RU

Yeni qadağa ilə bağlı vacib suallar - Detallar açıqlandı

Aprelin 1-də Azərbaycanda elektron siqaretlərlə bağlı qadağa qüvvəyə minib. Qadağanı pozanları müxtəlif məbləğlərdə cərimə gözləyir. Amma məsələ yalnız cərimə ilə bitmir. Hazırda ən çox müzakirə olunan sual bu qadağanın praktikada necə tətbiq ediləcəyidir.

Küçədə və ictimai yerlərdə protokolu kim yazacaq, vətəndaş necə müəyyən ediləcək, ilk mərhələdə xəbərdarlıq olacaqmı?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Ramil Süleymalı bildirib ki, dəyişiklik yalnız istifadə ilə məhdudlaşmır:

“İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 212-1-ci maddə aprelin 1-də qüvvəyə minib. Həmin maddəyə əsasən, ictimai yerlərdə elektron siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar.

Maddənin tələbinə görə, ölkədə elektron siqaretlərin və onların komponentlərinin istehsalı, satışı, idxalı və ixracı qanunvericiliklə qadağandır. Bu hallar aşkarlandığı təqdirdə məhsullar müsadirə olunmaqla, fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə ediləcəklər”.

R.Süleymanlının sözlərinə görə, qaydalara nəzarəti səlahiyyətli qurumlar, o cümlədən polis həyata keçirəcək:

“Qanunvericiliyə əməl edilməsinə nəzarəti, bunun üçün səlahiyyət verilmiş qurumların əməkdaşları, o cümlədən daxili işlər orqanları həyata keçirəcək. Nəzarət xüsusi texniki vasitələrlə də aparıla bilər.

Həmçinin, qanunsuz məhsulların aşkarlanması zamanı İqtisadiyyat Nazirliyi, daxili işlər orqanları və digər səlahiyyətli qurumlar tərəfindən fakt rəsmiləşdiriləcək, protokol tərtib olunacaq və müvafiq qaydada cərimənin tətbiqi üçün sənədlər aidiyyəti orqanlara və ya məhkəməyə göndəriləcək”.

Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib ki, elektron siqaretlərlə bağlı məhdudiyyət gözlənilən idi və bunun arxasında ciddi səbəblər dayanır.

“Elektron siqaretlərlə mübarizə məsələsi ətrafında artıq uzun müddətdir mübahisələr və müzakirələr gedir. Təbii ki, bu sahə ilə məşğul olan şəxslər də nəzərə almalı idilər ki, belə bir qanun qəbul oluna bilər. Əgər məsələ Milli Məclis səviyyəsinə qədər gedib çıxıbsa, qanun qəbul edilibsə, imzalanaraq qüvvəyə minibsə deməli, ciddi zərurət yaranıb.

Digər tərəfdən, mən düşünmürəm ki, elektron siqaret adi siqaretdən tam zərərsizdir. Əksinə, həkimlərin və ekspertlərin də fikrinə görə, insanların bir qismində elektron siqaretə qarşı yanlış inam formalaşıb. Guya ki, onun ziyanı yoxdur və rahat şəkildə istifadə etmək olar. Halbuki bu, belə deyil. Elektron siqaretin də zərəri var və ona alışqanlıq yaranır.

Ən narahatedici məqamlardan biri də odur ki, artıq çox gənc yaşlarda, 17, 18, 19 yaşlı şəxslər arasında elektron siqaret istifadəsi yayılmağa başlayıb. Onlar düşünürlər ki, bu vasitənin heç bir mənfi təsiri yoxdur. Amma əslində ziyanı var. Ola bilsin ki, adi siqaretdən müəyyən qədər az olsun, lakin bu, onun təhlükəsiz olduğu anlamına gəlmir.

Adi tütün məmulatlarının insan sağlamlığına vurduğu zərər son yüz ildə kifayət qədər elmi laboratoriyalarda və tədqiqat mərkəzlərində araşdırılıb. Hətta bununla bağlı konkret rəqəmlər də açıqlanıb. Məlumdur ki, tütünün tərkibində insan orqanizmi üçün zərərli olan, o cümlədən, yüzlərlə kanserogen maddə mövcuddur.

Elektron siqaretlərlə bağlı isə hələ bu səviyyədə geniş və əhatəli məlumat yoxdur. Amma mən hesab edirəm ki, onların da kifayət qədər zərəri var”.

O, hesab edir ki, qadağadan əvvəl vergi, rüsum və reklam məhdudiyyəti kimi addımlar daha effektiv ola bilərdi:

“Şəxsi fikrim belə idi ki, elektron siqaretlərin qarşısını almaq üçün əvvəlcə müəyyən rüsum və vergi mexanizmlərindən istifadə etmək, eyni zamanda, onların reklam və təbliğinin qarşısını almaq daha məqsədəuyğun olardı. Düşünürəm ki, bu tədbirlər də öz nəticəsini verə bilərdi.

Ancaq artıq bu istiqamətdə qərar verilibsə və mübarizə aparılması zəruri sayılıbsa, deməli, bunun ciddi əsasları var”.

Избранный
43
musavat.com

1Источники