RU

Ölümün izində həyat...

BAKI, 4 aprel. TELEQRAF

AĞDAM, 4 aprel. TELEQRAF

4 aprel — Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür.

Bu gün münasibətilə Teleqraf-ın Qarabağ bürosu Elməddin Cəfərovla görüşüb. Onun hekayəsi həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.

Elməddin 2006-cı ildə, 23 yaşında ANAMA-da minaaxtaran kimi işə başlayıb. 15 il ərzində yüzlərlə mina və partlayıcı qurğu aşkarlayıb və zərərsizləşdirilib.

“Hər tapdığım mina mənim üçün bir insanın xilas olması demək idi” - deyir Elməddin.

2021-ci ildə dəmir yolu çəkilişi üçün ayrılmış ərazini təmizləyərkən basdırılmış minaya düşüb. Partlayış nəticəsində gözləri və ayağı ağır xəsarət alıb, bir ayağı amputasiya olunub. Keçirdiyi 7 əməliyyatdan sonra Elməddin minaaxtaran fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Lakin həyat onu tərk etmədi. Dövlət və ailə dəstəyi ilə bərpa proseslərinə başladı: gözlərinin qismən görməsi bərpa edildi, protez təmin olundu və indi yeriməsi mümkündür. Elməddin 4 övlad böyüdür. Artıq övladlarından biri hərbi xidmətini başa vuraraq geri dönüb.

“Hər gün övladlarımı görəndə və onların gülüşünü hiss edəndə əzmkarlıq tapıram” - deyə Elməddin əməkdaşımızla söhbətində bildirir.

Ekspertlər bildirir ki, Azərbaycanda hələ də minlərlə hektar ərazi minalarla çirklənib. Elməddin kimi minaaxtaranlar bu prosesin ön cəbhəsindədir. Onların fəaliyyəti sayəsində torpaqlar tədricən həyat üçün açılır, insanlar təhlükəsiz şəraitdə yaşayır və kənd təsərrüfatı bərpa olunur.

Elməddin Cəfərovun hekayəsi ümid, cəsarət və yaşama bağlılığın simvoludur. O göstərir ki, bəzən ən böyük qəhrəmanlıq səssiz, görünmədən və həyatı riskə ataraq edilir.

Hər addımında ölüm təhlükəsi olan bu işdə Elməddin kimi insanlar başqalarının təhlükəsizliyini təmin edir və gələcəyə ümid aşılayır. Bu, yalnız bir insanın deyil, bütün cəmiyyətin qəhrəmanlıq hekayəsidir.

Избранный
3
20
teleqraf.com

10Источники