynəlxalq münasibətlər sistemi imperiyalararası razılaşmalar üzərində deyil, suveren dövlətlərin bərabərhüquqlu əməkdaşlığı üzərində qurulub. Cənubi Qafqaz ölkələri də bu sistemin tamhüquqlu iştirakçılarıdır və onların gələcəyi XIX əsr müqavilələri ilə deyil, XXI əsrin reallıqları ilə müəyyən olunmalıdır və olunur. Beləliklə, Overçukun bəyanatı sadəcə birtərəfli tarixi mülahizələr deyil, siyasi niyyət bəyanatıdır. Bu niyyət isə regionda yeni əməkdaşlıq platformalarının formalaşmasına qarşı çıxmaqla yanaşı, eyni zamanda postsovet məkanında imperiya təsəvvürlərinin hələ də aktual saxlanıldığını göstərir. Bu isə öz növbəsində, region ölkələri üçün daha çevik, balanslı və müstəqil siyasət yürütməyin nə qədər həyati əhəmiyyət daşıdığını bir daha təsdiqləyir”.

E.Paşasoy,
Musavat.com

Избранный
19
50
musavat.com

10Источники